Fransa prezidentinin erməni icmasının nümayəndələri ilə görüşdə ifadə etdiyi fikirlər onun erməni lobbisinin tam təsiri altında olduğunu göstərir
Məlum olduğu kimi, Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək üçün apardığı Vətən müharibəsində işğalçı Ermənistanın ağır məğlubiyyətə uğraması dünya erməniliyini və onların havadarlarını ciddi şəkildə narahat etməkdədir. Bu dairələr hələ də işğalçıların məğlubiyyətini həzm etmək istəmirlər. Bunlardan biri də Fransa və onun prezidenti Emmanuel Makrondur. Fransa indiyədək ATƏT-in Minsk qrupunun həmsədri olaraq münaqişənin beynəlxalq hüquq çərçivəsində həllinə çalışmalı idi. Amma ötən müddət ərzində bunun tam əksi müşahidə olunub. Fransa işğalçı Ermənistanı, onun işğalçı siyasətini dəstəkləyib.
Qeyd edək ki, sentyabrın 27-də Vətən müharibəsi başlanan vaxtdan Fransa həmsədr ölkə kimi bitərəfliyini tam unudaraq açıq-aşkar Ermənistana dəstək nümayiş etdirib. Bunu 44 günlük müharibə dövründə Fransa prezidenti Makronun, xarici işlər nazirinin bəyanatları da təsdiqləyir. Fransa rəhbərliyinin Ermənistana dəstəyi ilə bağlı yeni faktlar da üzə çıxır. Belə ki, Ermənistanın “Qraparak” nəşri yazıb ki, noyabrın 9-da kapitulyasiya barədə məlum sənəd imzalandıqdan bir neçə gün sonra Fransa prezidenti Emmanuel Makron erməni icmasının nümayəndələri ilə naharda iştirak edibmiş. Nəşrin yazdığına görə, Makron Fransa ermənilərinin Nikol Paşinyan haqqında fikirləri ilə maraqlanıb, onları diqqətlə dinləyib, sonra isə erməni baş nazirinin şəxsiyyəti və davranışı ilə bağlı şübhələrini gizlətməyib. O, müharibə zamanı dəfələrlə Paşinyanla əlaqə saxladığını, öz dəstəyini təklif etdiyini, hətta sms yazdığını bildirib. Deyib ki, doğrudur, Paşinyan tez cavab verirdi, lakin heç vaxt öz təşəbbüsü ilə Makronla əlaqə saxlamayıb və heç nə xahiş etməyib. Bundan başqa, Makronu xüsusilə təəccübləndirib ki, Paşinyan nə noyabrın 9-da sənəd imzalanana qədər, nə də sonra onunla əlaqə saxlamayıb və ona belə bir sənədi qəbul etdirdiklərini bildirməyib və ya nəticələrini yumşaltmaq üçün imzalanmadan sonra nə etmək mümkün olduğunu soruşmayıb. Makron deyib: “Axı mən ATƏT-in Minsk qrupunun həmsədr ölkəsinin prezidentiyəm. Nə üçün o, imzalanmadan əvvəl və ya ondan sonra məlumat verməyib, yaxud xahiş etməyib?”
Beləliklə, bu kimi faktlar deməyə əsas verir ki, Fransa Ermənistanın işğalçılıq siyasətinə dəstək verib. Görünür, Makron Fransanın ATƏT-in Minsk qrupu həmsədri mandatını indiyə qədər yalnız Ermənistanın maraqlarını müdafiə etmək kontekstində anlayıb və buna uyğun hərəkət edib. Fransa prezidentinin açıqlamaları bir daha göstərir ki, bu ölkə balanslı, ədalətli, həmsədr mandatının tələblərinə uyğun şəkildə davranmayıb. Bundan sonra da Fransa prezidenti qeyri-adekvat mövqe nümayiş etdirməkdə davam edəcək. Çünki o, Avropada anti-Azərbaycan, anti-Türkiyə təbliğatını gücləndirməyə çalışır.
Göründüyü kimi, Fransa prezidenti erməni lobbisinin, ermənipərəst dairələrin tam təsiri altındadır. Makron artıq Fransa dövlətinin və xalqının maraqlarının əksinə olaraq, məğlub olan Ermənistanın vəkili kimi çıxış edir.
Nardar BAYRAMLI
- Oxunub: 2820 |
- Tarix: 29-12-2020 |
-
Çap et |