Dekabrın 25-də Astara şəhərinin Həzi Aslanov küçəsində inşa edilmiş 36 mənzilli, dördmərtəbəli yeni yaşayış binası istifadəyə verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Astara rayonu ərazisində baş vermiş torpaq sürüşməsi nəticəsində əhaliyə dəymiş ziyanın aradan qaldırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli Sərəncamına əsasən inşa edilmiş yeni yaşayış binasında sakinlərin rahatlığı üçün hər cür şərait yaradılıb.
Ötən ilin sonlarında inşasına başlanılan yaşayış binasında mənzillərin 16-sı ikiotaqlı, 12-si üçotaqlı, 8-i isə birotaqlıdır. Mənzillər içməli su, təbii qaz və istilik sistemi ilə təmin olunub.
Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev sakinləri yeni yaşayış binasının istifadəyə verilməsi və qarşıdan gələn bayramlar münasibətilə təbrik edərək bildirib ki, bu günlər Azərbaycan xalqı sevinc dolu günlər yaşayır.
Diqqətə çatdırılıb ki, 44 gün davam edən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin - Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi.
Yeni mənzil alanlar mərasimdə çıxış edərək soyuq qış günündə və əlamətdar bayramlar ərəfəsində onlara hədiyyə edilən gözəl binaya görə xalqımıza Böyük Qələbə sevincini yaşadan Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
- Oxunub: 1770 |
- Tarix: 25-12-2020 |
-
Çap et |