“Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə edilən möhtəşəm qələbədən sonra şəhid ailələri və qazilərə diqqət və qayğının göstərilməsi istiqamətində mühüm addımlar atılır. Bu prosesə dövlət səviyyəsində olduğu kimi, cəmiyyətimizin bütün təbəqələri tərəfindən də dəstək göstərilməsi xüsusi önəm kəsb edir”. Bu fikirləri “Yeni Azərbaycan”a açıqlamasında Azərbaycan Respublikaçılar Partiyasının sədri Sübut Əsədov deyib.
Partiya sədrinin sözlərinə görə, I Qarabağ müharibəsində şəhid olanların ailələrinə və qazilərə göstərilən dövlət qayğısı onu deməyə əsas verir ki, Vətən müharibəsində əldə edilən qələbəni bizə bəxş edənlər də daim diqqət mərkəzində olacaqlar: “Mən I Qarabağ müharibəsi şəhidinin qardaşı kimi bu dəstəyi və qayğını həmişə hiss etmişəm. Buna görə də inanıram ki, əvvəllər olduğu kimi, dövlətimiz və xalqımız Vətən müharibəsində yaralananların və şəhid ailələrinin daim yanında olacaq”.
S.Əsədov onu da əlavə edib ki, dövlətimizin və xalqımızın qarşısında dayanan digər mühüm məsələ işğaldan azad olunan rayonlarımızda bərpa və yenidənqurma işlərinin həyata keçirilməsidir: “Artıq Azərbaycan Prezidentinin birbaşa rəhbərliyi ilə işğaldan azad olunan ərazilərimizdə çox ciddi yenidənqurma və bərpa işlərinə başlanılıb. Hazırda Şuşa şəhərində, Tərtərin Talış və Suqovuşan kəndlərində və işğaldan azad olunan digər ərazilərdə genişmiqyaslı işlər görülür. Sözsüz ki, bu istiqamətdə böyük layihələr hazırlanacaq və həyata keçiriləcək. Bu prosesə dövlətlə yanaşı, özəl şirkətlərin, o cümlədən xarici şirkətlərin maraq göstərməsi də Qarabağda quruculuq işlərinin qısa vaxtda yerinə yetiriləcəyinə inamı artırır”.
- Oxunub: 2910 |
- Tarix: 26-12-2020 |
-
Çap et |