“2020-ci il dinamikliyi və ziddiyyətli məqamları ilə yadda qaldı. Belə ki, ilin əvvəli bütün dünyada olduğu kimi ölkəmizdə də yeni növ koronavirus infeksiyasına qarşı mübarizə, sərhədlərin bağlanması kimi məqamlarla müşayiət olundu. Bu mübarizədə dövlət olaraq bir çox uğurlara imza ata bildik. Ölkə Prezidenti tərəfindən pandemiyaya qarşı mübarizə ilə bağlı tədbirlər planı qəbul olundu və icra edildi. Düşünürəm ki, Azərbaycan dövləti pandemiya sınağından üzüağ çıxdı. Təbii ki, 2020-ci il yalnız neqativ məqamları ilə deyil, həm də tarixi qalibiyyətimizlə yaddaşlara yazıldı”.
Bu fikirləri qəzetimizə açıqlamasında Ağ Partiyasının sədri Tural Abbaslı deyib. Onun sözlərinə görə, hələ iyul ayında Ermənistan-Azərbaycan dövlət sərhədində düşmən ölkənin törətməyə çalışdığı hərbi təxribatlar zamanı vətəndaşlarımız kütləvi şəkildə Ali Baş Komandanın çağırışına cavab verdi və könüllü olaraq orduya yazıldılar. Sentyabrın 27-də başlanan əks-hücum əməliyyatları isə 30 ilə yaxındır ki, işğal altında saxlanılan torpaqlarımızın azad edilməsi ilə nəticələndi: “44 günlük Vətən müharibəsi dövründə ordumuz, xalqımız, dövlətimiz, siyasi partiyalarımız bütün gücünü yalnız qələbəyə səfərbər etdi. Bu birlik, həmrəylik dünyanın müharibə tarixində yeni bir səhifənin, qəhrəmanlıq dastanının yazılmasına səbəb oldu. Bu gün dünyanın bir çox dövlətləri artıq öz hərbi taktikalarında dəyişikliklər edərək Qarabağ müharibəsindəki döyüş üslubunu öyrənirlər. Bundan başqa, xalqımız hərbi birliklə yanaşı, cəmiyyət olaraq birləşməyi bacardı. Ölkəmizdəki siyasi qüvvələr müxalifət-iqtidar fikir ayrılığını bir kənara qoyaraq yalnız qələbəyə kökləndi. Bu, erməniləri dəstəkləyən bir sıra qüvvələrə də layiqli cavab oldu. Beləliklə, uzun illərdən sonra öz doğma torpaqlarımıza qovuşduq. Fikrimcə, 2020-ci il müstəqillik tariximizin ən yadda qalan illərindən biri oldu”.
PƏRVİZ
- Oxunub: 2100 |
- Tarix: 06-01-2021 |
-
Çap et |