Azərbaycan Respublikası iqtisadi inkişafını qətiyyətlə davam etdirərək uzunmüddətli hədəflərini reallaşdırmaqdadır. Müstəqillik illərində iqtisadi şəxaləndirmənin, dayanıqlılığın, eyni zamanda, müqavimətliliyin möhkəm dayaqları olacaq tədbirlər həyata keçirilmiş və bunlar iqtisadiyyatın həm milli, həm də regional səviyyələrdəki inkişafına təminat olmuşdur. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin həmişəyaşar ideyaları əsasında təşəkkül tapan həmin proseslər yüksək təminatqabiliyyətliliyi ilə seçildi. Ayrılıqda hər bir vətəndaşın, bütövlükdə isə xalqın rifah halının yaxşılaşdırılmasından ibarət göstəricilər makroiqtisadi proseslərin çox mühüm nəticələri olaraq çıxış etdi.
İqtisadiyyatın neft və qeyri-neft sektorlarının əlaqəli və bir-birinə təkan olacaq inkişafı, müvafiq sahələr üzrə ardıcıl tənzimləmə mexanizmləri, xüsusilə uğurla icra olunan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları iqtisadi rayonların infrastruktur təminatına güclü təkan olmuşdur. Təbii ki, bu isə səmərəli regional iqtisadi inkişaf əsasında daha etibarlı potensial formalaşdıran Naxçıvan Muxtar Respublikasının davamlı, qətiyyətli və perspektivli inkişafına zəmin yaratmışdır. Hələ bazar münasibətlərinə keçidin, yəni iqtisadi islahatların ilkin mərhələsində aqrar islahatların beşiyinə çevrilən muxtar respublika bu günə qədər uğurlu sosial-iqtisadi inkişaf yolu keçmişdir.
Artıq 2020-ci ilin də sonlarına doğru addımlamaqdayıq. Geridə qalan illərin və onların müvafiq dövrlərinin sosial-iqtisadi inkişafının təhlili göstərir ki, əldə olunan iqtisadi artım cari ilin də 11 ayı ərzində muxtar respublika iqtisadiyyatının müqavimətliliyini daha da artırmış, bu isə özünü onun dayanıqlılığının güclənməsində göstərmişdir. Bunu 2020-ci ilin yanvar-noyabr aylarının makroiqtisadi inkişaf göstəriciləri də ifadə etməkdədir. Qeyd edək ki, həmin 11 ay ərzində muxtar respublikada 2 milyard 556 milyon 981 min 800 manat həcmində Ümum Daxili Məhsul (ÜDM) istehsal olunmuşdur. (şəkil 1)
Təhlillər göstərir ki, 2014-2020-ci illərin eyni dövrləri ərzində muxtar respublikada istehsal olunan ÜDM-in həcmi 1,2 dəfədən çox artmışdır. Bu, eyni zamanda, regional inkişaf üzrə Dövlət proqramlarının artıq dördüncü mərhələsinin də uğurla icra olunduğunu göstərir. Digər tərəfdən, bu, mövcud sosial-iqtisadi potensialın güclü dayaqlarının ifadəsi olmaqla onun makroiqtisadi proseslərdəki rolunu daha da artırmışdır.
Təbii ki, davamlı inkişafın təmin olunması və bunun makroiqtisadi zəmində təşəkkülü cəmiyyət üzvlərinin artan tələbatlarının təmin olunmasına, onun sosial müdafiəsinin güclənməsinə, rifah göstəricilərinin daha da yaxşılaşmasına xidmət etməklə dövlətin sosial sahədəki hədəflərini daha da əlçatan etməkdədir. Məhz bu baxımdan da Naxçıvan Muxtar Respublikasında təmin olunan sosial-iqtisadi inkişaf güclü infrastruktur siyasətinin də etibarlı nəticələrinin ifadəsi olmaqla özünü istehsal və sosial sahələrin təşəkkülündə göstərməkdədir. Nəticə etibarilə, bütün bunlar, əhalinin alıcılıq qabiliyyətinin daha da artmasında, onların sosial-iqtisadi inkişafdakı iştirakının daha da çevik olmasında özünü təsdiq etmişdir. Məhz ÜDM-in hər bir nəfərə düşən həcminin də artan dinamikası və cari ilin 11 ayı ərzində 5500 manatı ötməsi bunun təsdiqi olaraq çıxış etməkdədir. (şəkil 2)
İstinad olunan illərin müvafiq dövrləri üzrə muxtar respublikada hər bir nəfərə düşən ÜDM-in həcmi 1,2 dəfə artmışdır. Keçən müddət ərzində müvafiq göstəricinin artan dinamikada mövcud olması iqtisadiyyatın sosial mahiyyətinin yüksəldilməsini bir daha göstərməkdədir. Eyni zamanda, bu, milli iqtisadi quruculuq prosesləri fonunda davam edən islahatların səmərəliliyinin ən gerçək ifadəsi olub, iqtisadiyyatın diversifikasiya olunmasına təminat verməkdədir.
Təbii ki, Naxçıvan Muxtar Respublikasının müasir iqtisadi şərait əsasında əldə etdiyi sosial-iqtisadi uğurlar iqtisadiyyatın sahə strukturunun həm əlaqəli, həm də müqavimətli inkişafını sürətləndirir ki, bu da ümumilikdə regional iqtisadi tarazlıq üçün zəruri mahiyyəti ilə seçilməkdədir. Yeni istehsal müəssisələrinin yaradılması, əmək ehtiyatlarından səmərəli istifadə olunması, regionların istehsal çəkisinin artırılması, təsərrüfat formalarının stimullaşdırıcı fəaliyyətinin təşkili, məşğulluq (və özünüməşğulluq) imkanlarının genişləndirilməsi və digər amillərin özünə yer tapması müasir iqtisadi inkişafın əldə olunan nəticələri içərisində yer almaqdadır. Məhz muxtar respublika özünün də malik olduğu regional siyasəti ilə bütün bu amillərin birliyindən ibarət olan göstəricilər sistemi ilə dolğun və dayanıqlı iqtisadiyyat formalaşdırmışdır.
