Ana səhifə »  Xəbər lenti »  2021-ci ilin büdcə zərfinə daxil olan qanunlar Milli Məclisdə üçüncü oxunuşda qəbul olunub
A+   Yenilə  A-
2021-ci ilin büdcə zərfinə daxil olan qanunlar Milli Məclisdə üçüncü oxunuşda qəbul olunub

Dekabrın 29-da Milli Məclisin sədri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin növbəti plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Baş nazir Əli Əsədov və hökumət üzvləri iclasda iştirak ediblər.

Əvvəlcə 17 məsələdən ibarət gündəlik təsdiqlənib. Milli Məclisin spikeri məlumat verib ki, gündəliyin ilk 9 məsələsi dövlət büdcəsi və büdcə zərfinə daxil olan digər qanun layihələridir. Bu gün parlament üçüncü oxunuşda müzakirəyə çıxarılan həmin qanun layihələrinə münasibətini bildirəcək.

İclasda “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” (üçüncü oxunuş) qanun layihəsini iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edib. Bildirib ki, qalib dövlətin büdcəsi, həmçinin manat ifadəsində ən böyük büdcə kimi xarakterizə olunan 2021-ci ilin dövlət büdcəsinin layihəsi Milli Məclisin komitələrində və plenar iclaslarda ətraflı və geniş müzakirə olunub. Həmin iclaslarda maliyyə və iqtisadiyyat nazirləri, Mərkəzi Bankın, Hesablama Palatasının rəhbərləri fəal iştirak ediblər. Büdcə layihəsi birinci və ikinci oxunuşda deputatlar tərəfindən müsbət qiymətləndirilib. Eyni zamanda, deputatlar müzakirələr zamanı müxtəlif təkliflərlə çıxış ediblər.

Komitə sədri qeyd edib ki, dövlət başçısı tərəfindən aparılan islahatlar və atılan qətiyyətli addımlar nəticəsində 2020-ci ildə Azərbaycan iqtisadiyyatında dayanıqlıq müşahidə olunub. 2021-ci ildə iqtisadiyyatımızın artım mərhələsinə qədəm qoyması, makroiqtisadi sabitliyin yeni ildə də qorunub saxlanılması üçün planlaşdırılan tədbirlər üçün ayrılan maliyyə vəsaitləri deputatlar tərəfindən müsbət qiymətləndirilib. Gələn ilin dövlət büdcəsi “Büdcə sistemi haqqında” Qanunun tələblərinə uyğun hazırlanıb, ictimai müzakirələr üçün açıq dərc edilib. KİV-lərdə və telekanallarda çıxış edən millət vəkilləri, ekspertlər 2021-ci il dövlət büdcəsinin layihəsini qarşıda duran çağırışlara və ölkənin təhlükəsizliyinə cavab verən, əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən sənəd kimi qiymətləndiriblər. İşğaldan azad olunan ərazilərin sürətlə iqtisadiyyatımıza inteqrasiyası üçün büdcədə nəzərdə tutulan imkanlar yüksək dəyərləndirilib. Hesablama Palatası da büdcə layihəsinə müsbət rəy verib.

Tahir Mirkişili bir daha deputatların nəzərinə çatdırıb ki, 2021-ci ilin dövlət büdcəsi layihəsində büdcə gəlirləri 1 milyard 303 milyon manat artırılaraq 25 milyard 427 milyon manata, büdcənin xərcləri isə 1 milyard 50 milyon manat artırılaraq 28 milyard 543 milyon manata çatdırılıb. Gələn il üçün büdcə kəsiri 3 milyard 116 milyon manat, inflyasiya 3 faiz, ÜDM-in artımı 3,4 faiz, neftin 1 barelinin qiyməti 40 dollar məbləğində nəzərdə tutulub. Ölkənin müdafiə potensialının gücləndirilməsi və Silahlı Qüvvələrin maddi-texniki təminatının daha da yaxşılaşdırılması məqsədi ilə ayrılan xərclər 500 milyon manat, sosialyönümlü xərclər isə 563 milyon manat artırılıb.

