“2020-ci il bir sıra mühüm hadisələrlə müşayiət olundu. Bu il Azərbaycan xalqı və dövləti üçün uğur ili kimi tarixə yazıldı. Məhz 2020-ci ildə Azərbaycanın uzun illərdir işğal altında olan torpaqları azad edildi, ərazi bütövlüyümüz təmin olundu. XXI əsrin üçüncü onilliyinə qədəm qoyduğumuz yeni il ölkəmizin həyatında yeni mərhələnin başlanğıcı sayıla bilər”.
Bu fikirləri qəzetimizə açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə deyib.
Onun sözlərinə görə, bu ilin sentyabrın 27-dən erməni təxribatlarına qarşı başlanan uğurlu əks-həmlə əməliyyatları noyabrın 10-da Ermənistanın məğlub dövlət qismində üçtərəfli Bəyanata imza atması və Azərbaycanın parlaq qələbəsini tanıması ilə yekunlaşdı. “Vətən müharibəsində qazanılan qələbə istər xalqımız, istərsə də dövlətimiz üçün mühüm əhəmiyyət kəsb edirdi. Müharibə başlanan gündən ölkəmizdə müşahidə olunan milli həmrəylik, milli birlik bu qələbədə böyük rol oynadı. Qeyd etməliyəm ki, 2020-ci il həm də ölkəmizdə yeni siyasi konfiqurasiyanın qurulması, dialoq mühitinin genişləndirilməsi ilə əlamətdar oldu. İstər müharibə dövründən qabaq, istərsə də aktiv döyüşlərin aparıldığı dövrdə Azərbaycanın siyasi qüvvələri birlik bəyanatı imzalayaraq dövlətin, ölkə Prezidentinin apardığı siyasəti dəstəklədiklərini bəyan etdilər. Müharibədən sonra da siyasi dialoq prosesinin davamlı xarakter daşıması mühüm əhəmiyyət kəsb edir. Bir sıra partiyaların dövlət qeydiyyatına alınması və yeni qərargahla təmin olunması prosesi davam edir. Ümumiyyətlə, yeni siyasi konfiqurasiyanın formalaşması ölkəmizin gələcək inkişafı baxımından böyük önəm kəsb edir”, - deyə A.Əlizadə əlavə edib.
PƏRVİZ
- Oxunub: 1800 |
- Tarix: 30-12-2020 |
-
Çap et |