UNEC-də Tələbə Gənclər Təşkilatı və Biznes və menecment fakültəsinin təşkilatçılığı ilə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların ailə üzvləri ilə görüş keçirilib.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, tədbirdə şəhid polkovnik İlqar Mirzəyevin, baş leytenant Samir Əliyevin, Əbdülməcid Axundovun və Cəbrayıl Dövlətzadənin ailə üzvləri və UNEC-in müəllim-tələbə heyəti iştirak edib.
Görüşdə Vətən uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, qəhrəmanlarımıza həsr edilən videoçarx nümayiş olunub.
Sonra Ticarət və gömrük işinin təşkili kafedrasının dosenti Pikəxanım Xudiyeva, Biznesin idarə edilməsi kafedrasının baş müəllimi Hicran Muradova Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan möhtəşəm qələbənin tarixi ədalətin bərpası olduğunu qeyd ediblər. Haqq savaşında UNEC-in tələbə və məzunlarının qəhrəmanlıqla döyüşdüyünü bildirilib. Adları Vətən tariximizə qızıl hərflərlə yazılan bu qəhrəmanların gənclərimizə örnək olduğunu diqqətə çatdırılıb.
Sonra polkovnik İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev, baş leytenant Samir ƏIiyevin nənəsi Cəmilə xanım, anası Sevda xanım, nişanlısı Nərmin xanım, Əbdülməcid Axundovun anası Ceyran Axundova, Cəbrayıl Dövlətzadənin anası Məleykə xanım şəhidlərimizin Vətən sevgisindən, döyüşlərdə göstərdikləri şücaətlərdən danışıblar, onlarla qurur duyduqlarını deyiblər.
Görüşdə tələbələr qəhrəmanlarımızın əziz xatirəsini daim uca tutacaqlarını, onların Vətənin müdafiəsi uğrunda müqəddəs amallarını şərəflə davam etdirəcəklərini bildiriblər.
- Oxunub: 2070 |
- Tarix: 25-12-2020 |
-
Çap et |