Yeni növ koronavirus (COVID-19) infeksiyasından qorunmaq yollarından biri də əllərin gigiyenasıdır. Mütəxəssislər qeyd edirlər ki, əllər daim təmiz saxlanmalıdır. Hansısa səthə toxunduqda isə əllərin yuyulması və ya dezinfeksiyaedici məhlullar vasitəsilə təmizlənməsi vacibdir. Bu, yoluxma riskini kifayət qədər azaldır.
Yeri gəlmişkən, əvvəllər əlləri 2-3 dəqiqə müddətində isti su altında sabunla yumaq tövsiyə olunurdu. Lakin həmin gigiyenik qaydaya əməl edilməsi dəri quruluğu problemi yaradır. Mütəxəssislər qeyd edirlər ki, ovuc və pəncə altından başqa dərinin bütün bölgələrində piy vəzləri var. Mütəmadi olaraq həmin piy vəzlərindən yağ ifraz olunur, daim dərini yağlandırır və onun elastikliyini təmin edir. Çünki bütün dəri örtüyü hərəkətdədir və onun elastik olmağı vacibdir.
Məsələ ilə bağlı qəzetimizə açıqlama verən həkim-dermatoloq Sevinc Kərimova deyib ki, isti su ilə əlləri yumaq təbii yağlanmanı tamamilə aradan qaldırır və nəticədə dəri tam yağsız qalır, quruyur və elastikliyini itirir: “Hətta çat və qabıqlanma kimi problemlər meydana çıxır. Belə ki, əllərin yuyulduğu su həddindən çox isti olmamalıdır, onun cüzi ilıq və otaq havasına uyğun temperaturda olması məsləhətdir”.
Dermatoloq bildirib ki, əlləri hər dəfə sabunla yumağa və tez-tez spirtdən istifadə etməyə də ehtiyac yoxdur, çünki etil spirti də yağları parçalayır, məhv edir və dəri yağsız qalır: “Maddələr mübadiləsi normal getmədiyi halda avitaminoz, yəni vitamin çatışmazlığı yaranır. Qidalanma düzgün olduqda bütün orqanizm, o cümlədən də dəri özünə lazım olan maddələri alır. Mütəmadi olaraq nəmləndirici əl kremlərindən, xüsusilə tərkibində lanolin, vazelin olan kremlərdən qış aylarında istifadə etmək məsləhətdir. Şaxtalı havalarda isti əlcəklər geyinmək də dərini qurumaqdan qoruyur”.
MÜŞFİQƏ
- Oxunub: 2880 |
- Tarix: 26-12-2020 |
-
Çap et |