Prezident İlham Əliyev: Milli dövlətçilik tariximizdə və xalqımızın yaddaşında əbədi yaşayacaq şanlı Zəfər xalq-iqtidar birliyi, ordumuzun yüksək peşəkarlığı və gərgin siyasi-diplomatik fəaliyyət sayəsində əldə edilmişdir
Artıq tarixə qovuşmaqda olan 2020-ci il Azərbaycan üçün bir sıra mühüm hadisələrlə yadda qalıb. Ölkəmizin gündəliyində duran vacib məsələlər sırasında yeni növ koronavirus pandemiyasına qarşı aparılan ardıcıl mübarizəni xüsusi qeyd edə bilərik. Məlum olduğu kimi COVİD-19-un ölkəmizdə qeydə alındığı ilk günlərdən Azərbaycan hökuməti yaranmış vəziyyətdən minimum itkilərlə çıxmaq, o cümlədən insanların sağlamlığını qorumaq, onların sosial müdafiəsini təmin etmək üçün milli səviyyədə zəruri tədbirlər görüb. Eyni zamanda, Azərbaycan məsuliyyətli dövlət kimi, qlobal pandemiyaya qarşı beynəlxalq həmrəyliyin güclənməsinə sanballı töhfələr verib. Respublikamızın təşəbbüsü ilə pandemiyaya qarşı mübarizə mövzusunda Türk Şurasının, tərkibində 120 dövləti birləşdirən Qoşulmama Hərəkatının Təmas Qrupunun videoformatda Zirvə görüşləri keçirilib. Dekabr ayında isə Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü əsasında və 150-dən artıq dövlətin dəstəklədiyi BMT Baş Assambleyasının koronavirusa qarşı dövlət və hökumət başçıları səviyyəsində Xüsusi sessiyası baş tutub. Prezident İlham Əliyevin bu günlərdə dünya azərbaycanlılarına ünvanladığı təbrikində bildirdiyi kimi, bu, Azərbaycanın qlobal proseslərdə fəal iştirakının, ölkəmizə olan hörmətin, beynəlxalq dəstəyin əyani göstəricisidir.
2020-ci ilin ölkəmiz, xalqımız üçün ən mühüm yekunu isə sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı qələbədir. Belə ki, 2020-ci il Azərbaycanın tarixində Zəfər ili kimi qalacaq.
Vətən müharibəsi Azərbaycan dövlətinin siyasi, iqtisadi və hərbi qüdrətini, xalqımızın iradəsini bütün dünyaya nümayiş etdirdi
Yuxarıda bəhs olunan təbrikində Prezident İlham Əliyev sentyabrın 27-də müharibənin başlamasının əsas səbəblərinə diqqət çəkib. Üç onillik ərzində Ermənistanın işğalçılıq siyasətindən əl çəkməməsi, son illərdə isə bu ölkənin yüksək çinli rəsmilərinin yeni ərazilər tutmaq iddialarını açıq şəkildə dilə gətirmələri, tez-tez təhrikedici açıqlamalar vermələri və düşmən dövlətin ardıcıl təxribatlara əl atması, əslində, müharibəni qaçılmaz etmişdi. Düşmən tərəf iyul ayında iki ölkə arasındakı dövlət sərhədinin Tovuz istiqamətində öz mövqelərini irəli çəkmək və yaxınlıqdan keçən enerji infrastrukturuna nəzarəti ələ keçirmək məqsədilə hərbi təxribat törətdi. Azərbaycanın Silahlı Qüvvələrinin ayıq-sayıqlığı nəticəsində bu təxribatın qarşısı alındı. Bundan sonra işğalçı ölkə Goranboy istiqamətində mövqelərimizə diversiya qrupu göndərdi. Düşmənin bu təxribatı da baş tutmadı - diversiya qrupunun rəhbəri əsir götürüldü. Sentyabr ayında Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasında beynəlxalq ictimaiyyəti Ermənistanın yeni müharibəyə hazırlaşması barədə xəbərdar etdi və bunun qarşısını almağa çağırdı. İşğalçı Ermənistan yenə dayanmadı və sentyabrın 27-də qoşunların təmas xəttində daha genişmiqyaslı təxribata əl atdı.
Deyilənlərdən də göründüyü kimi, müharibənin başlamasının bütün məsuliyyəti işğalçı Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. İşğalçı dövlətin ölkəmizə qarşı törətdiyi hərbi təcavüzə cavab olaraq Azərbaycanın Silahlı Qüvvələri Prezident, Ali Baş Komandan İlham Əliyevin göstərişi ilə əks-hücum əməliyyatlarına başladı. Dövlət başçımızın bildirdiyi kimi, Müzəffər Azərbaycan Ordusu hər anı qəhrəmanlıqlarla dolu 44 gün ərzində düşməni ağır məğlubiyyətə uğratmış və ölkəmizin ərazi bütövlüyünü bərpa etmişdir.
