Müstəqil Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin komandanlığı altında rəşadətli Ordumuz 44 gün ərzində düşmən ordusunu diz çökdürdü, BMT Təhlükəsizlik Şurası, Avropa Parlamenti, AŞPA və digər beynəlxalq qurumların qəbul etdiyi, uzun illər masa üzərində qalaraq lazımsız kağız parçasına çevrilmiş qərarları yerinə yetirdi, Cənubi Qafqazda beynəlxalq hüququn Ermənistan tərəfindən pozulmuş normalarını və prinsiplərini bərpa etdi. Haqq mübarizəsindən qalib çıxan Azərbaycan Zəfərini təntənəli hərbi keçidlə qeyd etdi, döyüş əməliyyatları zamanı düşməndən götürülən çoxlu sayda qənimət - tanklar, piyadaların döyüş maşınları, minaatanları dünyaya nümayiş etdirildi. Dost da, düşmən də 44 gün ərzində Azərbaycanın igid əsgərlərinin əzmlə, qürurla, çiyin-çiyinə verərək biləklərinin haqqı ilə qazandıqları bu fəxarətli zəfərlərini qürurla qeyd etmələrinin şahidi oldu.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Pərvin Kərimzadə bildirib.
Deputat qeyd edib ki, bu möhtəşəm Qələbə dövlətimizin başçısı İlham Əliyevin adını yenilməz Sərkərdə, Azərbaycan tarixində itirilmiş torpaqlarımızı qaytaran Prezident kimi tarixə həkk etdi.
Düşmən üzərində böyük Qələbəmiz yumruq kimi bir olmağımızın, milli birliyimizin, həmrəylimizin, dövlət müstəqilliyimizin əbədi və dönməzliyinin nümayişi ilə yanaşı, 17 il əvvəl Prezident İlham Əliyevin söylədiyi “Mən hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm” sözlərinin tam təsdiqi oldu.
Bəli, 17 il ərzində Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi məqsədyönlü və praqmatik siyasət sayəsində Azərbaycanın qüdrətinin artması ölkəmizin Vətən müharibəsində parlaq Qələbəsini təmin etdi. Azərbaycanın Qalib Lideri bir daha təsdiq etdi ki, daim xalqın arzu və istəkləri ilə üst-üstə düşən, reallıqla səsləşən təşəbbüslərə imza atılıb.
Hər zaman xalqına arxalanan, xalqdan güc alan Prezident İlham Əliyev “Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss etmişəm və hiss edirəm” deyib, imzaladığı fərman və sərəncamların, həyata keçirdiyi çoxsaylı tədbirlərin, gördüyü bütün işlərin kökündə vətəndaş amili, milli maraqlar dayanıb. Məhz buna görə 17 il əvvəl Prezident İlham Əliyevin qarşıya qoyduğu və bəyan etdiyi strateji hədəflər bu gün istər ölkə daxilində, istərsə də beynəlxalq miqyasda, reallığa çevrilib. Məhz son 17 ildə həyata keçirilən məqsədyönlü, ardıcıl, düşünülmüş siyasət, Prezident İlham Əliyevin uzaqgörən inkişaf strategiyası nəticəsində ölkəmiz dayanıqlı iqtisadi inkişafa nail olub, dünyadakı nüfuzunu daha da artırıb, beynəlxalq aləmdəki reytinqi mütəmadi olaraq yüksəlib və dünyanın inkişaf etmiş dövlətləri sırasına addımlayıb, regionun siyasi, iqtisadi və mədəni mərkəzinə, söz sahibinə çevrilib.
Bu gün Azərbaycan xalqı tam əmindir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil dövlətimiz indiyədək olduğu kimi, bundan sonra da dövlətimizin başçısının böyük uzaqgörənliklə müəyyənləşdirdiyi istiqamətlərin hər birində - istər hərbi, istər siyasi müstəvilərdə, istərsə də iqtisadi sahədə davamlı olaraq inkişaf edəcək, daha böyük qələbələrə imza atacaq. Prezident İlham Əliyevin apardığı milli maraqlara söykənən cəsarətli siyasəti sayəsində formalaşan xalq-iqtidar birliyi buna tam təminat verir.
- Oxunub: 2280 |
- Tarix: 24-12-2020 |
-
Çap et |