“Müstəqil Azərbaycanın ən yeni dövrü Prezidentimiz cənab İlham Əliyevin adı və yorulmaz fəaliyyəti ilə üzvi surətdə bağlıdır. Cənab İlham Əliyevin dövlətimizə böyük uğurla rəhbərlik etdiyi 17 il Azərbaycanın müstəqillik dövrünün yarıdan çoxunu təşkil edir. Bu illər müstəqillik tariximizin salnaməsinə həkk olunmuş tarixi zəfərlərlə, yeni-yeni nailiyyətlərlə zəngindir”. Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) İcra Katibliyinin təşkilat şöbəsinin müdiri, partiyanın Siyasi Şurasının üzvü, millət vəkili Aydın Hüseynov deyib.
Aydın Hüseynov bildirib ki, 17 illik bu dövr yeni inkişaf mərhələsinə qədəm qoyulması və cəmiyyət həyatının bütün sahələrinin daha da irəli getməsi dövrüdür. İndi Azərbaycanda elə bir sahə tapmaq olmaz ki, həmin istiqamətdə nəinki irəliləyiş, sözün əsl mənasında, böyük inkişaf əldə edilməmiş olsun.
Millət vəkilinin sözlərinə görə, iqtisadçı alimlər cənab İlham Əliyev ölkəmizə rəhbərlik etdiyi illəri müstəqil Azərbaycanın hərtərəfli inkişaf dövrü kimi səciyyələndirirlər. Tarixçilər 2003-2020-ci illəri müstəqil Azərbaycanın inkişafının yeni tarixi epoxası hesab edirlər. Digər mütəxəssislər də, bu dövrü davamlı və dayanıqlı inkişaf illəri kimi səciyyələndirirlər.
“2020-ci il isə milli tariximizə qızıl hərflərlə yazılacaq bir ildir. Bu il sentyabrın 27-də başlanan Vətən müharibəsi bizim parlaq qələbəmiz ilə yekunlaşdı. Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 44 gün ərzində düşmən ordusunu darmadağın etdi, işğal altında olan torpaqlarımızın böyük hissəsi azad olundu. Düşmən kapitulyasiya aktını imzalamağa məcbur oldu, digər ərazilərimiz qan tökülmədən geri qaytarıldı. Beləliklə, ölkəmizin ərazi bütövlüyü təmin olundu. Bu əzəmətli qələbəyə Prezident, xalq və ordu birliyi sayəsində nail olundu. Bu gün müstəqil Azərbaycan Respublikası Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni uğurlara doğru inamla addımlamaqdadır. Bütövlükdə, dövlət rəhbəri ilə xalqın sarsılmaz birliyi ölkəmizə yeni zəfərlər qazandıracaq, - deyə A.Hüseynov vurğulayıb.
- Oxunub: 1890 |
- Tarix: 25-12-2020 |
-
Çap et |