Müstəqil Azərbaycan Respublikası Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü, prinsipial, milli maraqlara əsaslanan siyasət nəticəsində güclü, dinamik inkişaf edən, yüksək beynəlxalq nüfuza malik dövlətə çevrilib, iqtisadi inkişaf sürətinə görə dünyada liderlik mövqeyinə yüksəlib. Bu səbəbdəndir ki, Azərbaycan xalqı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəkləyir, bu siyasətə alternativ görmür, əldə olunan uğurları yüksək qiymətləndirir.
Bunu AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Sədaqət Vəliyeva bildirib ki, Prezident İlham Əliyev 2003-cü ildə qarşıya qoyduğu və bəyan etdiyi strateji hədəflərə nail olunması üçün istər beynəlxalq miqyasda, istərsə də ölkə daxilində məqsədyönlü, ardıcıl, düşünülmüş siyasət həyata keçirib və “güclü dövlət” konsepsiyasını reallaşdırmağa nail olub. Deputat qeyd edib: “Prezident İlham Əliyev qurucu, birləşdirici, Azərbaycan xalqının bütün istək və arzularını həyata keçirən, öz siyasətində Azərbaycan dövlətinin və xalqının maraqlarını ən ali məqsəd kimi görən və bütün qüvvəsini bu istiqamətdə səfərbər edən, xalqın birmənalı şəkildə dəstəklədiyi, etimad göstərdiyi və etibar etdiyi liderdir. Prezident İlham Əliyev praqmatik siyasətçidir, hadisələri, prosesləri dəqiq qiymətləndirir, mühüm məsələlərin elmi cəhətdən əsaslandırılmış həlli yollarını təqdim edir, verdiyi bütün vədləri də gerçəkləşdirir. Dövlətimizin başçısı öz xalqını ürəkdən sevən, onun xoşbəxt gələcəyini düşünən və xalqı üçün misilsiz xidmətlər göstərən tarixi şəxslər sırasına öz adını böyük hərflərlə yazıb”.
Prezident İlham Əliyevin Azərbaycanın ərazi bütövlüyünü bərpa edən Lider kimi adını əbədi olaraq tarixə yazdırdığını, Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini yaradaraq 44 günlük Vətən müharibəsinin əsl qəhrəmanına çevrildiyini diqqətə çatdıran Sədaqət Vəliyeva deyib: “Müzəffər Ali Baş Komandan və rəşadətli Ordumuz Ermənistanın 4 ilə işğal etdiyi, təxminən 30 il ərzində möhkəmləndiyi torpaqlarımızın 44 günlük fəal müharibə, 20 günlük isə siyasi-diplomatik vasitələrlə cəmi 2 ay ərzində tam azad etməklə möhtəşəm zəfər tarixi yazdı. Heç şübhəsiz, Vətən müharibəsi barədə danışdıqda bu prosesin şəksiz qəhrəmanları olan Müzəffər Ali Baş Komandanın və rəşadətli Ordumuzun uğurları xüsusi dəyərləndirilməlidir. Buna görə də Prezident İlham Əliyev “Milli Qəhrəman”, “Vətən Müharibəsi Qəhrəmanı” adlarına ən layiqli şəxsiyyətdir”.
- Oxunub: 1890 |
- Tarix: 24-12-2020 |
-
Çap et |