Türkiyə-Gürcüstan strateji tərəfdaşlığı, həmçinin Türkiyə-Gürcüstan-Azərbaycan əməkdaşlığına zərbə vurmağa, dostluq və mehriban qonşuluğumuzu pozmağa yönəlmiş bütün cəhdlər nəticəsiz qalacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan özünün “Tvitter” hesabında yazıb.
Qeyd edək ki, son günlər Gürcüstanın bəzi mətbu orqanlarında Türkiyənin iri banklarının bu ölkənin işğal altında olan Abxaziya bölgəsində “World” kartlarının sahiblərinə xidmət göstərmələri barədə məlumatlar yayılıb.
Səfir F.C.Yazqan bununla əlaqədar Gürcüstanın Xarici İşlər Nazirliyinə çağırılıb. F.C.Yazqan bildirib ki, XİN nümayəndələri ilə məsələni müzakirə edib. Müzakirələr zamanı Türkiyənin Gürcüstanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyi, işğal altında olan ərazilərdə maliyyə xidmətlərinin göstərilməsinə heç zaman razılıq vermədiyini diqqətə çatdırıb. Bildirilib ki, bu gün Türkiyə, Gürcüstan və Azərbaycan regionda çox mühüm layihələr həyata keçirir. Bu da bəzi qara qüvvələri narahat edir. Onlar müxtəlif vasitələrlə Türkiyə-Gürcüstan-Azərbaycan dostluğuna, qardaşlığına və daim inkişaf edən, möhkəmlənən əməkdaşlığına zərbə vurmağa çalışırlar. Onların bu cəhdləri heç bir nəticə verməyəcək.
Səfir qeyd edib ki, yayılan məlumatlar dəqiqləşdirilməmiş informasiyalardır və həqiqəti əks etdirmir.
F.C.Yazqan bu cür halların qarşısını almaq və ictimaiyyət arasında yanlış fikir yaratmamaq üçün Gürcüstan hökuməti ilə daha sıx əməkdaşlıqla bağlı razılığın əldə olunduğunu bildirib.
- Oxunub: 2010 |
- Tarix: 24-12-2020 |
-
Çap et |