“Vətən müharibəsində canından keçən şəhidlərimizin ailələrinə və qazilərə dövlət tərəfindən davamlı olaraq diqqət və qayğı göstərilməsi təqdirəlayiqdir. Bu baxımdan, dövlət başçısı İlham Əliyevin Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında Fərman imzalaması və bu məsələyə cəmiyyətin göstərdiyi həssaslıq mühüm əhəmiyyətə malikdir”.
Bu fikirləri qəzetimizə açıqlamasında Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə deyib.
Deputatın sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdə xidmət edən hərbi qulluqçulara yardım və dəstək təşəbbüsləri də xüsusi önəm daşıyır: “Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu və “Bravo” supermarketlər şəbəkəsi tərəfindən işğaldan azad olunmuş ərazilərdə xidmət edən hərbi qulluqçularımız üçün yeni dəstək aksiyasının həyata keçirilməsi önəmli addımdır”.
İşğladan azad olunan ərazilərdə görüləcək yenidənqurma işlərinə toxunan partiya sədrinin sözlərinə görə, Azərbaycan Prezidentinin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması üçün genişmiqyaslı işlər görüləcək: “Məlum olduğu kimi, Azərbaycan Prezidentinin birbaşa göstərişi və müvafiq sərəncamları əsasında həmin ərazilərimizdə genişmiqyaslı yenidənqurma və bərpa işlərinə başlanılıb: Bu məsələ ilə bağlı bizə dost olan ölkələrin şirkətləri ilə dövlətimiz arasında artıq danışıqlar gedir. Eyni zamanda, qardaş Türkiyə və İtaliya şirkətlərinin işğaldan azad edilən ərazilərdə infrastrukturun yaradılması layihələrində iştirakı yönündə proseslərə start verilməsi mühüm əhəmiyyət daşıyır”.
- Oxunub: 3510 |
- Tarix: 26-12-2020 |
-
Çap et |