Deputatların təklifləri əsasən ölkə iqtisadiyyatının müxtəlif istiqamətlərinin və qeyri-neft sektorunun inkişafına, regionlarda sahibkarlığın inkişafı hesabına gələcəkdə dövlət büdcəsinin qeyri-neft gəlirlərinin artmasına yönəlib. Eyni zamanda, dövlət büdcəsi xərclərinin daha səmərəli istifadə olunması, şəffaflığın artırılması, kölgə iqtisadiyyatına qarşı mübarizənin daha da gücləndirilməsi zəruriliyi qeyd edilib.

Komitə sədri vurğulayıb ki, üçüncü oxunuşda müzakirəyə çıxarılmış dövlət büdcəsi layihəsi 2021-ci ildə ölkə qarşısında duran çağırışlara layiqli cavab vermək, sosial sahədə və təhlükəsizlik məsələləri istiqamətində dövlət siyasətini həyata keçirmək üçün mühüm maliyyə bazası yaradacaq.

Sonra iclasda maliyyə naziri Samir Şərifov çıxış edərək parlament komitələrində və plenar iclaslarda qaldırılan məsələlərə aydınlıq gətirib, deputatların suallarına cavab verib. Bildirib ki, deputatların irəli sürdükləri təkliflər və tövsiyələr 3 əsas istiqamətə yönəlib: Birincisi, işğaldan azad olunmuş ərazilərə böyük qayıdışın təmin edilməsi ilə əlaqədar görüləcək işlər üçün 2021-ci ilin dövlət büdcəsində ayrılmış vəsaitin artırılması. İkincisi, dövlətimizin müdafiə qabiliyyətinin, milli təhlükəsizliyin və ordumuzun hərbi qüdrətinin daha da möhkəmləndirilməsi üçün əlavə vəsaitlərin ayrılması. Üçüncüsü, büdcədə sosialyönümlü xərclərin artırılması hesabına bəzi sosial ödənişlərin əhatə dairəsinin genişləndirilməsi, bəzi ödənişlərin məbləğinin artırılması üçün əlavə maliyyə mənbələrinin müəyyənləşdirilməsi təklif olunub. Nazir vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bununla əlaqədar müvafiq sərəncam imzalanıb.

Həmin istiqamətlərdə həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verən Samir Şərifov qeyd edib ki, prioritet sahələr daim ölkə rəhbərliyinin diqqət mərkəzindədir. Belə ki, son 5 ildə milli təhlükəsizliyə və müdafiəyə ayrılan vəsaitin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 3,7 faiz bənd artaraq 16,1 faiz təşkil edib. Beləliklə, bu xərclər 2 milyard 393 milyon manat və ya 2,1 dəfədən çox artıb. Büdcə layihəsindən göründüyü kimi 2021-ci il də bu sıradan istisna deyil. Həmçinin son 5 ildə sosialyönümlü xərclərin büdcə xərcləri tərkibindəki xüsusi çəkisi 3,8 faiz bənd, mütləq ifadədə isə 4,9 milyard manat və yaxud 78,2 faiz artıb ki, bu da hər ötən il üçün 15,6 faiz artım deməkdir. 2021-ci il dövlət büdcəsində sosialyönümlü xərclərin artımı 5,3 faiz təşkil etməklə, bütövlükdə dövlət büdcəsi xərclərinin artımını 1,5 faiz bənd üstələyir.

Nazir bildirib ki, ölkə ərazisində icbari tibbi sığortanın tətbiqinin tam başa çatdırılması, koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərinin davam etdirilməsi, məşğulluğun təmin edilməsi çərçivəsində sosial müdafiəyə ehtiyacı olan əhali qrupları üçün yeni iş yerlərinin yaradılması məqsədilə tədbirlər gələn il də davam etdiriləcək.

Maliyyə naziri vurğulayıb ki, yola saldığımız 2020-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış parlaq Zəfəri qarşıdan gələn 2021-ci ildə də ölkəmizin bütün aparıcı sahələrində davam etdirməklə iqtisadiyyatın dayanıqlı əsaslarla inkişaf etdirilməsinə, işğal olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinin vüsət almasına, xalqın rifahının və dövlətimizin hərbi qüdrətinin daha da artırılmasına nail olmaq əzmindəyik. Pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, hər birimiz qarşıya qoyulmuş bu şərəfli və heç də asan olmayan vəzifələrin uğurla yerinə yetirilməsi üçün yorulmadan çalışmalıyıq.

