Xalqın tarixi onun həyatının unudulmayan anlarının salnaməsidir. Bu anlar xalqın keçmişindən xəbər verir, taleyini müəyyən edir, gələcəyinə işıq salır. İndiki nəsillərin şahidi olduğu son 30 ilin millətimizin tale salnaməsinin parlaq hadisələrlə zəngin olan səhifəsi hesab edilməyə tam haqqı çatır. Azərbaycanın dövlət müstəqilliyinin bərpası, qısa vaxtda möhtəşəm iqtisadi yüksəliş yolu keçərək müasir və qüdrətli məmləkətə çevrilməsi tariximizin əbədiyyətə qovuşan səhifələrini təşkil edir. Bu tarix xalqımızın rəşadətinin, dövlətimizin qüdrətinin təzahürləridir. Bu tarix 2020-ci ilin Vətən müharibəsində müşahidə etdiyimiz qəhrəmanlığın və şanlı zəfərin istinad nöqtəsi, ilham mənbəyidir.
Tarixi yaradanlar qüdrətli, hər şeyə qadir, xalqının taleyini dəyişdirə bilən şəxsiyyətlərdir. Həmişə belə olub. Bu gün də belədir. Gələcək də qüdrətli şəxsiyyətlərin həyat salnaməsi olacaqdır.
Azərbaycanın müasir tarixi iki qüdrətli Liderin - müstəqil Azərbaycan dövlətinin qurucusu Ümummilli Lider Heydər Əliyevin və Vətən müharibəsinin qalibi, Qarabağın xilaskarı Prezident, Ali Baş Komandan İlham Əliyevin müdriklik, qətiyyət və qəhrəmanlıq salnaməsidir. Bu, Qurtuluş tarixidir, Yüksəliş tarixidir, Zəfər tarixidir.
Böyük dövlət xadimi Heydər Əliyev: Mən Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm
Müasir Azərbaycan dövlətinin memarı Ümummilli Lider Heydər Əliyevin qurduğu dövlətin taleyini tapşıracağı yeni Liderin seçilməsində nümayiş etdirdiyi Özünəməxsus müdrikliyin miqyası illər keçdikcə daha aydın görünür, seçimin uğuru təkzibolunmaz şəkildə öz təsdiqini tapırdı. Onun 2003-cü ilin prezident seçkiləri ərəfəsində prezidentliyə namizəd İlham Əliyev haqqında dediyi “Mən Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm. Əminəm ki, Mənim başa çatdıra bilmədiyim işləri O başa çatdıracaqdır” sözləri Ümummilli Liderin uzaqgörənliyinin və seçiminin alternativsizliyinin bariz nümunəsi sayıla bilər.
Etiraf edilməlidir ki, İlham Əliyevin Ümummilli Liderin seçimini və etimadını doğrultması özünü çox gözlətmədi. Əslində 2003-cü ilin uğurlu seçki kampaniyasını Ulu Öndərin seçiminin düzgünlüyünə xalqın inamının ifadəsi hesab etmək olar. İlham Əliyevin seçki proqramının o zaman üçün kifayət qədər cəsarətli görünən 600 min yeni iş yerinin yaradılması, 1990-cı illərin acı hadisələrinin yadigarları olan bütün çadır şəhərciklərinin ləğv edilməsi kimi müddəaları ölkəyə böyük dəyişikliklər vəd edən yeni liderin gəlməsindən xəbər verirdi. Həyat göstərdi ki, verilən vədlər seçici rəğbətini qazanmaq naminə deyil, ölkənin həyatında sözün həqiqi mənasında, yeni mərhələnin başlanması kimi möhtəşəm proqramı həyata keçirmək niyyətindən irəli gəlir. Cəmiyyət İlham Əliyevin timsalında yeni Liderin meydana gəldiyini görür, Onun seçki platformasına inam və ehtiramla yanaşırdı. Digər tərəfdən, xalq Onun nümunəsində Azərbaycanda Heydər Əliyev siyasətinin davam etdirilməsinin etibarlı təminatını görürdü ki, bu da İlham Əliyevin seçki kampaniyasının uğur amilləri sırasında əhəmiyyətli yer tuturdu.
Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti müşayiət edən diqqətəlayiq uğurların iki fundamental amilə əsaslandığı iddia edilə bilər. Bunun birincisi Onun Heydər Əliyev ideyalarına sədaqəti, bu ideyaların həyata keçirilməsinin etibarlı təminatçısı olması ilə əlaqədardır. Heydər Əliyevin ideyalarına və həmin ideyalara əsaslanan siyasətə dərin inam həmişə ölkəmizdə qərarlaşmış ictimai məfkurənin ayrılmaz tərkib hissəsi sayılıb və bu baxımdan Azərbaycan cəmiyyətinə təqdim edilən yeni konsepsiyanın Ümummilli Liderin ideyalarına sədaqət ruhunda formalaşması sonuncunun uğur amillərindən biri kimi qəbul edilir. İlham Əliyevin Heydər Əliyev siyasətinə həm sadiq olacağını bəyan etməsi, həm də əməli surətdə bunu sübuta yetirməsi həm Onun siyasi kursuna, həm də şəxsiyyətinə hörmət və etimadın formalaşmasında vacib məqam olaraq qiymətləndirilməlidir.
İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurlar qazanmasının digər fundamental əsasının Onun yeni tipli, müasir təfəkkürlü siyasətçi olması ilə şərtləndiyi ayrıca qeyd edilməlidir. Ümummilli Liderin titanik səyləri nəticəsində qurulan müstəqil Azərbaycan dövlətinin 2000-ci illərin əvvəllərindən etibarən yeni iqtisadi, sosial, siyasi keyfiyyət halına keçməsi, başqa sözlə, yeni trasformasiyası aktual problem kimi öz mövcudluğunu getdikcə daha qətiyyətlə ifadə edirdi. Azərbaycan XXI əsrin dövləti olmağa hazırlaşırdı və bu tarixi şansı dəyərləndirərək həyata keçirməli olan yeni lider artıq seçilmişdi. İlham Əliyev Heydər Əliyev ideyalarını yeni dövrün çağırışları və imkanlarına maksimum dərəcədə uyğunlaşdıraraq Ümummilli Liderin qurduğu müstəqil Azərbaycanı XXI əsrin ən uğurlu gənc dövlətlərindən birinə, bəlkə də birincisinə çevirməyə müvəffəq oldu. Beləliklə də Heydər Əliyevin ümidləri, xalqın etimadı bütünlüklə həyatda təsdiqini tapdı.
Güclü dövlət hər şeyə qadirdir
Prezident İlham Əliyevin bəyan etdiyi genişmiqyaslı layihələrin uğurla həyata keçirilməsi hər şeydən əvvəl dövlətin qüdrətinin artırılmasını, onun iqtisadiyyatının gücləndirilməsini nəzərdə tuturdu. Heydər Əliyevin “iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” şüarının ardıcıl surətdə reallığa çevrilməsi yeni dövrün daha da aktuallaşdırdığı çağırış idi. Ümummilli Liderin uzaqgörənliyinin nəticəsi olan neft strategiyasının ilk bəhrələrini verməyə başlaması ölkənin həyatında möhtəşəm dəyişikliklərə start verilməsinə əlverişli imkanlar yaratmışdı. Məmnunluq hissi ilə qeyd edilə bilər ki, Prezident İlham Əliyev mövcud imkanları lazımınca dəyərləndirərək Azərbaycanın yeni güc potensialının yaradılması kimi tarixi missiyanı müvəffəqiyyətlə gerçəkləşdirməyə nail oldu. Ölkə hazırlaşdığı böyük sıçrayışı həyata keçirdi, iqtisadi inkişaf templərinə görə dünyada ilk pilləyə yüksəldi. Qısa bir vaxtda Azərbaycanın iqtisadi landşaftı ciddi şəkildə dəyişdi, bu isə öz növbəsində həm ölkə daxilində iqtisadi fəallığın artırılmasını şərtləndirdi, həm də güclü cazibədarlığı sayəsində milyardlarla xarici sərmayənin ölkə iqtisadiyyatına axmasını təmin etdi.
