Naxçıvan Muxtar Respublikasında Vətən müharibəsində iştirak edən və yaralanan hərbçilərimizin müalicəsi, onlara yüksək səviyyədə səhiyyə xidmətinin göstərilməsi diqqətdə saxlanılır.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu məqsədlə Muxtar Respublikanın Xəstəxanasının həkim briqadası Kəngərli rayonunda yaşayan Vətən müharibəsi qazilərini və onların ailə üzvlərini evdə müayinə etmək üçün humanitar tibbi aksiya keçirib.
16 nəfərdən ibarət həkim briqadasını uroloq, cərrah, travmatoloq, stomatoloq, nevropatoloq, fizioterapevt, reabilitoloq, sarğı tibb bacısı və laborantlar təmsil ediblər. Aksiya çərçivəsində Qarabağlar, Xok, Şahtaxtı kəndlərində yaşayan Vətən müharibəsində iştirak etmiş 18 yaralı hərbi qulluqçularımıza və onların ailə üzvlərinə xüsusi səhiyyə xidməti göstərilib. 3 qazi isə rentgenoloji və fizioterapevtik müayinə və müalicə üçün Naxçıvan Muxtar Respublika Xəstəxanasına dəvət edilib.
Vətən müharibəsi qaziləri Oqtay Məmmədov, Qabil Qasımov, Niyazi Əsədli, Elçin Cəfərli və Abbas Fərəcli onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində şəhid ailələrinə, Vətən müharibəsi qazilərinə və onların ailə üzvlərinə göstəriləcək səhiyyə xidmətinin keyfiyyətinə nəzarətin təmin edilməsi üçün komissiya yaradılıb. Komissiyanın təşkilatçılığı ilə aksiya Muxtar Respublikanın digər rayonlarında da keçiriləcək.
- Oxunub: 2610 |
- Tarix: 31-12-2020 |
-
Çap et |