Çıxışının yekununda Samir Şərifov Milli Məclisin rəhbərliyini və bütün deputatları qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib.

İclasda deputat Sabir Rüstəmxanlının seçildiyi bölgə ilə bağlı təklifləri dinlənilib.

“Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi səsə qoyulub və üçüncü oxunuşda qəbul edilib.

Plenar iclasda “Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il büdcəsi haqqında” (üçüncü oxunuş) qanun layihəsini əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev təqdim edib. Bildirib ki, DSMF-nın gələn il üçün olan büdcəsi etibarlı büdcədir, bu büdcə imkan verəcək ki, 2021-ci ildə aztəminatlı vətəndaşlarımız, pensiyaçılarımız, əlillərimiz, sosial müavinət alan digər kateqoriyadan olan vətəndaşlarımız daha təminatlı şəraitdə yaşasınlar. Qeyd edib ki, müavinətlərin və pensiyaların artım tempi inflyasiyanı üstələyir. Xüsusilə, Zəfər müharibəsi veteranlarının müavinətlərinin artırılması hökumətin diqqət mərkəzindədir.

Sonra parlamentdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il büdcəsi hazırlanarkən, ilk növbədə, əhalinin sosial müdafiəsi və sosial təminatı əsas götürülüb. Bu baxımdan ən önəmli kontingent olan şəhid ailələrinə və müharibə əlillərinə dəstək tədbirləri xüsusi əhatə olunub. Bu məsələlər dövlət başçısının xüsusi nəzarətindədir. Bu istiqamətdə silsilə addımlar atılır. Ötən il böyük sosial islahatlar paketi həyata keçirilib.

Nazir qeyd edib ki, həmin kateqoriyadan olan şəxslərin mənzil və avtomobillə təminatı sahəsində ciddi irəliləyişlər var. Bu günədək 9 mindən artıq mənzil, 7 mindən artıq avtomobil həmin kateqoriyadan olan şəxslərə təqdim edilib və bu proses davamlıdır.

Cari ildə qənaət edilmiş vəsait barədə məlumat verən Sahil Babayev bildirib ki, yığımların artması və saxta pensiya işlərinin ləğv edilməsi və optimallaşdırılması nəticəsində qənaət edilmiş 250 milyon manat vəsait də əhalinin sosial müdafiəsinə və sosial təminatına yönləndirilib. Bu il 190 manatlıq səviyyədə olan ödənişin təxminən 200 milyon manatdan yuxarı olan hissəsi bu vəsaitlər hesabına ödənilib.

Nazir deputatlara təmir edilərək istifadəyə verilmiş və gələn il istifadəyə verilməsi nəzərdə tutulan reabilitasiya mərkəzləri barədə də ətraflı məlumat verib. Çıxışının yekununda qarşıdan gələn bayramlar münasibətilə təbriklərini çatdırıb.

İclasda “Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il büdcəsi haqqında” qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda təsdiqlənib.

Sonra Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “İşsizlikdən sığorta fondunun 2021-ci il büdcəsi haqqında” (üçüncü oxunuş) qanun layihəsini təqdim edib. Nəzərə çatdırıb ki, İşsizlikdən sığorta fondunun 2021-ci il büdcəsinin gəlirləri 157 milyon 769 min 146 manat, bu da cari ildəkindən 6 milyon 500 min manat çoxdur. Planlaşdırılan vəsaitin 70 milyon manatı məhz özünüməşğulluq proqramlarının genişlənməsinə sərf olunacaq.

Deputatlar üçüncü oxunuşda səsə qoyulan “İşsizlikdən sığorta fondunun 2021-ci il büdcəsi haqqında” qanun layihəsini dəstəkləyiblər.

Plenar iclasda “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” (üçüncü oxunuş) qanun layihəsini İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili şərh edib. Bildirib ki, 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 190 manatdan 196 manata, əmək qabiliyyətli əhali üçün 201 manatdan 207 manata, pensiyaçılar üçün 157 manatdan 162 manata, uşaqlar üçün isə 170 manatdan 175 manata qədər artırılıb.

Müzakirə zamanı deputat Fazil Mustafa rəy və təkliflərini bildirib. Nazir Sahil Babayev sualı cavablandırdıqdan sonra “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsi səsə qoyulub və üçüncü oxunuşda qəbul edilib.