Neft strategiyasının sayəsində ölkəmizə daxil olan böyük maliyyə resurslarının məqsədəuyğun şəkildə idarə edilməsi və ölkə üçün ən faydalı şəkildə istifadəsi iqtisadi və maliyyə idarəetməsi sahəsində dünya miqyasında mühüm yeniliklərdən hesab oluna bilər. 2007-2008-ci illərin dünyanı bürüyən dərin maliyyə böhranının Azərbaycandan demək olar ki, yan ötməsini səsləndirən fikrin əyani təsdiqi hesab etmək olar. Beləliklə, gənc Azərbaycan dövləti dünyaya iqtisadi nəzəriyyə və praktikada böyük maraq yaradan yeni inkişaf modelini təqdim etdi. Sözügedən modelin ən uğurlu təqdimatını isə ölkənin sürətli və hərtərəfli inkişafının nümunəsində nəinki Azərbaycan vətəndaşları, habelə beynəlxalq ekspertlər və maliyyə sahəsində idarəetmə nəhəngləri müşahidə edə bilirdilər.
İqtisadi və maliyyə sahəsində uğurlu idarəetmə bütün digər sahələrin inkişafına və tamamilə yenidən qurulmasına stimul verdi və lazım olan imkanları təmin etdi. Cəmi bir neçə il lazım oldu ki, Azərbaycan beynəlxalq icma tərəfindən dünyanın ən uğurlu gənc dövləti, çiçəklənən ölkə adlandırılmağa layiq görülsün. Hər birimiz Vətənimizin beynəlxalq nüfuzunun, dövlətimizin siyasi hörmətinin və beynəlxalq iştirakçılığının sürətlə artmasını böyük məmnunluqla və qürur hissi ilə izləyirdik.
Qısa tarixi zaman kəsiyində Azərbaycanın simasının bütünlüklə dəyişməsi həyata keçirilən uğurlu iqtisadi siyasətin və maliyyə idarəetməsinin diqqəti çəkən nəticəsi kimi ayrıca qeyd edilməlidir. Azərbaycan təkcə iqtisadi imkanları ilə deyil, həm də yeni siması, müasirliyi, dünya şəhərsalma praktikasına töhfələri ilə cazibədar olmuşdu. Bu isə öz növbəsində, ölkənin qarşısında yeni imkanlar açırdı. Təsadüfi deyildir ki, gənc Azərbaycan dövləti qlobal əhəmiyyət kəsb edən bir sıra təşəbbüs və layihələrin mərkəzinə çevrildi. Regionun iqtisadi landşaftını köklü surətdə yeniləşdirən neft-qaz ixrac layihələri, beynəlxalq kommunikasiya layihələri və s. ölkəmizin qlobal iqtisadi təşəbbüslərinin kiçik bir hissəsidir.
Beləliklə, SSRİ-nin süqutundan sonra müstəqilliyini bərpa edən, ötən əsrin 90-cı illərinin əvvəllərinin ağır hərbi məğlubiyyətini, iqtisadi və siyasi böhranlarını yaşamağa məhkum edilmiş Azərbaycan XXI əsrin ilk onilliyində əvvəlki mirasından nəinki tamamilə xilas olmuş, habelə böyük iqtisadi qüdrətə malik ölkə kimi özünü dünyaya həm təqdim etməyə, həm də tanıtmağa nail ola bilmişdi. Heç şübhəsiz, bu böyük möcüzə idi. Dahi Heydər Əliyevin və Onun layiqli davamçısı İlham Əliyevin təfəkkürünün, qətiyyətinin və uzaqgörənliyinin məhsulu olan möcüzə. Azərbaycanın 2020-ci ilin dünyaya təqdim etdiyi və çoxlarını mat qoyan möhtəşəm hərbi möcüzəsinin sirlərini axtarmağa çalışsaq, yuxarıda qeyd etdiyimiz iqtisadi möcüzənin üzərindən sükutla keçmək nə mümkün, nə də ədalətli olardı.
