Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azərbaycan xalqının Zəfər ili: 2020-ci ilin yekunları

Azərbaycan xalqının Zəfər ili: 2020-ci ilin yekunları

30.12.2020 [17:06]

Artıq 2020-ci ili başa vururuq. Bu il xalqımızın milli birlik, Qələbə, Qarabağ həsrətinin bitdiyi ildir. Bu il çətin başladı. Dünyanı bürüyən pandemiya Azərbaycandan da yan keçmədi. Hər gün müxtəlif ölkələrdən virusa yoluxanların, vəfat edənlərin sayı ilə bağlı dəhşətli statistika açıqlanır. Hazırda hər bir dövlət pandemiya ilə mübarizə aparır və çalışır ki, öz vətəndaşını maksimum ağır vəziyyətdən minimum itkilərlə çıxarsın.

Azərbaycan dövləti də insanları qorumaq üçün bütün zəruri tədbirləri görür. Dövlətimizin başçısı İlham Əliyev insan amilini üstün tutduğunu 2020-ci ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə də bildirərək deyib: “Çünki biz açıq-aydın başa düşürük ki, bu məhdudlaşdırıcı tədbirlər iqtisadiyyata ziyandır. Burada biz iki amil arasında seçim etməliyik – iqtisadi fəallıq, insanların sağlamlığı. Mənim seçimim birmənalıdır – insanların sağlamlığı. Ona görə bu məhdudlaşdırıcı addımlar atıldı. Biz, əlbəttə, bəri başdan bilirdik ki, bu, iqtisadi fəallığa mənfi təsir göstərə bilər, istər-istəməz müəyyən şayiələrin yayılmasına, iqtisadi sahədə müəyyən narahatlığa gətirib çıxara bilər. Biz bunu şüurlu şəkildə etdik ki, insanlarımızı, onların həyatını qoruyaq. Çünki bundan daha qiymətli heç nə yoxdur. İqtisadiyyat bir il tənəzzülə uğraya bilər, başqa il arta bilər, hər halda, hər şey nəzarət altındadır”. Bu qədər səmimi və inamlı səslənən fikir bir daha sübut edir ki, dövlət insana və onun sağlamlığına yüksək dəyər verir, bütün imkanları səfərbər edir ki, onu təhlükədən qorusun.

Bu fikirləri AƏZRTAC-a açıqlamasında Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova bildirib.

Hicran Hüseynova qeyd edib: “İnamla deyə bilərik ki, Azərbaycan pandemiyanın başladığı ilk günlərdən mübarizədə özünəməxsus yol seçən ölkələrdəndir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Hökumət koronavirus infeksiyasının yayılmasının qarşısını almaq, onun iqtisadiyyata və insanların sosial vəziyyətinə vurduğu zərəri qarşılamaq üçün vaxtında və uğurlu tədbirlər hazırlayaraq həyata keçirir. Elə bu layihələrin də əsasında insan, onun rifahı, sosial cəhətdən müdafiəsi dayanır. Prezident Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradaraq özü və Birinci vitse-prezident bir illik maaşlarını həmin quruma köçürdülər. Ümumiyyətlə, Prezident İlham Əliyev həm dövlət başçısı, həm də bir vətəndaş kimi bu mübarizənin önündə dayanaraq digər ölkələrin rəhbərlərinə də bir nümunədir”.

Azərbaycanın virusun yayılmasının qarşısını almaq məqsədilə vaxtında zəruri tədbirlər həyata keçirdiyini bildirən komitə sədri qeyd edib: “COVID-19-la bağlı yaranmış vəziyyətə müvafiq olaraq adekvat addımlar atılıb. Bu gün ölkə üzrə koronaviruslu xəstələr 46 dövlət xəstəxanasında müalicə olunur. Pandemiya başladığı zaman bizim 6 funksional laboratoriyamız var idi. Hazırda fəaliyyətdə olan laboratoriyaların sayı 40-dan artıqdır. Pandemiyanın mənfi təsirinin qarşısının alınması məqsədilə hökumət tərəfindən 2,5 milyard ABŞ dolları həcmində iqtisadi-sosial yardım və maliyyə dəstəyi paketi təqdim edilmişdir. Sosial yardım tədbirləri 5 milyon insanı əhatə edir ki, bu da ölkə əhalisinin yarısı deməkdir. Koronavirusla mübarizə heç bir xarici maliyyə dəstəyi olmadan, yalnız daxili mənbələr hesabına maliyyələşdirilib.

