Göygöl Rayon İcra Hakimiyyətinin (RİH) və Yeni Azərbaycan Partiyası (YAP) Göygöl rayon təşkilatının birgə təşkilatçılığı ilə “İlham Əliyev qətiyyəti - 8 Noyabr Zəfər Günü! Möhtəşəm parad!” mövzusunda elmi-praktiki konfrans keçirilib.
Tədbirdə çıxış edən YAP Göygöl rayon təşkilatının sədri Turani Əliyev düşmən təxribatına cavab olaraq Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə başlanan, ərazi bütövlüyümüzün bərpa edilməsi ilə nəticələnən Vətən müharibəsinin əhəmiyyətindən danışıb. T.Əliyev qeyd edib ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün ərzində Ermənistan silahlı qüvvələrini darmadağın etdi, torpaqlarımız işğaldan azad olundu: “Ali Baş Komandan Vətən müharibəsində Böyük Qələbəni xalqımıza bəxş etməklə, eyni zamanda, “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” deyən Ulu Öndərin arzusunu reallaşdırdı”.
Videokonfransda çıxış edən Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu vurğulayıb ki, Prezident İlham Əliyevin Azərbaycanın müdafiə qabiliyyətinin artırılması istiqamətində həyata keçirdiyi davamlı və məqsədyönlü siyasət böyük qələbəni şərtləndirib: “Ordu quruculuğu sahəsində həyata keçirilmiş islahatlar, habelə şəxsi heyət arasında hərbi-vətənpərvərlik ruhunun artırılması, ordumuzun ən müasir hərbi texnika ilə silahlandırılması, yüksəkixtisaslı, peşəkar zabit korpusunun formalaşdırılması Azərbaycana böyük zəfər qazandırdı”.
Videokonfransda digər çıxış edənlər YAP Göygöl rayon təşkilatı Qadınlar Şurasının sədri Nuranə Quliyeva, Nadil kənd tam orta məktəb ərazi ilk partiya təşkilatının sədri Lilpar Verdiyeva və Xəqani kənd bələdiyyəsi ərazi ilk partiya təşkilatının sədri Adil Qarayev Ali Baş Komandanın, xalqımızın və ordumuzun qazandığı böyük tarixi qələbədən, Prezidentin Sərəncamı ilə təsis edilmiş 8 Noyabr - Zəfər Gününün əhəmiyyətindən bəhs ediblər.
- Oxunub: 2040 |
- Tarix: 25-12-2020 |
-
Çap et |