Siyasətçi məharəti. Lider
Ölkənin rəhbərinin siyasi proqramının miqyası və icra perspektivləri onun liderlik keyfiyyətləri və statusu ilə bilavasitə əlaqədardır. İlham Əliyevin həm təqdim etdiyi ölkənin inkişaf konsepsiyasının miqyası, həm də hamının Prezidenti olacağı ilə əlaqədar bəyanatı Onun bütün xalqın Lideri kimi özünüdərkinin bariz ifadəsi sayılmalıdır. Siyasətçiyə xas olan ən əsas keyfiyyətlərdən biri xalqı öz ətrafında birləşdirərək onu bəyan edilmiş siyasi proqramın icrası naminə səfərbər etməkdən ibarətdir. Bu, eyni zamanda, liderin legitimliyinin və ictimai dəstəyinin miqyasının göstəricisi olmaq baxımından xüsusi əhəmiyyətə malikdir. Etiraf etmək yerinə düşər ki, Prezidentliyinin elə ilk günlərindən İlham Əliyev cəmiyyəti Öz ətrafında birləşdirərək elan etdiyi quruculuq və müasirləşmə proqramının icrası üçün səfərbər etməyə nail ola bildi.
İlham Əliyevin siyasətçi məharətinin mühüm göstəricilərindən biri Onun uzaqgörənliyi, hədəflərin dəqiq müəyyənləşdirilməsi, uzunmüddətli dövrü əhatə edən planların işlənib hazırlanması istedadı sayıla bilər. Nümunə qismində aşağıdakıları sadalamaq mümkündür: Azərbaycanın qarşısında duran vəzifələrin həllini təmin etmək üçün dövlətin güc və qüdrətinin səbirlə və məqsədyönlü şəkildə artırılması strategiyası, ölkənin beynəlxalq imicinin yüksəldilməsi yolu ilə milli maraqlarımızın reallaşdırılmasında əhəmiyyətli beynəlxalq dəstəyin əldə edilməsi proqramı, ordunun döyüş qabiliyyətinin ciddi şəkildə yüksəldilməsi vasitəsilə Qarabağın işğaldan azad edilməsi konsepsiyası və s. İlham Əliyevin yüksək liderlik məharəti eyni dərəcədə xarici siyasət sahəsində özünü büruzə verir. Onun xarici siyasət doktrinası beynəlxalq iştirakçılığın gücləndirilməsi, Azərbaycana yeni dostlar qazandırılması, diplomatiyada hücumçu taktikaya üstünlük verilməsi, beynəlxalq təşəbbüskarlığın artırılması və ölkənin imicinin yaxşılaşdırılması kimi bir-birini üzvi surətdə tamamlayan 5 tərkib hissədən ibarət proqram kimi təqdim edilə bilər. Diplomatiya liderin siyasi məharətini aşkara çıxaran və ölkəyə böyük dividendlər gətirən ən incə fəaliyyət formasıdır. Qlobal meyillərin güclənməsi, ölkələrin siyasi, iqtisadi, humanitar və digər sahələrdə qarşılıqlı əlaqələrinin genişlənməsi xarici siyasəti liderin özünüifadəsinin və siyasi uğurunun ən vacib amili dərəcəsinə yüksəltmişdir. Digər tərəfdən, müasir qloballaşma və informasiya texnologiyaları dövründə milli liderlər mütəmadi şəkildə beynəlxalq icmanın diqqət mərkəzində olur. Necə deyərlər, liderlər milli hüdudlardan çıxır, beynəlxalq birliyə daha intensiv şəkildə təqdim olunur və bu səbəbdən onun həm siyasi baxışları, həm davranışı daha geniş auditoriyanın müzakirə predmetinə çevrilir. Beləliklə, milli lider ölkənin beynəlxalq imicindən tutmuş onun dünya birliyində mövqeyinə qədər çeşidli parametrlərin formalaşmasında əhəmiyyətli, bəzən isə həlledici rol oynayır. Liderə təmsil etdiyi ölkəyə görə hörmət və ehtiram bəslənildiyi kimi, ölkəyə onu təmsil edən liderə görə qiymət verilməsi praktikasının geniş yayıldığı da, sirr deyildir.
