Son 17 ildə bütün sahələrdə əldə olunan inkişaf, iqtisadi sabitlik, demokratik prinsiplər əsasında vətəndaş cəmiyyətinin, o cümlədən plüralizmin inkişaf etdirilməsi ölkəmizdə siyasi stabilliyin formalaşmasında əsaslı rol oynayıb. Bunun nəticəsidir ki, sentyabrın 27-dən noyabrın 10-na kimi davam edən Vətən müharibəsi dövründə ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların və qeyri-hökumət təşkilatlarının mütləq əksəriyyəti xalq-hakimiyyət-ordu birliyinin yanında yer aldı. Xatırladaq ki, Ermənistanın hərbi təxribatlarına cavab olaraq Silahlı Qüvvələrimizin Vətən müharibəsinə başladığı gündən istər siyasi partiyalar, istərsə də QHT-lər bəyanat imzalayaraq ordu və dövlətlə, Prezidentlə bir yerdə olduğunu bəyan etdi. Vətən müharibəsinin qalibiyyətlə başa çatmasında, torpaqlarımızın işğaldan azad edilməsində isə bu birliyin xüsusi əhəmiyyəti var. Vurğulandığı kimi, müharibə dövründə sosial statusundan, yaşından və siyasi mənsubiyyətindən asılı olmayaraq Azərbaycan vətəndaşları qələbənin təmini üçün vahid amal, məqsəd uğrunda birləşdilər və düşmənə qarşı vahid cəbhədə mübarizə aparıldı.
Ölkəmiz üçün olduqca mühüm və həssas olan bu dönəmdə belə özünü milli birlikdən kənarda saxlayan və xalqla, dövlətlə həmrəylik nümayiş etdirə bilməyən radikal müxalifət və onların xaricdəki şəbəkələşmiş tör-töküntüsü isə bir daha hansı məqsədlərə xidmət etdiklərini ortaya qoydular. Öz mənfur xislətindən əl çəkməyən dağıdıcı ünsürlərin sosial şəbəkələr vasitəsilə qələbəyə kölgə salmaq niyyəti isə təsadüf sayıla bilməz. Belə ki, siyasi ritorikasında ermənipərəst mərkəzlərin tezislərinə əsaslanaraq ictimai rəydə çaşqınlıq yaratmaq istəyənlər bir daha anti-Azərbaycan mərkəzlərin sifarişlərini yerinə yetirdiklərini əməlləri ilə sübut etdilər. Xarici ölkələrdə erməni lobbisinin qoltuğuna sığınaraq maddiyyat qazanan xəyanətkarlar isə əllərindəki internet resurslarını birmənalı şəkildə ermənilərin müdafiəsinə səfərbər edirlər. Dağıdıcı ünsürlər həmin internet resurslarında və sosial şəbəkələrdə məqsədli şəkildə müharibənin nəticələri ilə bağlı yalan informasiyalar yayır, bəzi erməni “mənbə”lərinə istinad edərək Azərbaycanın zəfərini şübhə altına almağa niyyətlənirlər. Görünən budur ki, bütün yalanları ifşa olunan, ölkəmizə qarşı aparılan kampaniyalarda “fəallıq göstərən”, milli maraqlara düşmən kəsilən bu cür Vətən xainləri erməni havadarlarından maliyyə almaq üçün xəyanətkar addımlardan belə çəkinmirlər. Amma belələri unutmamalıdır ki, Azərbaycan xalqı hər zaman dövlətə, dövlət maraqlarına düşmən olanlara layiqli cavab verib.
Pərviz SADAYOĞLU
- Oxunub: 1770 |
- Tarix: 29-12-2020 |
-
Çap et |