“Mingəçevir Şüşə Lifi” Açıq Səhmdar Cəmiyyəti ləğv edilir.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev “Kimya sənayesi müəssisələrinin və təşkilatlarının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 22 mart tarixli 648 nömrəli Sərəncamında dəyişiklik edilməsi və Mingəçevir şəhərində təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər barədə” Sərəncam imzalayıb.
Sərəncama əsasən, Mingəçevir Şüşə Lifi zavodu “Azərikimya”nın özəlləşdirməyə açıq elan edilən müəssisə və təşkilatları siyahısından çıxarılıb.
Nazirlər Kabinetinə Mingəçevir şəhərində təhsil infrastrukturunun inkişaf etdirilməsi məqsədilə “Mingəçevir Şüşə Lifi” Açıq Səhmdar Cəmiyyətinin Mingəçevir şəhəri, Heydər Əliyev prospekti, 108 ünvanında yerləşən sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı 6,98 hektar torpaq sahəsinin təyinatının dəyişdirilərək yaşayış məntəqələrinin torpaqları kateqoriyasına keçirilməsini və Azərbaycan Respublikası Təhsil Nazirliyinin daimi istifadəsinə verilməsini təmin etmək tapşırılıb.
Həmçinin “Mingəçevir Şüşə Lifi” Açıq Səhmdar Cəmiyyəti ləğv ediləcək.
- Oxunub: 1980 |
- Tarix: 26-12-2020 |
-
Çap et |