Sadalanan ümumi konseptual müddəalar Prezident İlham Əliyevin xarici siyasət sahəsində liderlik məharətini və onun əməli nəticələrini dəyərləndirmək baxımından mühüm açar rolunu oynayır. Əvvəla, İlham Əliyevin xarici siyasət doktrinasının yuxarıda sadalanan prinsiplərinin Azərbaycana müstəsna dividendlər gətirdiyi hər kəsə yaxşı məlumdur. Azərbaycanın 2012-ci ildə dünyanın ən mötəbər beynəlxalq təşkilatının - Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, 2019-cu ildə isə ikinci ən çoxsaylı beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatına rəhbərlik etməsi gənc dövlətin beynəlxalq iştirakçılıq sahəsində yüksək fəallığının təkzibedilməz sübutudur. Eləcə də ölkəmizə iqtisadi faydalar vəd edən karbohidrogen və kommunikasiya layihələrinin işlənməsi Azərbaycanın iqtisadi diplomatiyasının, möhtəşəm beynəlxalq forumların keçirilməsi humanitar diplomatiyasının, mədəniyyət sahəsində təşkil olunan tədbirlər mədəni diplomatiyasının, idman yarışları idman diplomatiyasının gözəl nümunələridir. Sadalananların hər biri ayrı-ayrı sahələrdə Azərbaycanın böyük uğurları olub, onun beynəlxalq nüfuz və hörmətinin artmasına birbaşa təsir etməklə ölkəmizin qlobal rolunun yüksəlməsinin əyani göstəriciləridir. Başqa sözlə ifadə etsək, yuxarıda qeyd olunanlar beynəlxalq həyatın ayrı-ayrı sahələrində ən mötəbər tədbirlər olmaqla əslində, Azərbaycanın dünyaya yeni keyfiyyətdə təqdimatı nümunələri sayılmalıdır. Bu mənada beynəlxalq birlik İlham Əliyevi gənc, lakin kifayət qədər müasirləşmiş, beynəlxalq birliyin qabaqcıl dəyərlərini qəbul etmiş ölkənin lideri kimi tanımaq və qəbul etmək imkanı qazanmış oldu. İkincisi, İlham Əliyevin mütəmadi olaraq ən mötəbər beynəlxalq tədbirlərdə iştirakı, ən aktual diskussiyalara qoşulması, müasir təfəkkür və dəyərlərə sahib olması onun yeni tipli milli lider imicini formalaşdırmağa əsas yaratdı. Bu isə öz növbəsində, Azərbaycan dövlətinin beynəlxalq imicinin yüksəlməsində ifadə olunur. Tam məsuliyyət hissi ilə qeyd edilə bilər və qeyd edilməlidir ki, İlham Əliyevin müasirtipli milli lider kimi Prezidentliyi Azərbaycanın beynəlxalq aləmdə ən uğurlu təqdimatıdır.
Azərbaycan cəmiyyəti İlham Əliyevin liderliyini sabitliyin, təhlükəsizliyin, ictimai rifahın və dövlətin qüdrətinin ifadəsi və etibarlı təminatı hesab edir. Dövlətimizin başçısı bu gün, eyni zamanda, milli birliyin və həmrəyliyin təcəssümü missiyasını yerinə yetirir. Bütövlükdə cəmiyyətimiz, ayrı-ayrılıqda isə hər bir vətəndaş həm ölkəmizin, həm də özünün gələcəyi ilə bağlı baxışları və ümidlərini Prezident İlham Əliyevdən, Onun düşünülmüş siyasətindən ayrılıqda təsəvvür etmir.