Azərbaycan Respublikasının artıq ərazi bütövlüyünün təmin olunması eyni zamanda milli iqtisadiyyatın inkişafı üçün keyfiyyətcə yeni mərhələnin əsaslarını yaratmışdır. Belə bir şəraitdə işğaldan azad edilən iki - Yuxarı Qarabağ və Kəlbəcər-Laçın iqtisadi rayonunun da qarşıdakı dövrlər üzrə perspektivləri artacaq və bu, ölkənin regional iqtisadi siyasətindəki şaxələndirmə proseslərini daha da möhtəşəm edəcək. Təbii ki, həmin proseslərdə Naxçıvan Muxtar Respublikasının da rolu və mövqeyi daha yüksək dinamika ilə təşəkkül tapacaq. Artıq muxtar respublika ölkənin sənaye parkları və məhəllələrinin yaradılması, həmçinin təsisatlarının gücləndirilməsi sahəsindəki proseslərə də öz töhfəsini verməkdədir. Belə ki, ölkə başçısının 13 sentyabr 2019-cu il tarixində imzaladığı Fərmanla Şərur Sənaye Məhəlləsi yaradılmış və bu, sosial-iqtisadi inkişaf proseslərinin səmərəli nəticələrinin əldə olunmasındakı etibarlılığı artırmışdır. Məqsədyönlü tədbirlərin və davamlı islahatların gətirdiyi sosial-iqtisadi inkişaf nəticəsində artıq ötən 2019-cu ilin sonuna olan statistik məlumatlar muxtar respublikada sənaye məhsulunun istehsal həcminin bir milyard manatı keçdiyini deməyə əsas verməkdədir. Bunu, müxtəlif illərin yanvar-noyabr ayları üzrə eyni göstəriciləri də ifadə edir. (şəkil 3)
Hesablamalar 2014-2020-ci illərin 11 ayları üzrə müvafiq göstəricilərin müqayisəsinə görə 1,2 dəfə artım olduğunu göstərir. Təbii ki, bunlar muxtar respublikada sənayenin dinamik inkişafını ifadə etməkdə, əsas makroiqtisadi göstərici olan ÜDM-in strukturunda ilk yerdə təşəkkül tapdığını göstərməkdədir. Eyni zamanda, sənayenin artan dinamikası iqtisadiyyatın digər aparıcı sahəsi olan kənd təsərrüfatının davamlı perspektivlərini də göstərməkdədir. Çünki sənayenin inkişafı həm də kənd təsərrüfatı sahəsində məhsuldarlıq göstəricilərinin ifadəsi olub, mezoiqtisadi üstünlükləri ilə seçilməkdədir.
Kənd təsərrüfatının inkişaf etdirilməsi sahəsində muxtar respublikada davamlı tənzimləyici tədbirlər həyata keçirilməkdədir. Bu sahədə təkcə 27 noyabr 2020-ci il tarixində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən “kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılması ilə bağlı tədbirlər haqqında” Sərəncamın imzalanmasını göstərmək olar. Bu, muxtar respublikanın ötən dövrlər ərzində topladığı aqrar potensial baxımından çox əhəmiyyətli olub həmin əsaslarla qarşıdakı dövrlərdə də yeni perspektivləri daha da artıracaq. Digər tərəfdən, torpaqların məhsuldarlığı və ondan istifadə sahəsində stimullaşdırıcı mexanizmlər sahəsindəki prosesləri sürətləndirəcək. Məlumdur ki, ötən 2019-cu il muxtar respublikada “Ailə Təsərrüfatları” ili elan olunmuşdur. Bu mənada, müvafiq Sərəncam təsərrüfatların istehsal imkanlarının artırılmasına, onların aqrotexniki vasitələrdən yararlanma sahəsindəki əlçatanlığına, bununla da, aqrar sektorda məşğulluq səviyyəsinin yüksəldilməsinə və eyni zamanda, demoqrafik tarazlıq sahəsinə hərəkətverici təsiri ilə seçiləcək. (şəkil 4)
Göründüyü kimi, kənd təsərrüfatının inkişafı sahəsində zəruri amil olan bu artım 2014-2020-ci illərin müvafiq dövrlərinin müqayisəsi baxımından 1,5 dəfədən çox təşkil etmişdir. Bu, həm də mahiyyət etibarı ilə əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı, həmçinin meyvəçilik və tərəvəzçiliyin inkişafı üzrə məhsuldarlıq göstəricilərinin dayaqları olaraq çıxış etməkdədir.
Beləliklə, Naxçıvan Muxtar Respublikası 2020-ci ilin də sonlarına doğru güclü makroiqtisadi potensialla addımlamaqdadır. Əldə olunan nəticələr qarşıdakı dövrlər üzrə məqsədyönlülüyün təminatı əsasında mövcud olan perspektivləri daha da artıracaq. Təbii ki, bu isə uzunmüddətli sosial-iqtisadi inkişaf üçün keyfiyyətcə daha yeni mərhələnin dayaqlarını yaradacaq.
Cavadxan Qasımov
Naxçıvan Dövlət Universitetinin
dosenti, İqtisad üzrə fəlsəfə doktoru
- Oxunub: 1950 |
- Tarix: 29-12-2020 |
-
Çap et |