Prezident İlham Əliyevin 2019-cu il 28 noyabr tarixli Sərəncamına əsasən, maliyyə bazarlarına nəzarət funksiyaları Azərbaycan Mərkəzi Bankına (AMB) ötürülüb. Bu funksiyalardan biri də maliyyə xidmətləri istehlakçıların və investorların hüquqlarının pozulmasının qarşısının alınması və pozulmuş hüquqların bərpasının təmin olunmasıdır. Fəaliyyət istiqamətinə müvafiq olaraq Mərkəzi Bank tərəfindən istehlakçılar və investorlardan daxil olan yazılı və şifahi müraciətlərə baxılır, müraciətlərlə əlaqəli sorğular göndərilir, araşdırmanın nəticəsinə uyğun olaraq cavablar hazırlanır, hüquq pozuntusu aşkar edildiyi təqdirdə istehlakçıların və investorların pozulmuş hüquqlarının bərpası məqsədilə nəzarət subyektlərinə icrası məcburi göstərişlər verilir və ya digər hüquqi tədbirlər həyata keçirilir. Müraciət edən və müraciəti araşdırılan vətəndaşlar qəbul cədvəlinə uyğun olaraq Mərkəzi Bankın inzibati binasında və ya videobağlantı formatında qəbul edilir. Koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizənin təşkilinin təmin edilməsi məqsədilə Mərkəzi Bankda vətəndaşların fiziki qəbulu dayandırılın və yalnız onlayn qəbul həyata keçirilməkdədir. Cari il ərzində maliyyə bazarı iştirakçılarının çoxsaylı müraciətləri araşdırılaraq cavablandırılıb, nəzarət subyektləri tərəfindən göstərilən xidmətlərin keyfiyyətinə nəzarət tədbirləri həyata keçirilib, habelə nəzarət subyektləri ilə görüşlər təşkil olunub.
AMB-dən AZƏRTAC-a bildirilib ki, nəzarət subyektləri ilə həyata keçirilən belə görüşlərdən biri də cari ilin noyabr ayında baş tutub. Görüş zamanı Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən nəzarət subyektlərinin nümayəndələri maliyyə xidmətləri sahəsində şəffaflığın təmin edilməsi, hesabatlılığın təkmilləşdirilməsi və vətəndaş məmnunluğunun daha da artırılması məqsədilə görülə biləcək tədbirlər barədə məlumatlandırılıb. Belə görüşlərin keçirilməsi mütəmadi xarakter daşıyır.
Mərkəzi Bankın nəzarət subyektləri olaraq müəyyən edilmiş banklar, sığortaçılar, səhmdar cəmiyyətləri və digər maliyyə subyektləri tərəfindən hüquqpozmalara yol verildiyi təqdirdə, habelə bankın səlahiyyətlərinə aid olan digər məsələlərlə bağlı vətəndaşlar qanunvericilikdə müəyyən edilmiş qaydada yazılı olaraq Mərkəzi Banka Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti 27 ünvanına poçt vasitəsilə, “https://contact.e-cbar.az/” elektron ünvanından onlayn, +994124935058 telefon nömrəsi və 966 qaynar xətt nömrəsi ilə şifahi müraciət edə bilərlər. Eyni zamanda, “cbar@cbar.az” ünvanından onlayn qəbula yazılmaq mümkündür.
AMB tərəfindən vətəndaş məmnunluğunun artırılması məqsədilə bankların və sığortaçıların inzibati binalarında nəzarət subyektləri tərəfindən qanunvericiliyin tələblərinin pozulduğu hallarla bağlı, həmçinin bankın səlahiyyətlərinə aid məsələlər barədə məlumat əldə etməsi üçün vətəndaşların sorğu xarakterli müraciət ünvanlaya biləcəkləri 966 qaynar xətti barədə məlumat lövhələri yerləşdirilib. Mərkəzi Bank tərəfindən çoxsaylı zənglərin operativ cavablandırılması üçün qaynar xəttin iş rejimi gücləndirilib, operatorların sayı artırılın, iş günlərində qaynar xəttin fasiləsiz xidmət göstərməsi təmin edilib.
Maliyyə institutu istehlakçılarının məmnunluğunun təmin edilməsi üçün daim çalışan Mərkəzi Bank tərəfindən müraciətlər nəzarətdə saxlanılır və bununla bağlı mütəmadi tədbirlər görülür.
- Oxunub: 2310 |
- Tarix: 25-12-2020 |
-
Çap et |