İl ərzində Türkiyə ərazisində və ölkə xaricində həyata keçirilən 200-dən çox əməliyyat nəticəsində 3646 terrorçu zərərsizləşdirilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar məlumat verib.
Nazir bildirilib ki, beləliklə 2015-ci il iyulun 24-dən etibarən terrorçularla mübarizə istiqamətində başladılan yeni müddətdə bu günə qədər zərərsizləşdirilən terrorçuların sayı 30 min 416-ya çatıb. 2016-cı il iyulun 15-dən indiyədək terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinən 20 min 833 nəfər Türkiyə Silahlı Qüvvələri sıralarından xaric olunub.
İl boyu terror təşkilatlarına qarşı həyata keçirilən əməliyyatlar zamanı terrorçulara məxsus çoxlu sayda mövqe və sığınacaqların sıradan çıxarıldığını deyən nazir bu istiqamətdə əməliyyatların davam etdiyini bildirib.
Miqrantlarla bağlı danışan nazir deyib ki, il ərzində 82 min 229 nəfər Türkiyə sərhədini qanunsuz yollarla keçmək istəyərkən saxlanıb. Türkiyə Silahlı Qüvvələri tərəfindən Suriyanın şimalının terrorçulardan təmizlənməsinin nəticəsində 450 mini İdlibdə olmaqla ümumilikdə bir milyondan çox suriyalı öz doğma torpaqlarına könüllü qayıdıb.
- Oxunub: 2040 |
- Tarix: 30-12-2020 |
-
Çap et |