Ermənistanın müharibədə düçar olduğu acı məğlubiyyət, onlar üçün yaranan faciəvi nəticələr ən yüksək səviyyədə etiraf olunur. Prezident İlham Əliyev çıxışlarında bildirmişdi ki, Ermənistanda rasional düşüncəli insanlar, siyasətçilər var və onlar Ermənistanın bugünkü vəziyyətinin çox acınacaqlı olması haqqında özləri artıq Ermənistan ictimaiyyətinə öz fikirlərini çatdırırlar. Görünür, hələ də belə insanlar var. Artıq ağır vəziyyət o dərəcədə pik səviyyədədir ki, aydın mənzərəni görən və bunu adekvat dəyərləndirməyi bacaran Ermənistanın rəhbər vəzifəli şəxsləri mövcud durumu etiraf etməyə məcbur qalıblar. Belə ki, 44 günlük müharibə və ağır məğlubiyyət Ermənistanda köklü sosial, iqtisadi böhrana səbəb oldu, insanlarda gərgin mənəvi-psixoloji durum yarandı ki, bütün bunlar da nəticə etibarilə ölkədə daxili qarşıdurmanın pik həddə çatmasına səbəb oldu.
Bu fikirləri AZƏRTAC-a politoloq Şəbnəm Həsənova bildirib.
Şəbnəm Həsənova qeyd edib ki, yaranmış mövcud durum Ermənistan prezidenti Armen Sarkisyanı artıq Ermənistanın müxtəlif istiqamətlərdə tənəzzül etdiyini açıq şəkildə dilə gətirməyə vadar edib. Sarkisyan nəhayət, etiraf edib ki, Ermənistan güclü ordusu olduğunu iddia etməsinə baxmayaraq, reallıqda belə bir ordu mövcud deyil. 26 il ərzində Azərbaycanda ordu quruculuğu istiqamətində real addımlar atılıb, müasir texnologiyalar tətbiq edilib, Ermənistanda isə vəziyyət deyildiyi kimi deyil. Deməli, Ermənistanda dövlətçiliyin dağıdılması prosesi uzun illər ərzində gedib. Bu gün isə təkcə Ermənistan dövlətçiliyinin deyil, erməni insanının imicinə də böyük zərbə vurulub. Bütün bunları etiraf edən Sarkisyan yaranmış vəziyyətdən çıxış yolunu hökumətin istefasında görür. Bütün dünyada Azərbaycanın əleyhinə çalışan erməni diasporu və hakimiyyəti arasında bu gün möhkəm divarlar hörüldüyünü Sarkisyan etiraf edib. O diaspor ki, erməni xalqının güzəranı və aqibəti barədə düşünmür, Ermənistan hakimiyyətinə Qərb dairələrinin diktəsi ilə siyasət yürütməsinə təsir göstərməyə fokuslanmışdı. Əldə olunan nəticə isə göz önündədir.
Ermənistanın dərin böhran içində olmasının bir göstəricisi də insanların emosional-psixoloji baxımdan çökmüş vəziyyətidir. Minlərlə gəncin ölümü həm cəmiyyət, həm onların ailələri üçün faciədir. Koronavirusun da gətirmiş olduğu çətinliklər, həm də müharibədə itkilər səhiyyə sahəsində olan boşluqları daha da üzə çıxarıb. Demoqrafiya məsələlərində də Ermənistan uduzdu. Azərbaycan təkcə döyüş meydanında və diplomatik masada qalib deyil, eyni zamanda, informasiya və media müstəvisində qalibdir və hələ də aktiv mübarizə aparır. Ermənistanda isə qüvvələr bir-birini ittiham edir, hakimiyyət üstündə dava gedir.
“Düşünürəm ki, Ermənistan hakimiyyətinin illərlə öz cəmiyyətini aldatması, real durumu onlardan gizlətməsi, dünyada məğlubedilməz orduları haqqında mif yaratmaları, bütövlükdə müharibədə uğradıqları məğlubiyyətin ağır yükünü təkcə Ermənistanın bugünkü nəsli deyil, gələcək nəsli də daşıyacaq. Bu baxımdan nə qədər ki, gec deyil, Ermənistan artıq aqressiv siyasət yürütməkdən əl çəkməli, region dövlətləri ilə ədavətə son qoymalı, Azərbaycan və Türkiyə ilə ortaq nöqtələr tapmalıdır. Ancaq belə olan halda Ermənistan düçar olduğu iqtisadi və siyasi çətinliklərin məngənəsindən yaxa qurtara bilər. Ermənistanın bu duruma düşməsinin əsas səbəbi isə onun rəhbərlərinin apardığı işğalçılıq siyasəti, Azərbaycanın məqsədyönlü siyasi kursu və möhtəşəm Qələbəsidir”, - deyə politoloq bildirib.
- Oxunub: 3210 |
- Tarix: 30-12-2020 |
-
Çap et |