Prezident İlham Əliyevin tapşırığına əsasən, sosial infrastrukturun müasirləşdirilməsi işləri çərçivəsində daha bir müəssisə - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sumqayıt Reabilitasiya Mərkəzi əsaslı təmir və yenidənqurmadan sonra dekabrın 29-da istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, Yeni ilin astanasında aşılan Mərkəzdə il ərzində əlilliyi olan 1500 şəxsə səmərəli fizioterapevtik üsullar əsasında reabilitasiya xidmətləri göstəriləcək.
Müəssisənin açılışında nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Cavid Əbdül-Qədirov, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Ülviyyə Müzəffərova iştirak ediblər.
Əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi üçün ölkədə mühüm işlərin aparıldığını vurğulayan C.Əbdül-Qədirov bu kateqoriyadan olan vətəndaşlar üçün tibbi-sosial reabilitasiya sisteminin müasirləşdirilməsinin Prezident İlham Əliyevin sosial siyasətinin əsas istiqamətlərindən olduğunu bildirib.
Qeyd edilib ki, ötən il nazirliyin Yevlax və Naftalan Reabilitasiya mərkəzləri, Mərdəkan Reabilitasiya Pansionatı, Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi, bu il isə Lənkəran, Şəki, Xaçmaz, Şirvan Reabilitasiya mərkəzləri əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib. Bu gün isə daha bir müasir reabilitasiya müəssisəsi Sumqayıt şəhərində açılır. Bununla cari ildə artıq beşinci reabilitasiya müəssisəsidir ki, istifadəyə verilir.
C.Əbdül-Qədirov son illərdə müasir tələblərə uyğun qurulmuş reabilitasiya sisteminin tarixi zəfərimizlə başa çatan Vətən müharibəsində yaralanmış hərbçilərimizin yüksək səviyyədə bərpa-müalicə xidmətləri ilə təminatı baxımından mühüm baza olaraq xüsusi önəm kəsb etdiyini vurğulayıb. O, eyni zamanda, reabilitasiya müəssisələri tərəfindən şəhid ailəsi üzvləri və müharibə iştirakçılarına, o cümlədən yaralanmış hərbçilərə, onların yaxınlarına, şəhid və yaralı hərbçilərin uşaqlarına sosial-psixoloji xidmətlərin də göstərildiyini diqqətə çatdırıb. Həmçinin qeyd olunub ki, Protez Ortopedik Reabilitasiya Mərkəzində isə hərbçilərin yüksək texnologiyalı müasir protezlə, qazilərimizin reabilitasiya vasitələri ilə təminatı işləri aparılır.
Müəssisənin müdiri Pərvanə Əsədova bildirib ki, Sumqayıt Reabilitasiya Mərkəzində müasir tələblərə uyğun şərait yaradılıb. 22 çarpayılıq müəssisədə bərpa müalicəsi baxımından effektiv təsirə malik səmərəli fizioterapevtik üsulların tətbiqi və müasir avadanlıqlardan istifadə olunmaqla il ərzində 1500 şəxsə kompleks tibbi-sosial reabilitasiya xidmətləri göstəriləcək. Mərkəzdə müalicəvi bədən tərbiyəsi, kolonoterapiya, ozonoterapiya, elektrofarez, müalicəvi su hovuzu, buxar otağı və digər yeni proseduralar tətbiq olunacaq. Reabilitasiya tədbirlərinin gücləndirilməsi məqsədilə sosial-psixoloji xidmətlər də göstəriləcək.
Tədbirdə çıxış edən əlilliyi olan şəxslər onların sosial təminatlarının gücləndirilməsi, tibbi-sosial reabilitasiyası imkanlarının artırılması, ölkədə müasir reabilitasiya sisteminin qurulması üçün aparılan işlərə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, yaxın aylarda Şağan Reabilitasiya Pansionatının da əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilməsi gözlənilir. Gələn il isə Qəbələ və Şəmkir rayonlarında Uşaq Reabilitasiya mərkəzlərinin açılması planlaşdırılır. Ümumilikdə, nazirliyin yeni reabilitasiya müəssisələrinin açılması nəticəsində hər il reabilitasiya xidmətləri ilə təmin edilənlərin sayı iki dəfə artaraq 28 minə çatacaq.
- Oxunub: 2130 |
- Tarix: 29-12-2020 |
-
Çap et |