Vətən müharibəsi Azərbaycan dövlətinin siyasi, iqtisadi və hərbi qüdrətini, xalqımızın iradəsini bütün dünyaya nümayiş etdirdi. Bu məqamda Azərbaycanın Vətən müharibəsində şanlı qələbəsini şərtləndirən amillərə diqqət çəkmək yerinə düşər. Bu amillər sırasında son 17 ildə Prezident İlham Əliyevin ardıcıl şəkildə həyata keçirdiyi məqsədyönlü siyasət sayəsində Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün əlverişli hüquqi bazanın formalaşmasının önəmini xüsusi qeyd edə bilərik. Burada dövlət başçımızın qatıldığı bütün beynəlxalq platformalarda Ermənistanın işğalçılıq siyasətini, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin tarixi faktlara və beynəlxalq hüquqa əsaslanan prinsipial mövqeyini dünya ictimaiyyətinin diqqətinə çatdırması mühüm rol oynayıb.
Son 17 ildə Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində siyasi müstəvidə fəallıq göstərməklə yanaşı, həm də ölkəmizin iqtisadi, hərbi gücünün artırılması istiqamətində məqsədyönlü iş aparıb. Həyata keçirilən islahatlar, maliyyə resurslarının səmərəli idarə edilməsi, inkişaf prioritetlərinin düzgün müəyyənləşdirilməsi respublikamızı güclü iqtisadi dayaqlara malik ölkəyə çevirib. Qürurverici haldır ki, bu gün respublikamız MDB məkanında ən rəqabətqabiliyyətli iqtisadiyyata malikdir. Azərbaycan məhz özünün güclü iqtisadi imkanlarına əsaslanmaqla ordu quruculuğunu davamlı şəkildə diqqət mərkəzində saxlayıb. Hər il dövlət büdcəsindən Silahlı Qüvvələrimizin möhkəmləndirilməsi, döyüş hazırlığının artırılması məqsədilə bütövlükdə Ermənistanın ümumi büdcəsindən çox həcmdə maliyyə vəsaitləri ayrılıb. Belə davamlı diqqət öz bəhrəsini verib. Beynəlxalq reytinq agentliklərinin dəyərləndirmələrinə görə hazırda Azərbaycanın Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasında yer alır.
Ordumuzun xilaskarlıq missiyası yerinə yetirməsi Vətən müharibəsində qələbəmizi şərtləndirən amillər sırasında xüsusi yer tutur. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycanın Ermənistan ərazisində hər hansı bir hərbi məqsədi yoxdur. Yuxarıda bəhs olunan iyul təxribatı zamanı Silahlı Qüvvələrimiz hərbi əməliyyatları düşmən ölkənin ərazisinə keçirmək imkanına malik idi. Ancaq həmişə beynəlxalq hüquqa hörmətlə yanaşan Azərbaycan bunu etmədi. Ərazi bütövlüyümüzün təmin olunması isə ölkəmiz üçün bir nömrəli ümummilli məsələ idi. Müharibənin ölkəmiz üçün ədalətli xarakter daşıması və bizim ərazilərimizdə getməsi Ordumuzun əsgər və zabitlərinin döyüşlərə daha cəsarətlə və inamla atılmalarına güclü impuls verirdi. Prezident İlham Əliyev Vətən müharibəsində şanlı qələbəmizi təmin edən amillərə diqqət çəkərək “Milli dövlətçilik tariximizdə və xalqımızın yaddaşında əbədi yaşayacaq şanlı Zəfər xalq-iqtidar birliyi, ordumuzun yüksək peşəkarlığı və gərgin siyasi-diplomatik fəaliyyət sayəsində əldə edilmişdir”, - deyə bildirib.
Vətən müharibəsinin elə ilk günlərindən Azərbaycan Ordusu döyüş meydanında düşmənə sarsıdıcı zərbələr endirərək üstünlüyü ələ aldı. Qısa müddətdə Ordumuz 300-dək kəndi, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərlərini, çoxlu sayda strateji yüksəklikləri bilavasitə döyüş meydanında geri qaytardı. Noyabrın 8-də bizim hamımız üçün əziz olan Şuşanın xüsusi əməliyyatla işğaldan azad edilməsi ilə müharibənin taleyi böyük dərəcədə həll olundu. Ertəsi gün daha 70-dən çox yaşayış məntəqəsi, yeni strateji yüksəkliklər düşməndən təmizləndi. Hərbi resurslarının tükəndiyini, ordusunun darmadağın edildiyini dərk edən düşmən noyabrın 10-da onun üçün kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatı imzalamaq məcburiyyətində qaldı. Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları sənədə əsasən, düşmən dövlət üzərinə bir sıra öhdəliklər götürdü və dekabrın 1-dək Ağdam, Kəlbəcər və Laçın rayonlarını respublikamıza döyüşsüz təslim etdi.
