Dekabrın 28-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2020-ci il üzrə fəaliyyətinə həsr edilmiş kollegiya iclası keçirilib.
Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, onlayn formatda keçirilən iclasda cari il ərzində həyata keçirilən tədbirlər və görülən işlər barədə məruzələr dinlənilib.
Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları, Komitə nəzdində fəaliyyət göstərən 11 Uşaq və Ailələrə Dəstək mərkəzinin nümayəndələri, eyni zamanda, İctimai Şuranın üzvləri iştirak ediblər.
Giriş nitqi ilə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 2020-ci ilin çətinliklərlə dolu, ziddiyyətli və bir o qədər də əhəmiyyətli bir il kimi yadda qalacağını qeyd edərək, bu ilin ümumilikdə bir çox məsələlər üzrə əlamətdar olduğunu və qazanılan nailiyyətlərin növbəti ildə də davam etməsi üçün ciddi bir zəminin yaradıldığını diqqətə çatdırıb.
Xüsusən bu ili Vətən müharibəsinin ölkəmizin Zəfəri ilə bitməsi baxımından mühüm il kimi qiymətləndirən B.Muradova bildirib ki, bu dövrdə də mühüm vəzifələr müəyyən edilib, komitə üzvləri təmas xəttinə yaxın yaşayan, müharibədən zərər çəkmiş əhali təbəqəsi, o cümlədən şəhid ailələri ilə səlahiyyətləri çərçivəsində yaxından iş aparıblar. Komitənin nümayəndələri bölgələrdə oldular, ev-eşiyindən çıxmağa məcbur olmuş soydaşlarımızla görüşdülər, vəziyyəti qiymətləndirərək atılacaq addımları müəyyənləşdirdilər” .
B. Muradova COVID-19 pandemiyası ilə bağlı mövcud çətinlikləri aradan qaldırmaq üçün qurum tərəfindən bütün imkanların səfərbər edildiyini, xüsusən də həssas qrupdan olan, zərərçəkən ailələrlə psixososial işin aparıldığını, məhdudiyyətlər şəraitində çoxsaylı maarifləndirmə proqramlarının həyata keçirildiyini, mövcud layihələrin davam etdiyini vurğulayıb. Bu prosesdə həm daxili, həm də xarici tərəfdaşlarla birlikdə beynəlxalq təşkilatlarla birgə işin davam etdirildiyini qeyd edən B.Muradova diqqətə çatdırıb ki, qadın məşğulluğunun artırılması, həssas təbəqədən olan əhali ilə işin aparılması sahələrində və digər istiqamətlərdə yeni layihələrə start verilib.
Görülən işlərlə bağlı ictimaiyyətin məlumatlandırılmasının vacibliyinə toxunan Bahar Muradova bildirib ki, komitə həyata keçirdiyi tədbirlər barədə cəmiyyəti mütəmadi məlumatlandırıb. Qeyri-hökumət təşkilatları ilə əməkdaşlığın əhəmiyyətini qeyd edən komitə sədri sığınacaqların, dəstək mərkəzlərinin təcili və təxirəsalınmaz yardımların göstərilməsində yaxından iştirakını vurğulayıb.
Vətəndaş müraciətlərinin daim komitənin diqqət mərkəzində olduğunu bildirən Bahar Muradova diqqətə çatdırıb ki, quruma daxil olan hər bir ərizə, şikayət, müraciət çox diqqətlə araşdırılmış və onların istiqamətlər üzrə qruplaşdırılması tapşırılıb. Komitənin üzərinə düşən hüquqi bazanın təkmilləşdirilməsi işində də irəliləyişlərin olduğunu vurğulayan komitə sədri bildirib ki, bu il bir neçə vacib sənəd qəbul edilib. Bu sənədlər komitənin gələcək fəaliyyətini daha da konkret və məqsədəuyğun şəkildə formalaşdırmağa və irəliyə aparmağa imkan verəcək.
Sonra Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək ölkəmizdə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət nəticəsində muxtar respublikada ailə, qadın və uşaqların dövlət qayğısı ilə əhatə olunduğunu bildirib. Aztəminatlı ailələrin sosial müdafiəsinin təmin edilməsi məqsədilə onların özünüməşğulluq proqramına cəlb olunduğunu, müvafiq köməyin göstərildiyini vurğulayan R.Seyidova muxtar respublikada ailələrə öz təsərrüfatlarını qurmaq və inkişaf etdirmək üçün əlverişli şəraitin yaradıldığını vurğulayıb. Kiçik və orta sahibkarlara, o cümlədən qadın sahibkarlara güclü dövlət dəstəyinin göstərildiyini vurğulayan Ramilə Seyidova bildirib ki, dövlət qayğısından bəhrələnən Naxçıvan qadınları dövlət quruculuğunda, cəmiyyətin ictimai-siyasi həyatında fəal iştirak edirlər.