Pandemiya başlayandan Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx təmasdadır. Bu qurum Azərbaycanı pandemiya ilə mübarizədə nümunəvi ölkə adlandırıb. Hökumət Ümumdünya Səhiyyə Təşkilatına ümumilikdə 10 milyon ABŞ dolları həcmində iki dəfə könüllü maliyyə dəstəyi göstərib. Bununla yanaşı, bu günədək Azərbaycan 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı edib.

Aparılan qətiyyətli tədbirlərin nəticəsidir ki, bütün çətinliklərə baxmayaraq, ölkəmizdə iqtisadi azalma olsa da, bu, digər ölkələrlə müqayisədə çox az olacaq. Koronavirus pandemiyasının yaratdığı qlobal böhran bütün dünya ölkələrində iqtisadi artımın geriləmə ilə əvəz olunmasına gətirib çıxaracaq. Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozuna görə, Asiya və Avropanın inkişaf etmiş ölkələrində, həmçinin ABŞ-da 2020-ci ilin yekununda 5 faizdən yuxarı iqtisadi azalma qeydə alınacaq. Eyni zamanda, pandemiya nəticəsində qlobal iqtisadiyyat ümumilikdə 2020-ci ildə 3 faiz, Orta Şərq və Mərkəzi Asiyanın neft ixrac edən ölkələrinin iqtisadiyyatı isə 3,9 faiz azalacaq. Fond ilin sonuna Azərbaycan iqtisadiyyatının cəmi 2,2 faiz kiçiləcəyini gözləyir. Bu isə o deməkdir ki, ölkəmiz Orta Şərq və Mərkəzi Asiyada neft-qaz ixrac edən 11 ölkə arasında pandemiyadan ən az zərər çəkənlərin ilk üçlüyündədir”.

Hicran Hüseynova qeyd edib ki, Prezident İlham Əliyev yalnız dövlət başçısı kimi deyil, həm də beynəlxalq təşkilatların rəhbəri kimi də təqdirəlayiq addımlar atdı. Bu çətin günlərdə Azərbaycan Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyev Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşünün keçirilməsi təşəbbüsünü irəli sürdü. Eyni zamanda, dövlətimizin başçısı Azərbaycanın pandemiyaya qarşı apardığı mübarizə təcrübəsini, tətbiq edilən təcrid tədbirləri, sosial proqramları və əldə edilə nəticələri iştirakçıların nəzərinə çatdırmaqla bu sahədə də Azərbaycan təcrübəsini təqdim etdi. Sonra Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən Zirvə görüşü Qoşulmama Hərəkatının digər beynəlxalq təsisatlar və dünya birliyi ilə əməkdaşlığa hazır olduğunu göstərdi. Eyni zamanda, müzakirələrin Təmas Qrupu formatında keçirilməsi yeni və səmərəli bir mexanizm kimi də bir ilk idi. Bu görüşdə Azərbaycanın qardaşlıq və dostluq münasibəti bir daha təsdiq olundu. Belə ki, pandemiyaya qarşı mübarizədə ən çox yardıma ehtiyacı olan Qoşulmama Hərəkatı üzv dövlətlərini dəstəkləmək üçün Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına əlavə ianə ayırdı. Bu vəsait Azərbaycanla razılaşıldırmaqla yardıma ən çox ehtiyac duyan Afrika, Asiya və Latın Amerikası regional qruplarından olan üzv ölkələr üçün nəzərdə tutulur. Görüşün əhəmiyyətli cəhətlərindən biri də COVID-19-un mənfi təsirlərinin aradan qaldırılması məqsədilə post pandemiya dövr üçün iqtisadiyyat, ticarət, nəqliyyat və digər sahələrdə əməkdaşlıq üzrə səylərin daha da artırılmasının faydalı olmasının səsləndirilməsi idi. Bu əlaqələrsiz, münasibətlərsiz dövlətlərin inkişafını və yaranmış çətinlikləri həll etməsi mümkün deyil. Azərbaycan Prezidentinin təşəbbüsü ilə BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyasının keçirilməsinin 130-dək dövlət tərəfindən dəstəklənməsi çox mühüm hadisədir. Beləliklə, Azərbaycan nəinki milli səviyyədə COVID-19-la mübarizədə səmərəli tədbirlər görür, eyni zamanda, regional və qlobal miqyasda da koronavirusa qarşı həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə əhəmiyyətli töhfəsini verir. Bütün bunlar isə Azərbaycanın dünyada getdikcə geosiyasi əhəmiyyətini artırır.