İclasda “Azərbaycan Respublikasında 2021-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsi barədə (üçüncü oxunuş) məlumat verən əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, 2021-ci il üçün ehtiyac meyarının həddi 170 manat məbləğində nəzərdə tutulub. Bu, cari ildəkindən 10 manat və ya 6,2 faiz çoxdur.

Səsvermə zamanı deputatlar “Azərbaycan Respublikasında 2021-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsini də üçüncü oxunuşda təsdiqləyiblər.

Deputatlara “Büdcə sistemi haqqında” qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) məlumat verən iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, dəyişiklik texniki xarakter daşıyır. Azərbaycanda 2019-cu ildən DSMF-nin təşkilati-hüquqi forması dəyişildiyindən qanunda “müvafiq icra hakimiyyəti” əvəzinə Dövlət Sosial Müdafiə Fondunun adının yazılması təklif olunur.

İclasda “Büdcə sistemi haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanun layihəsi səsə qoyulub və üçüncü oxunuşda qəbul olunub.

Sonra Milli Məclis sədrinin təklifinə əsasən Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev mahiyyətcə bir-birinə yaxın olan növbəti üç qanun layihəsi barədə məlumat verib. Bildirib ki, “Sosial sığorta haqqında”, “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” qanunlarda edilən dəyişikliklər ölkəmizdə sosial təminat sahəsinin daha da yaxşılaşdırılmasına xidmət edəcək.

Müzakirə zamanı deputat Sabir Rüstəmxanlı rəy və təkliflərini diqqətə çatdırıb. Sonra qanun layihələri ayrı-ayrılıqda səsə qoyulub. Milli Məclis üçüncü oxunuşda “Sosial sığorta haqqında” qanunda dəyişiklik edilməsi”nə, “Əmək pensiyaları haqqında” qanunda dəyişiklik edilməsi”nə və “Sosial müavinətlər haqqında” qanunda dəyişiklik edilməsi”nə razılıq verib.

İclasda “Azərbaycan Respublikası Milli Məclisinin 2021-ci il üçün xərclər smetası haqqında” qanun layihəsi səsə qoyulub və qəbul edilib.

Sonra “Azərbaycan Respublikası Hesablama Palatasının 2021-ci il üçün xərclər smetası haqqında” qanun layihəsi səsə qoyulub və qəbul edilib.

Plenar iclasda “Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnaməyə” dəyişiklik edilməsi barədə” (üçüncü oxunuş) qanun layihəsini iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Mahir Abbaszadə təqdim edib. Məlumat dinlənildikdən sonra qanun layihəsi üçüncü oxunuşda səsə qoyulub və qəbul olunub.

“Avtomobil nəqliyyatı haqqında” qanunda dəyişiklik edilməsi barədə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimlinin şərhi dinlənilib. Müzakirədə deputat İltizam Yusifov yollar və nəqliyyat vasitələri barədə fikirlərini və təkliflərini nəzərə çatdırıb. Səsvermə zamanı “Avtomobil nəqliyyatı haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanun layihəsi dəstəklənib.

Sonra iclasda ikinci oxunuşda müzakirəyə təqdim olunmuş 4 qanun layihəsinə baxılıb. Gündəlikdəki növbəti iki qanun layihəsi – “Müflisləşmə və iflas haqqında” həmçinin Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihələri (ikinci oxunuş) barədə məlumat verən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli bildirib ki, hər iki qanuna təklif olunan dəyişiklik Dünya Bankının “Doing Business” hesabatında “Müflisləşmənin həlli”, “Vergilərin ödənilməsi” və “Əmlakın qeydiyyatı” indikatorları üzrə kreditorların hüquqlarının müdafiəsinin təkmilləşdirilməsi, habelə sərf olunan müddət, prosedur və xərclərin optimallaşdırılması məqsədilə hazırlanıb və ölkəmizin “Doing Business” hesabatında qeyd olunan indikatorlar üzrə mövqeyinin daha da yaxşılaşdırılmasını nəzərdə tutur. Qeyd edib ki, bu reytinqlərdə bizim mövqeyimiz nə qədər yaxşı olsa, biz xarici investorların və beynəlxalq təşkilatların Azərbaycana dəvət edilməsində daha uğurlu fəaliyyət göstərəcəyik.