Muxtar respublikada uşaqların sağlamlığının qorunmasına, təhsilinə, təlim-tərbiyəsinə də xüsusi diqqət və qayğının göstərildiyini qeyd edən R.Seyidova uşaqların hüquqlarının qorunması ilə əlaqədar monitorinqlərin təşkil olunduğunu, valideyn himayəsindən məhrum, sağlamlıq imkanları məhdud, şəhid ailələrindən olan uşaqların sosial müdafiəsinin güclənməsi ilə bağlı tədbirlərin görüldüyünü diqqətə çatdırıb. Bildirilib ki, sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası və distant təhsil ilə bağlı görülən işlərin nəticəsidir ki, sağlamlıq imkanları məhdud olan 1000-dən çox uşaq öz həmyaşıdları ilə birlikdə muxtar respublikanın məktəbəqədər, ümumtəhsil və məktəbdənkənar müəssisələrində təlim-tərbiyə alır, istedad və bacarıqlarını inkişaf etdirir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2020-ci il üzrə fəaliyyəti haqqında illik hesabatı və 2021-ci ilin birinci yarısı üçün İş Planı barədə məlumatları diqqətə çatdıran aparat rəhbəri Ceyran Rəhmətullayeva ailə, qadın və uşaq məsələləri ilə bağlı qurum tərəfindən görülən işləri qeyd edib, bütün tədbirlərin COVID-19 pandemiyası ilə əlaqədar elan edilmiş karantin qaydalarına uyğun aparıldığını vurğulayıb. O, ailə dəyərlərinin təbliği, uzunömürlü və uğurlu ailə modellərinin cəmiyyətə tanıdılması, milli-mənəvi dəyərlərin qorunması və gənc nəslə aşılanması, ailələrdə yaranan problemlərin həlli, məişət zorakılığının qarşısının alınması, reproduktiv sağlamlıq və digər mövzular istiqamətində icra edilən layihələr haqqında məlumat verib.
Qadın və uşaq siyasətinin həyata keçirilməsi, gender bərabərliyinin təmin edilməsi, uşaq hüquqlarının müdafiəsi istiqamətində il ərzində konfrans və təlimlərin təşkil edildiyini diqqətə çatdıran C. Rəhmətullayeva “Gender bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikasının 2006-cı il 10 oktyabr tarixli Qanununun 20-ci maddəsinə əsasən, komitə tərəfindən məlumatın hazırlanaraq dərc edildiyini və gender əsaslı zorakılıqla mübarizə məqsədilə yeni layihənin icrasına başlanıldığını qeyd edib. O, “Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu ilər üçün Strategiyası” və “Uşaq Strategiyasının həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nın dövlətimizin başçısının müvafiq sərəncamları ilə təsdiqləndiyini bildirərək bu sənədlərin uşaq hüquqların təmin edilməsinə vacib töhfələr verəcəyini vurğulayıb. O, eyni zamanda, COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində komitə və onun nəzdində fəaliyyət göstərən 11 Uşaq və Ailələrə Dəstək mərkəzi (UADM-lər) tərəfindən müxtəlif sahələr üzrə genişmiqyaslı aksiya və maarifləndirici tədbirlər haqqında məlumatları da təqdim edib.
Komitənin sədr müavini Sədaqət Qəhrəmanova “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə bağlı işçi qrupların yaradılması barədə məruzə ilə çıxış edərək, müvafiq sərəncamlara əsasən, Dövlət Komitəsinin əlaqələndirici orqan kimi çıxış etdiyini vurğulayıb. O, prioritet istiqamətlər üzrə tədbirlərin vaxtında və səmərəli icrasına məsul olacaq İşçi qrupların Milli Fəaliyyət Planının monitorinqi və müntəzəm olaraq qiymətləndirilməsini həyata keçirəcəyini diqqətə çatdırıb. Qeyd edilib ki, “Qanunvericiliyin və institusional mexanizmin təkmilləşdirilməsi” və “Məişət zorakılığının qarşısının alınması və zərərçəkmiş şəxslərin müdafiəsi” üzrə işçi qrupların yaradılması işin uğurlu icrasına töhfə verəcək, bu istiqamətdə qabaqlayıcı tədbirlərin görülməsində vacib rol oynayacaq. S.Qəhrəmanova eyni zamanda, Komitə tabeliyində fəaliyyət göstərən İctimai Şuranın əhəmiyyətini qeyd edib, yeni tərkibin formalaşması ilə əlaqədar seçkilərin pandemiyadan irəli gələn səbəblərdən növbəti ildə keçiriləcəyini nəzərə çatdırıb.
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın icrası ilə bağlı işçi qrupun yaradılması barədə məruzə ilə çıxış edən komitənin sədr müavini Aynur Sofiyeva bildirib ki, Fəaliyyət Planı üzrə ümumilikdə nəzərdə tutulmuş tədbirlərin icrasının əlaqələndirilməsi, habelə onların icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verilməsi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə həvalə edilib. Qeyd edilib ki, əlaqələndirici qurum olaraq komitə Fəaliyyət Planının monitorinqi və müntəzəm olaraq qiymətləndirilməsini təmin edəcək və “Uşaqların müdafiəsi sahəsində normativ hüquqi bazanın və institusional strukturun təkmilləşdirilməsi üzrə İşçi Qrup” yaradılacaq.
Daha sonra komitənin hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının struktur bölmələrinin əsasnamələrinin təsdiq edilməsi haqqında” Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Kollegiyasının 2018-ci il 9 iyul tarixli Qərarında dəyişiklik edilməsi barədə çıxış edərək, “İctimaiyyətlə əlaqələr” sektorunun yaradılması ilə bağlı qərarın qəbul olunduğunu diqqətə çatdırıb.
Kollegiya iclası çərçivəsində gündəlikdəki məsələlərə dair təklif və tövsiyələr səsləndirilib, müzakirələr aparılıb. Çıxış edən İctimai Şuranın üzvləri - “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova, “Gender və İnsan Hüququ” Araşdırma Birliyinin sədri Rəna Mirzəzadə dövlət və vətəndaş cəmiyyəti institutlarının əməkdaşlığının vacibliyini bildirib, bir sıra təkliflər irəli sürüblər.
Yekun nitqi ilə çıxış edən Bahar Muradova komitənin gələcək fəaliyyəti ilə bağlı müvafiq tapşırıqlar verib.
Sonda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollegiyası tərəfindən kollegiya iclasının gündəliyindəki mövzular üzrə qərarlar qəbul edilib.
- Oxunub: 2160 |
- Tarix: 29-12-2020 |
-
Çap et |