Yaxud radikal müxalifət və xaricdəki antimilli ünsürlər ermənilərlə sinxron hərəkət edərək Azərbaycanın şanlı qələbəsinə kölgə salmağa çalışırlar
Azərbaycan dövlətinin 44 gün davam edən Vətən müharibəsində işğalçı Ermənistan üzərində qazandığı möhtəşəm qələbə ermənipərəst dairələri narahat etdiyi kimi, özünü siyasi həmrəylikdən, milli birlikdən kənarda saxlayan radikal müxalifəti və onların xarici uzantılarını da qəm dəryasına qərq edib. Anti-Azərbaycan mərkəzlərin tezislərini özləri üçün istinadgaha çevirən radikal ünsürlər və onların xarici ölkələrdəki uzantıları sosial şəbəkələrdə, bir sıra internet resurslarında ölkəmizin uğurlarına kölgə salmağa çalışır, yalan informasiyalarla ictimai rəyi yanıltmağa cəhd göstərirlər. Bunun üçün ermənilərlə sinxron işləyən marginallar xəyanət etmək, milli maraqları satmaq üçün fürsət axtardıqlarını ortaya qoydular.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Müşfiq Məmmədli bildirib ki, Azərbaycan xalqının bir yumruq kimi birləşərək Vətən müharibəsində düşməni məğlub etməsi ölkəmizin milli maraqlarına düşmən kəsilən anti-azərbaycançı qüvvələri, eləcə də onların əlaltılarını narahat etməkdədir. Bunun nəticəsidir “sapı özümüzdən olan balta”lar çirkin təbliğatları ilə düşmən dəyirmanına su tökmək uğrunda canfəşanlıq edirlər. Millət vəkili qeyd edib ki, antimilli mövqeyi ilə seçilən radikal müxalifət ermənipərəst dairələrin tezislərini əsas götürərək sosial şəbəkələrdə yalanlar tirajlamağa çalışır və bununla da işğalçı, separatçı qüvvələrlə eyni mövqedən çıxış etdiklərini bir daha sərgiləyir: “Xarici ölkələrdə “siyasi mühacir” adı altında məskunlaşdırılmış antimilli şəbəkə isə həm sosial şəbəkələrdə, həm də əllərində olan internet resurslarında erməni maraqlarını müdafiə etməklə məşğuldurlar. Ermənilərin 44 günlük müharibə və onun nəticələri ilə bağlı sosial şəbəkələrdə yaymağa çalışdıqları dezinformasiyaları tirajlayan bu antimilli ünsürlər bir daha dövlət, xalq maraqlarına düşmən kəsildiklərini əməlləri ilə ortaya qoyur, ölkəmizə qarşı aparılan yalan, böhtan kampaniyalarında yer alırlar. Amma onlar bilməlidirlər ki, xalqımız da bu xainləri heç zaman unutmayacaq”.
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev bildirib ki, radikal müxalifət Azərbaycanda marağı olan və ölkəmizə qarşı qərəzli mövqe tutmuş xarici qüvvələr tərəfindən maşa kimi istifadə olunur. Onun sözlərinə görə, belələrinin 44 günlük Vətən müharibəsində Azərbaycanın möhtəşəm qələbəsi haqqında mənfi fikir söyləməyə haqları yoxdur və onların dedikləri heç bir əhəmiyyət daşımır: “Onlar həmişə ölkəmizə qarşı düşmənçilik mövqeyindən çıxış ediblər. Bu qrup cəmiyyətə heç bir təsiri olmayan, kənarda oturub camaata ağıl vermək istəyən bir kəsimdir. Vətən müharibəsi dönəmində Azərbaycanda olan 50 siyasi partiya birgə fəaliyyət göstərdi, bütövlükdə xalqımız həmrəylik nümayiş etdirdi. Bu radikallar müxalifət qüvvəsi, ümumiyyətlə qüvvə deyillər”.
Pərviz SADAYOĞLU
- Oxunub: 3900 |
- Tarix: 06-01-2021 |
-
Çap et |