İşğaldan azad edilən ərazilərə tezliklə həyat qayıdacaq
Onu da qeyd edək ki, bütün dünya müharibənin davam etdiyi 44 gün ərzində Ermənistan hərbi birləşmələrinin münaqişə bölgəsindən uzaqda yerləşən şəhər və kəndlərimizi, mülki obyektləri, dinc əhalini necə qəddarlıqla ağır artilleriyadan, qadağan olunmuş silahlardan atəşə tutduqlarının şahidi oldu. Bu atəşlər nəticəsində 100 dinc sakin həyatını itirib, 416 mülki şəxs yaralanıb, 4186 yaşayış evi, 135 çoxmənzilli yaşayış binası, 548 mülki obyekt yararsız hala düşüb.
Mənfur düşmən, həmçinin üç onillik ərzində işğal altında saxladığı ərazilərimizdə saysız-hesabsız müharibə cinayətləri törədib. Müdafiə Nazirliyinin işğaldan azad edilən şəhər və kəndlərimizdən təqdim etdiyi görüntülər acı təəssürat yaradır - bu yerlərdə bir dənə də olsun salamat bina yoxdur.
Düşmənin torpaqlarımızda törətdiyi müharibə cinayətləri hüquqi məsuliyyət yaradır. İşğalçı Ermənistan bütün bu cinayətlərə görə cavab verəcəkdir. Hazırda beynəlxalq ekspertlərin iştirakı ilə işğal dövründə ölkəmizə dəyən ziyan müəyyənləşdirilir və hüquqi müstəvidə zəruri prosedurlar həyata keçirilir.
İşğaldan azad olunan ərazilərimizdə düşmənin vandalizm əməllərinin izlərini görmək nə qədər kədərli olsa da, Azərbaycan xalqı və dövləti bu yerləri dirçəltmək, burada həyatı geri qaytarmaq əzmindədir. Buna inamını ifadə edən Prezident İlham Əliyev vurğulayıb: “Ermənistanın işğalı və vəhşiliyi nəticəsində başdan-başa dağıdılmış doğma Qarabağımızı əminəm ki, biz ən qısa zamanda əsl cənnətə çevirəcəyik”.
Qeyd edək ki, artıq Vətən müharibəsində işğaldan təmizlənən ərazilərimizdə bərpa işlərinə start verilib. Qısa müddətdə Şuşanın su təchizatı təmin olunub, həmçinin “Azərsu” şəhərə alternativ mənbələrdən su xəttinin çəkilməsi layihəsi üzərində iş aparır. Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama əsasən ümumi uzunluğu 101,5 kilometr olan Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 50,0 (əlli) milyon manat ayrılıb. Bu yolun çəkilməsi Azərbaycan və Türkiyə şirkətlərinin iştirakı ilə həyata keçiriləcək və artıq bununla bağlı müqavilə imzalanıb. Dövlət başçısının imzaladığı digər Sərəncamla Bərdə-Ağdam dəmir yolu xəttinin layihələndirilməsi və tikintisi üçün “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə ilkin olaraq 5,0 (beş) milyon manat ayrılıb. Hazırda işğaldan təmizlənən ərazilərimizdə “Azərişıq Qarabağda” layihəsi uğurla reallaşdırılır. Layihə çərçivəsində “Azərişıq” ASC tərəfindən ilk mərhələdə xüsusi dövlət əhəmiyyətli binaların elektrik enerjisi ilə təchizatının təcili təmin olunması üçün təxirəsalınmaz işlər görülür. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, işğaldan azad olunan ərazilərdə bərpa işlərinə dost ölkələrin şirkətləri də cəlb olunacaqlar. Biz yuxarıda Türkiyə ilə imzalanan müqavilədən bəhs etdik. Daha bir müqavilə işğaldan azad edilən ərazilərimizdə elektroenergetika infrastrukturunun yaradılması məqsədilə “Azərenerji” ASC ilə İtaliyanın “Ansaldo Energia” şirkəti arasında videokonfrans formatında imzalanıb.
İşğaldan azad edilmiş ərazilərin iqtisadi potensialından səmərəli istifadə olunması da gündəlikdə duran vacib məsələlərdəndir. Artıq bununla bağlı müvafiq dəyərləndirmə işlərinə və müxtəlif sahələri əhatə edən layihələrin hazırlanmasına başlanılıb.
Mübariz ABDULLAYEV
- Oxunub: 2580 |
- Tarix: 31-12-2020 |
-
Çap et |