İclasda ikinci oxunuşun prosedur qaydalarına uyğun olaraq “Müflisləşmə və iflas haqqında” qanunda edilən dəyişiklik səsə qoyulub və sənəd ikinci oxunuşda qəbul edilib.

Sonra Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi ikinci oxunuşun prosedur qaydalarına uyğun olaraq səsə qoyulub və ikinci oxunuşda qəbul edilib.

İclasda “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” (ikinci oxunuş) daha bir qanun layihəsi barədə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişilinin şərhi dinlənilib. Bildirilib ki, qanuna iki maddə əlavə edilir. Onlardan biri 2 il müddətinə ölkəyə idxal olunacaq koronavirus infeksiyasına qarşı vaksinlərin və şprislərin ƏDV-dən azad olunmasını nəzərdə tutur. Digər maddə isə illik emalı 3 milyon tondan az olmayan neft emalı zavodlarının yenidən qurulması zamanı gətirilən mal və materialların əlavə dəyər vergisindən 2 il müddətinə azad olunmasını ehtiva edir.

Qanun layihəsi əsas kimi qəbul edildikdən sonra müzakirə aparılıb, komitə sədri Siyavuş Novruzovun və deputat Aqil Abbasın fikirləri dinlənilib.

Sənəd əvvəlcə maddə-maddə, sonra bütövlükdə səsə qoyulub və Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Plenar iclasın yekununda komitə sədri Tahir Mirkişili ikinci oxunuşda təqdim olunmuş “Dövlət borcu haqqında” qanuna təklif olunan dəyişiklikləri şərh edib. Deputat Nigar Arpadarainin fikirləri dinlənilib. Qanun layihəsi ikinci oxunuşun prosedur qaydalarına uyğun səsə qoyulub və “Dövlət borcu haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanun layihəsi ikinci oxunuşda qəbul olunub.

Bununla da Milli Məclisin iclası başa çatıb.

 
  • Oxunub:  2130  |  
  • Tarix:  29-12-2020  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycan işğaldan azad edilən bütün əraziləri tezliklə cənnətə çevirəcək

19 Yanvar 09:21
Tehranda Azərbaycan-İran əlaqələrinin perspektivləri müzakirə edilib
19 Yanvar 09:19
Arif Fərzəliyev: Moskva görüşü Cənubi Qafqazda vəziyyətin stabilləşməsi və iqtisadi inkişafın müsbət dinamikasının təmin olunması baxımından yeni prespektivlər açır
19 Yanvar 09:18
Sevda Abdullayeva: Qarabağ Dirçəliş Fondunun yaradılması mühüm hadisədir
19 Yanvar 09:16
Vüqar Seyidov: Moskvada imzalanan üçtərəfli bəyanat region ölkələri üçün böyük əhəmiyyətə malikdir
19 Yanvar 09:13
Tahir Kərimli: Əldə edilən razılaşmalar Azərbaycanın maraqlarına uyğundur
19 Yanvar 09:11
Azərbaycan öz qələbəsini siyasi-diplomatik yolla gücləndirir
19 Yanvar 09:06
Sübut Əsədov: Müharibə zamanı vətəndaşların dağıdılmış evlərinin bərpası dövlətin qarşıya qoyduğu əsas vəzifələrdən biridir

