“Yola saldığımız 2020-ci il Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun əldə etdiyi tarixi zəfər sayəsində ölkəmiz üçün uğurlu oldu. Bu tarixi qələbə nəticəsində 30 ildən çox işğal altında qalan torpaqlarımız azad olundu, Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa edildi. Bu qələbə Azərbaycan tarixi üçün o qədər möhtəşəm hadisədir ki, təkcə ölkəmizdə yox, dünyanın hər bir guşəsində yaşayan həmvətənlərimiz bu möhtəşəm zəfərin sevincini və qürurunu yaşayır. Sevindirici haldır ki, bu il soydaşlarımız Dünya Azərbaycanlılarının Həmrəylik Gününü böyük qürur hissi ilə qeyd edir”.
Bu fikirləri qəzetimizə açıqlamasında Vətəndaş Birliyi Partiyasının sədri, Milli Məclisin deputatı Sabir Hacıyev deyib.
Partiya sədrinin sözlərinə görə, dövlət başçımızın da xalqa müraciətində vurğuladığı kimi, əldə edilən qələbəyə Vətənimizin taleyüklü məqamında eyni mövqedən çıxış edən siyasi qüvvələrin də töhfəsi olub: “Belə ki, Vətən müharibəsinin ilk günündən Azərbaycan dövlətinin və xalqının maraqları naminə Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşən siyasi qüvvələr birgə bəyanat verərək öz dəstəklərini nümayiş etdirdilər. Sözsüz ki, siyasi partiyaların bu dərəcədə birlik və həmrəylik nümayiş etdirməsində Azərbaycan Prezidenti İlham Əliyevin son illərdə həyata keçirdiyi siyasi islahatların, o cümlədən Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin yaradılması, müvafiq şöbənin rəhbərliyinin səmərəli fəaliyyətinin mühüm rolu olub. Ən azı ona görə ki, siyasi dialoq prosesinin dərinləşdirilməsi istiqamətində atılan addımlar dövlətin maraqları tələb edəndə siyasi partiyaların əksəriyyətinin yekdil mövqedən çıxış etməsinə şərait yaradıb. Qeyd edilənləri nəzərə alaraq, birmənalı şəkildə, demək olar ki, 2020-ci il Azərbaycan üçün tarixi önəmə malik hadisələrlə zəngin və uğurlu il olub”.
Qaşqay ZİYƏDDİNOĞLU
- Oxunub: 3930 |
- Tarix: 30-12-2020 |
-
Çap et |