Ölkəmizdə yeni siyasi konfiqurasiya, siyasi mədəniyyət və dialoq mühitinin formalaşdığını bildirən komitə sədri vurğulayıb: “Siyasi partiyalar ərazi bütövlüyümüzün bərpası üçün mübarizədə həmrəylik nümayiş etdirirlər. Vətən müharibəsi zamanı 51 partiya vahid mövqe ilə Ali Baş Komandanı birmənalı şəkildə dəstəklədi. Eyni zamanda, bu partiyalar tərəfindən beynəlxalq təşkilatlara Azərbaycanın haqq səsini əks etdirən birgə müraciətlər ünvanlanladılar. Həmçinin ölkədə 2019-cu ildən başlanan kadr islahatları, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə davam etdirildi”.

Hicran Hüseynova diqqətə çatdırıb ki, nəhayət, 2020-ci ildə 30 ilə yaxın həsrətində olduğumuz torpaqlarımızı erməni faşizmindən azad etdik. Biz həmişə bu ümidlə yaşamışıq ki, bir gün öz doğma torpaqlarımıza qayıdacağıq. Lakin uzun illər ATƏT Minsk qrupunun səmərəsiz fəaliyyəti, Ermənistanın heç bir hüquqa, norma və prinsiplərə əməl etməməsi bizim bir xalq olaraq səbrimiz tükəndirirdi. Lakin hadisələrin gedişi qarşı tərəf danışıqları pozmaqda qərarlıdır. Bu ilin iyul ayında Tovuzda hərbi təxribat törətdi, avqustda isə erməni hərbi diversant dəstəsinin niyyətləri hərbçilərimiz tərəfindən darmadağın edildi. Ancaq təxribatlar davam edirdi. Sentyabrın 24-də Prezident İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasında çıxış edərək bildirdi ki, “Ermənistanın baş naziri Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etməyə məcbur ediləcək on minlərlə mülki vətəndaşdan ibarət silahlandırılmış mülki könüllülər dəstələrinin yaradılmasını elan etmişdir. Ermənistanın müdafiə naziri “yeni ərazilər uğrunda yeni müharibəyə” çağırır. Ermənistan Azərbaycanın böyük şəhərlərinə və mühüm mülki infrastrukturuna – Mingəçevir su anbarı və Bakının yaxınlığında yerləşən dünyanın ən iri neft-qaz terminallarından biri olan və onlarla dövlətin enerji təhlükəsizliyini təmin edən Səngəçal terminalına zərbə endirməklə hədələyir”. Bu və digər məsələləri diqqətə çatdıran Prezident İlham Əliyev BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanı növbəti hərbi təcavüzdən çəkindirməyə çağırdı. Lakin əlbəttə ki, Ermənistan həmişə olduğu kimi, bu dəfə də heç bir hüquq, norma və prinsip gözləməyərək təxribat törətmək istədi və Ordumuz əks-həmlə əməliyyatları ilə düşmənə layiqli cavab verdi. 44 günlük Vətən müharibəsi xalqımızın inamını özünə qaytardı. Bu gün həqiqətən də vahid mövqe, xalq- dövlət-ordu birliyi var. Tam qələbəyə nail olmaq, torpaqlarımızı mənfur terrorçulardan azad etmək üçün Hər kəs öz töhfəsini verdi. Milli Məclis də bu prosesdən kənarda qalmadı. Milli Məclisin rəhbərliyinin dəstəyi ilə müvafiq komitələr, o cümlədən, ailə, qadın və uşaq komitəsi adından bir sıra müvafiq beynəlxalq təşkilatlara, həmçinin parlamentlərarası dostluq qruplarının rəhbərlərinə müraciətlər ünvanlandı.

Yüksək hazırlıqlı, savadlı, mərd, qorxmaz əsgər və zabitlərimiz bir an belə tərəddüd etmədən bir əlində bayraq, bir əlində silah, yüksək əzmlə, iradə ilə sinəsini sipər edərək döyüşdü, qarış – qarış, addım – addım torpaqlarımız düşməndən azad etdi və qalib gəldi. Vətən müharibəsinin ən böyük və qürurverici mübarizəsi Şuşa uğrunda gedən döyüşlərdir. Azərbaycan əsgəri çox çətin coğrafi şəraitdə, yaralı qardaşını, şəhid qardaşını çiyninə alıb, heç bir hərbi texnikadan istifadə etməyərək düşmənlə üz-üzə vuruşdu və qalib gəldi. Bir daha sübut etdi ki, Azərbaycan əsgəri qəhrəmandır, igiddir və o illərlə qarşı tərəfin uydurduğu mifi məhv etdi. Bu gün başımız dikdir, alnımız açıqdır, çünki, soydaşlarımıza qarşı edilən haqsızlığın, ədalətsizliyin, Xocalı soyqırımının qisasını alındı. Bu Qələbə azərbaycanlılar haqqında məğlub xalq sindromunu sındırdı, xalqın inamını özünə qaytardı. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz məqsədinə nail olacaqdır. Biz bu Zəfəri bizə yaşatdıqları üçün şəhidlərimizin ruhu qarşısında baş əyirik, yaralılara tezliklə sağalmalarını arzu edirik. Bizim hamımız onlara borcluyuq.

Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir. Ermənistan və onun havadarları tərəfindən hərbi əməliyyatları dayandırmaq üçün Azərbaycan diplomatik və siyasi təzyiqlər göstərildi. Prezident İlham Əliyev qəti siyasi iradəsini nümayiş etdirdi, bütün təzyiqlərə mərdanə şəkildə sinə gərərək onları dəf etdi, öz prinsipial mövqeyindən dönmədi. Düşmən və onun himayədarlarının işğala və tədricən Azərbaycan ərazilərinin birləşdirilməsinə əsaslanan planları alt-üst oldu. Regionda Azərbaycanın maraqlarına cavab verən yeni siyasi reallıq yarandı. Bizim mübarizəmizin fəlsəfəsini, mahiyyətini bildirən prezident qeyd etdi ki, “Düşmən oğru, əxlaqsız, vicdansız bir düşməndir. Mən bir daha demək istəyirəm ki, bizim parlaq qələbəmiz təkcə ölkəmizin ərazi bütövlüyümüzün bərpası deyil”. Bu, şərlə xeyir qüvvələrinin mübarizəsidir. Şər qüvvələri məğlub olub, ancaq biz qalib gəlmişik. Çünki biz qurub-yaradanıq. Ermənilər isə bunu ediblər, dağıdıblar”. Biz, sözün əsl mənasında, şərlə, iblislə mübarizə aparırıq, görünməmiş vəhşiliklər törədən, təkcə canlıya deyil, cansız varlıqlara qarşı da işgəncə verən bu quldurlar ancaq dağıtmaq, şərləmək, böhtan atmaq, öldürmək bacarır.

“Bu gün artıq məcburi köçkünümüz yoxdur, onlar tezliklə doğma ata-baba yurdlarına dönmək arzusundadırlar. Aparılan təhlillər də bu fikri təsdiq edir. Sosial Tədqiqatlar Mərkəzinin araşdırmalarına görə, ölkə əhalisi arasında məcburi köçkün statusuna malik ailələrin aid olduğu rayona qayıtması ilə bağlı müxtəlif fikirlər olsa da, məcburi köçkünlərin verdikləri cavab birmənalıdır. Sorğuda iştirak edən respondentlərin mütləq əksəriyyəti, başqa sözlə, 98 faizi yaxın gələcəkdə azad edilmiş rayonlarına qayıtmağı planlaşdırır. Qayıtmaqla bağlı planlar gənclər arasında da geniş yayılıb. Gənc respondentlərin 96 faizi işğaldan azad olunan ərazilərə qayıtmağı planlaşdırır. Nəticələr əksər məcbur köçkün ailələrində qayıdış planının olduğunu göstərir. Respondentlərin böyük əksəriyyəti, yəni 83,2 faizi bütün ailə üzvləri ilə birgə qayıtmağı planlaşdırır. Bu insanlar 30 ilə yaxındır ki, evlərinin açarlarını, sənədlərini saxlayırdılar. Əlbəttə biz azad edilmiş kənd, qəsəbə və şəhərlərimizin düşən tərəfindən xarabaya çevrilməsini, mədəni, tarixi, dini irsimizin və abidələrimizin dağıdıldığını, təhqir edildiyini görəndə çox kədərlənirik. Cənab Prezidentin dediyi kimi, onlar düşünürdülər ki, bu dağıntılardan sonra heç vaxt Azərbaycan əhalisi bura qayıtmayacaq. O məqsədlə buraları dağıdıblar. Amma səhv ediblər. Biz qayıtmışıq, durmuşuq burda, öz doğma torpaqlarımızda, Bütün buraları yenidən bərpa edəcəyik. Proses artıq başlayıb. Tezliklə erməni işğalından azad edilən ərazilərimiz əvvəlki həyatına qayıdacaq, daha abad olacaq”, - deyə H.Hüseynova qeyd edib.

Paylaş:
Baxılıb: 262 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30