19 Yanvar 09:05
Əli Kərimlinin tarixi təhrif etmək cəhdi əbəsdir

19 Yanvar 09:04
Ermənistanda siyasi qarşıdurma: gərginlik artır, ziddiyyətlər dərinləşir
19 Yanvar 09:02
COVID-19-a qarşı peyvənd həkim yoxlanışı və göstərişindən sonra vurulacaq
19 Yanvar 08:58
Azərbaycançılıq ideologiyası Vətən müharibəsi dövründə də milli birliyimizin təmin olunmasında əsaslı rol oynadı
18 Yanvar 20:57
Deputat: Ermənistan məscidlərimizi dağıtmaqla islamofob ölkə olduğunu sübut etdi
18 Yanvar 20:45
Fərhad Dəjpəsənd: İran işğaldan azad edilən rayonlarda məscidlərin bərpasına kömək göstərməyə hazırdır
18 Yanvar 20:42
Prezidentin Şuşaya səfəri Qarabağı qısa müddətdə bərpa edəcəyimizi bütün dünyaya bir daha göstərdi
18 Yanvar 20:37
Almaniyanın xarici işlər naziri Türkiyəyə səfər edib
18 Yanvar 20:34
Torpağa və dövlətə sədaqət prinsipi ümummilli lider Heydər Əliyevin gənclərimizə ən ali mirasıdır
18 Yanvar 20:32
Türk Şurasının Baş katibi: Azərbaycanın qələbəsi bütün türk dünyasını birləşdirən qələbədir
18 Yanvar 19:02
Türkdilli dövlətlərin enerji sahəsində birgə layihələrinin reallaşdırılmasına dair müzakirələr aparılıb
18 Yanvar 18:56
Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Alolar kəndinin videogörüntülərini paylaşıb - VİDEO
18 Yanvar 18:43
Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
18 Yanvar 18:36
Azərbaycanda koronavirus infeksiyasından 503 nəfər sağalıb, 118 yeni yoluxma faktı qeydə alınıb
18 Yanvar 18:30
YAP Gənclər Birliyinin 2020-ci il ərzindəki fəaliyyətinin yekunlarına həsr olunmuş videokonfrans keçirilib
18 Yanvar 18:19
Yanvarın 22-də Təhsil naziri Emin Əmrullayevin iştirakı ilə brifinq keçiriləcək
18 Yanvar 18:15
Yanvarın 20-də paytaxtda bəzi avtobusların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək
18 Yanvar 17:54
Mikayıl Cabbarov: Sənaye parklarında 50 rezident qeydiyyata alınıb
18 Yanvar 17:52
Müdafiə Nazirliyi Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yenilənmiş siyahısını dərc edib
18 Yanvar 17:51
Nazir: 2020-ci ildə Vergi Xidməti tərəfindən dövlət büdcəsinə 7,4 milyard manatadək vəsait daxil olub
18 Yanvar 17:47
Mədəniyyət Nazirliyi ictimaiyyətə müraciət edib
18 Yanvar 17:46
Azərbaycanın və Polşanın prokurorluq orqanları arasında əməkdaşlığın inkişaf etdirilməsi imkanları müzakirə olunub
18 Yanvar 17:30
Qarabağın yeni yaradılacaq yol-nəqliyyat infrastrukturu bölgənin inkişafında strateji əhəmiyyət kəsb edəcək
18 Yanvar 17:26
Bakı-Pirşağı-Sumqayıt elektrik qatarlarının yanvarın 20-nə hərəkət qrafiki açıqlanıb
18 Yanvar 17:25
Ermitaj muzeyinə qarşı iddia...
18 Yanvar 17:08
20 Yanvar şəhidlərinin əziz xatirəsi İğdırda anılıb
18 Yanvar 17:05
Deputat: Prezidentin Şuşaya səfəri düşmən üzərində Zəfərimizin əyani sübutudur
18 Yanvar 17:02
Bu il daha 4 DOST mərkəzinin açılması nəzərdə tutulur
18 Yanvar 16:58
Qafqaz Müsəlmanları İdarəsi 20 Yanvar faciəsinin ildönümü ilə bağlı videokonfrans keçirib
18 Yanvar 16:48
Milli Məclisin elm və təhsil komitəsinin yaz sessiyasında ilk iclası keçirilib
18 Yanvar 16:45
Müzəffər Ali Baş Komandanın Şuşaya səfəri Qarabağın əsl sahibinin kim olduğunu bütün dünyaya bir daha göstərdi
18 Yanvar 16:44
ÜST: dünyanın yoxsul ölkələrində indiyədək cəmi 25 peyvənd dozası tətbiq olunub
18 Yanvar 16:43
