Ölkəmizin milli maraqlarına qarşı olan və işğalçı Ermənistana havadarlıq etməyə çalışan bəzi xarici anti-Azərbaycan dairələrin xidmətçisinə çevrilən radikal müxalifət 44 günlük Vətən müharibəsində də öz xislətindən əl çəkmədi. Belə ki, müharibə dövründə ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların milli birlik bəyanatlarına qoşulmamağa “qərar verən” antimilli qüvvələr noyabrın 10-da əldə edilən qələbədən sonra da ermənipərəst mərkəzlərin tezisləri əsasında sosial şəbəkələrdə, internet resurslarında öz “fəaliyyətini” davam etdirməkdədir. Daha doğrusu, şəxsi ambisiyalarının əsirinə çevrilən antimilli ünsürlər və onların xarici ölkələrdəki uzantıları sosial şəbəkələrdə, bir sıra internet resurslarında ölkəmizin uğurlarına kölgə salmağa çalışır, yalan informasiyalarla ictimai rəyi yanıltmağa cəhd göstərir. Qeyd etmək yerinə düşər ki, erməniləri bu və ya digər şəkildə dəstəkləyən, onların yalanlarını əllərində olan internet resursları vasitəsilə yayan “sapı özümüzdən olan baltalar” mahiyyətcə düşmən qədər təhlükəlidirlər.
İllərdir Azərbaycan dövlətinin qüdrətinə, hərbi potensialına qarşı çirkab atmağa çalışan, Azərbaycan Ordusuna qarşı şər-böhtan səsləndirənlər bu gün utanmadan öz fəaliyyətlərini davam etdirirlər. Amma reallıq ortadadır. Azərbaycan xalqı vaxtilə torpaqlarımızın işğal edilməsinə şərait yaradanların, ölkənin suverenliyini təhlükə qarşısında qoyanların hazırkı dövrdə də ara qarışdırmasına imkan vermir. Torpaqlarımızın işğaldan azad olunması zamanı dövlətlə, xalqla bir yerdə olmağı bacarmayan antimilli ünsürlərin bu gün də mənəvi dəyərləri ayaq altına alaraq erməni yalanlarının ruporuna çevrilməsi hər kəs tərəfindən qınanılır və ikrah hissi ilə qarşılanır. Bu isə onu deməyə əsas verir ki, xalqına, dövlətinə düşmən kəsilənlərin çirkin niyyətləri hər zaman olduğu kimi, bu dəfə ürəklərində qalacaq.
Pərviz SADAYOĞLU
- Oxunub: 2040 |
- Tarix: 26-12-2020 |
-
Çap et |