Azərbaycanın Ermənistan ilə müharibədə inamlı qələbə qazanması mükəmməl bir liderin ölkə üçün nə qədər əhəmiyyətli olduğunu göstərdi.
Bu sözləri AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində Gürcüstanın Terrorizm və Siyasi Zorakılıqları Araşdırmalar Mərkəzinin direktoru, politoloq, professor Badri Naçkebiya söyləyib.
Politoloq bildirib ki, Azərbaycanın əldə etdiyi qələbənin hərbi hissəsi ilə bağlı çox şey yazılıb və hərbi mütəxəssislərin məhz bu kontekstdən çıxış etmələri də təbiidir. Lakin bu qələbənin əldə olunmasında Azərbaycan diplomatiyasının rolu xüsusi qeyd olunmalıdır.
Professor deyib ki, son 30 ilə yaxın dövrdə Azərbaycan ərazilərinin 20 faizinin işğal olunması ölkəni çətin vəziyyətə salmışdı. Münaqişə bölgəsində kövrək sülhü qorumağa çalışan ATƏT-in Minsk qrupu da problemin həllinə və bölgədə sülhün bərpasına nail ola bilmədi. BMT-nin Azərbaycanın ərazi bütövlüyünün bərpasına çağıran qətnamələri də kağız üzərində qalmışdı. Azərbaycan isə bu dövr ərzində vəziyyəti böyük səbir və dözümlə izlədi və ölkəni qurmağa davam etdi. Ölkəni ağır vəziyyətdən çıxarmaqda müstəsna rolu olan Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətini qurdu. Sonradan dahi liderin məqsədyönlü siyasətinin onun yeganə varisi, regionun ən mükəmməl və praqmatik siyasətçisi, gənc və enerjili diplomat İlham Əliyev tərəfindən davam etdirilməsi hələ o vaxtdan Azərbaycanın böyük qələbələrə imza atacağından xəbər verirdi. Bu gün baş verənlər və nəticə etibarilə, əldə olunan nailiyyətlər Prezident İlham Əliyevin görkəmli lider olduğunu sübut etdi. Ölkəsini iqtisadi cəhətdən inkişaf etdirən lider daha sonra hərbi sahədə gücünü sübut edən ən müasir ordulardan birini qurmağı bacardı. Hadisələri diqqətlə izlədikdə görmək olur ki, diplomatiya sahəsində təhsil alan Prezident İlham Əliyev ölkənin rasional və praqmatik xarici siyasətini uğurla davam etdirir.
Badri Naçkebiya vurğulayıb ki, dünyada güclü siyasətçi və dövlət xadimi statusunu qazanan lider çox azdır. Bu ada sahib olan liderlərdən biri məhz İlham Əliyevdir. Onun haqqında daha çox danışmaq, diplomatik qələbələri barədə daha çox nümunələr gətirmək olar. Düşünürəm ki, Prezident İlham Əliyevin əsas diplomatik qələbələri hələ qabaqdadır. Bu, ilk növbədə, bölgədə yaşayan bütün xalqların rifahı naminə davamlı sülhün bərqərar olmasıdır.
- Oxunub: 1830 |
- Tarix: 24-12-2020 |
-
Çap et |