Azərbaycan Prezidenti: Bu gün mənim fəaliyyətimdə Qarabağ bölgəsinin bərpası xüsusi yer tutur
18 Yanvar 16:41
Prezident İlham Əliyev: Azad edilmiş torpaqlarda hər şey planlı şəkildə, düzgün aparılmalıdır
18 Yanvar 16:34
Cəbhəyanı ərazilərdə yaşayan 1500-dən çox uşağa psixoloji yardım göstərilib
18 Yanvar 16:29
Prezident İlham Əliyev: Bugünkü Azərbaycana investisiyalar daha böyük həcmdə gələcək
18 Yanvar 16:24
Prezident: Sənaye, kənd təsərrüfatı, qeyri-neft sektoru, ixrac imkanları, idxaldan asılılığın azaldılması yeni reallıq yaradıb
18 Yanvar 16:19
Sergey Lavrov Dağlıq Qarabağın Rusiya Federasiyasının tərkibinə daxil edilməsi ideyasını “ekzotik təklif” adlandırıb
18 Yanvar 16:14
Şuşaya möhtəşəm səfər
18 Yanvar 16:12
Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında iki zavodun təməlini qoyub, vərəqə şüşə istehsalı müəssisəsinin açılışını edib
18 Yanvar 16:05
Ərdoğan: “Türkiyə Şərqi Aralıq dənizindən Qarabağadək güclü iradəsini dünyaya nümayiş etdirib”
18 Yanvar 16:03
Bakı Limanından aşırılan TIR və konteynerlərin sayı son 30 ilin rekord səviyyəsində olub
18 Yanvar 15:58
20 Yanvar xalqımızın azadlıq mübarizəsinin və qəhrəmanlıq salnaməsinin parlaq səhifəsidir
18 Yanvar 15:57
Mərkəzi Qan Bankı vətəndaşlara müraciət edib
18 Yanvar 15:52
Ölkəmizdəki dini konfessiyaların rəhbərləri 20 Yanvar faciəsi ilə bağlı bəyanat veriblər
18 Yanvar 15:34
Dörd gimnast “Fəxri idman ustası” adına layiq görülüb
18 Yanvar 15:31
Baş həkim Kubra Cabbarova: Peyvənd vurdurandan sonra arxayınlaşmaq olmaz
18 Yanvar 15:30
Azərbaycan-Tacikistan əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub
18 Yanvar 15:28
Reza Deqati: Fransa mediası Qarabağ müharibəsini yalnız Ermənistan tərəfindən işıqlandırıb
18 Yanvar 15:22
Tibb Universitetində 20 Yanvar şəhidləri yad edilib
18 Yanvar 15:19
Bakı Limanında yükaşırmanın həcmi artıb
18 Yanvar 15:18
Azərbaycanda buğda əkinlərinin güzəştli sığortası başlayıb
18 Yanvar 15:12
GUAM 2021-ci ildəki prioritet fəaliyyətini açıqlayıb
18 Yanvar 15:10
Azərbaycan təbii qazının ixracı 16 faiz artıb
18 Yanvar 15:01
Müharibədə xəsarət almış hərbi qulluqçuların tibbi-sosial ekspertizasına başlanılır
18 Yanvar 14:59
Avstraliya sərhədləri 2022-ci ilə qədər bağlayacaq
18 Yanvar 13:44
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi: “Sinovac” şirkətinin vaksini ənənəvi, etibarlı və sınanmış inaktiv platformada hazırlanıb
18 Yanvar 13:42
Müdafiə Nazirliyi işğaldan azad edilmiş Füzuli rayonunun Merdinli kəndinin videogörüntülərini paylaşıb VİDEO
18 Yanvar 13:41
Milli Məclisin deputatı Ağalar Vəliyev: Çox yaxın zamanlarda hər bir azərbaycanlı üçün müqəddəs məkan sayılan Qarabağ bölgəsi büsbütün yeni simada olacaq
18 Yanvar 13:17
Dövlətimiz erməni vandalizminə, barbarlığına şahid olmuş Qarabağı cənnətə çevirəcək
18 Yanvar 13:08
Şuşa şəhərinədək 101,5 kilometrlik xidməti yol istifadəyə verilib
18 Yanvar 12:52
Əli Əhmədov: 1990-cı ilin yanvarında qaçıb gizlənənlərin və AXC-Müsavat hakimiyyətinin uduzduğu müharibənin acınacaqlı nəticələrini aradan qaldırmaq missiyasını birbaşa Moskvada Qorbaçova ittihamlar səsləndirən Heydər Əliyevlə birlikdə dayanan İlham Əliyev yerinə yetirdi
18 Yanvar 12:38
Vaksinasiya COVID-19-la mübarizədə mühüm amildir

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31
HAVA HAQQINDA
Bakı
gündüz+4 +6
gecə+2 +4