Sərkərdə qətiyyəti. Ali Baş Komandan
2020-ci il noyabr ayının 10-dək müstəqil Azərbaycan dövlətinin qarşısında duran vəzifələr içərisində ən mühümləri erməni təcavüzü nəticəsində işğal edilmiş torpaqların azad edilməsi, ölkənin ərazi bütövlüyünün bərpası olmuşdur. Son 30 il ərzində dövlətin həyata keçirdiyi vəzifələr konkret şəraitə uyğun olaraq bu və ya digər dərəcədə dəyişikliklərə məruz qalsa da, ərazi bütövlüyünün bərpası həmişə aktuallığını qoruyub saxlamış, milli maraqların təminatının başlıca istiqaməti kimi çıxış etmişdir.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması zaman baxımından kifayət qədər çox vaxt apardığı kimi, həm də çoxşaxəli yanaşma, böyük səylər, gündəlik fəaliyyət tələb edirdi. Azərbaycan problemin həllinə nail olmaq üçün siyasi-diplomatik səylər göstərmək, beynəlxalq vasitəçilərin missiyasına hörmətlə yanaşmaqla bərabər, münaqişəsinin nizama salınması, ədalətin bərpa olunmasında hərbi-siyasi vasitələrdən istifadə olunması ehtimalını heç zaman nəzərdən qaçırmırdı. Beynəlxalq vasitəçilərin “Dağlıq Qarabağ münaqişəsinin hərbi həll yolu yoxdur” tezisinə qarşı Azərbaycanın Prezidenti İlham Əliyev tərəfindən “münaqişənin həllinin hərbi-siyasi yolu var” tezisini irəli sürməsi yuxarıda qeyd edilən fikrin ən bariz ifadəsi sayıla bilər. Uzun illər ərzində ATƏT-in Minsk qrupunun həmsədrlərinin öz missiyasına kifayət qədər məsuliyyətlə yanaşmaması və problemin həllinin diplomatik yolunu tapa bilməməsi hərbi-siyasi yolun qaçılmazlığına inamı artırırdı. Bununla əlaqədar olaraq, Azərbaycanın Silahlı Qüvvələrinin gücləndirilməsi, ən müasir silahlarla təchiz edilməsi, əsgər və zabitlərin döyüş qabiliyyətinin və vətənpərvərlik ruhunun yüksəldilməsi aktuallığını nəinki saxlayır, həm də daha böyük məna kəsb edirdi. Azərbaycanın artmaqda olan iqtisadiyyatı ordu quruculuğunun qarşısında yeni imkanlar açırdı. Bir neçə il ərzində Azərbaycanın hərbi büdcəsinin Ermənistanın dövlət büdcəsini üstələməsi, əlbəttə hər şeydən əvvəl bu iki dövlətin imkan və resurslarının ciddi şəkildə fərqləndiyini göstərirdi. Lakin haqqında söhbət açdığımız mənzərəni yalnız imkanlar arasında fərqin nəticəsi kimi qiymətləndirmək düzgün olmazdı. Bu, daha çox seçilmiş yolun və strategiyanın məntiqi yekunu baxımından nəzərdən keçirilməlidir. Hələ Prezidentliyinin ilk illərində İlham Əliyevin “Azərbaycanın hərbi büdcəsi Ermənistanın dövlət büdcəsindən böyük olacaq” formasında tezisini səsləndirməsi yeni hərbi strategiyanın qısa səciyyəsini ifadə edirdi. Əsrlərboyu öz ölkəsinin milli maraqlarını müdafiə etmək kimi məqsədi qarşısına qoyan sərkərdələrin atdığı ilk addım ordunu gücləndirməkdən ibarət olub. Bu xüsusda Prezident İlham Əliyevin ordu quruculuğuna həssas yanaşması tarixdən məlum olan nəhəng sərkərdələrə xas olan strateq düşüncəsinin yeni və uğurlu nümunəsi sayıla bilər və sayılmalıdır. Sərkərdənin gücü onun yenilməz ordusundadır. Ancaq dünya hərb tarixində elə bir hal olmamışdır ki, ordu sərkərdəsiz, onun strateq düşüncəsindən, müdrikliyindən və qətiyyətindən kənarda yaradılsın. Yenilməz ordu sərkərdə müdrikliyinin və qətiyyətinin ifadəsi olduğu qədər də nəticəsidir. 44 gün davam edən Vətən müharibəsində qazanılan möhtəşəm zəfər İlham Əliyevin rəhbərliyi ilə dünyanın ən müasir və ən yüksək döyüş qabiliyyətinə malik Azərbaycan Ordusunun qüdrətini nümayiş etdirdi. Vətən müharibəsində əldə edilən tarixi zəfər müzəffər ordunun sərkərdəsi kimi Ali Baş Komandan İlham Əliyevin həm müdrikliyinin, həm qətiyyətinin birbaşa nəticəsi kimi yaddaşlara həkk olunub. Onun hərbi əməliyyatların planlaşdırılması və idarə edilməsindən tutmuş böyük sərkərdə qətiyyəti ilə döyüşçüləri, həm də nəinki döyüşçüləri, bütün xalqı qələbəyə səsləyən çağırışları müharibənin taleyini həll edən əsas amillərdəndir. İnanıram ki, İlham Əliyevin strateji düşüncəsi, sərkərdə müdrikliyi və qətiyyəti dünya hərb tarixinə yeni parlaq səhifə kimi daxil olmuşdur.
Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilmiş Ağdamdan xalqa müraciətində “Mən bu gün burada, Ağdamda dayanmışam. Öz ordumla, Qalib kimi” sözləri, müzəffər sərkərdənin öz qələbəsini bəyan etməsinin tarixdən məlum olan klassik nümunəsi idi. Bəli, İlham Əliyev Öz qüdrətli ordusunu yaratdı, qələbə çaldı və işğaldan azad edilmiş ərazilərimizə səfər edərək möhtəşəm zəfərini bütün dünyaya bəyan etdi. Bütün dahi sərkərdələr kimi. Zəfər çaldı və yeni tarixi yaratdı.
Zəfər
Müharibələr bəzi ölkələr üçün təcavüz məqsədi güdən təhlükəli seçim, digərlərinə görə isə dövlətin və xalqın milli maraqlarının qorunması naminə məcburi addımdır. 2020-ci il sentyabrın 27-də növbəti erməni hərbi təxribatına cavab olaraq başlayan Vətən müharibəsi Azərbaycanın Ermənistanın təcavüzü nəticəsində işğal olunmuş ərazilərinin azad edilməsi kimi zəruri və ədalətli məqsədlərə xidmət göstərmişdir.
Müharibə cəmiyyətin və dövlətin həyatında ən əhəmiyyətli hadisə olduğundan ölkənin bütün imkanları səfərbər edilir, xüsusi davranış normalarının seçilməsi qaçılmaz olur. Müharibənin uğurla başa çatmasını şərtləndirən əsas amillər dövlətin müharibəyə necə hazırlaşmasından, malik olduğu resurslardan, ordunun döyüş qabiliyyətindən və mənəvi ruhundan asılıdır. Lakin etiraf edilməlidir ki, istənilən hərbi fəaliyyətin başlıca uğuru hərbi strategiya anlayışı ilə əlaqədardır. Bu isə sərkərdə məharəti deməkdir. Bütün dövrlərdə hər bir müharibənin başlıca qəhrəmanı sərkərdələr olub. Ordumuzun sərkərdəsi, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 44 gün davam edən Vətən müharibəsinin əsas və həlledici qəhrəmanı olması təkcə Azərbaycan vətəndaşlarının deyil bütün beynəlxalq icmanın yekdil qənaətidir. Məhz Onun düzgün strategiyasının sayəsində təxminən 30 il əvvəl Azərbaycanın ərazilərinin 20 faizini işğal etmiş Ermənistan ordusu darmadağın edildi, işğala son qoyuldu, tarixi qələbə əldə edildi. Birmənalı şəkildə qeyd olunmalıdır ki, Vətən müharibəsində əldə edilən hərbi uğur İlham Əliyevin qələbəsi, Onun sərkərdə düşüncəsinin və strategiyasının təntənəsidir.
8 Noyabr - Zəfər Günü Azərbaycanın çoxyüzillik tarixinin şanlı səhifəsini təşkil edir. Vətən müharibəsi və onun qələbə ilə başa çatması müasir Azərbaycan dövlətinin həyatının ən parlaq anları kimi, tariximizin bundan sonrakı dönəmlərində daim xüsusi qürur və iftixar hissi ilə xatırlanacaq. Çünki, bu, millətin ümid, inam, qürur anları idi. Bu, ölkəmizin yeni tarixinin başlanğıcı, yeni inkişaf üfüqlərinin açılması məqamıdır.
Mən Vətən müharibəsini və Azərbaycanın şanlı Zəfərini əslində, xeyirin şər üzərində qələbəsi kimi qiymətləndirmək istərdim. Nəzərə alsaq ki, şər qüvvələri təkcə işğalçı Ermənistan deyil, həm də onun havadarları təmsil edirdilər, onda Azərbaycanın qələbəsinin tarixi əhəmiyyəti və mənası daha aydın təsəvvür edilə bilər. Prezident İlham Əliyevin xalqa müraciətlərində, ayrı-ayrı ölkələrin nüfuzlu media orqanlarına müsahibələrində xeyirin şərə qarşı mübarizəsi və onun qələbə ilə nəticələnməsi özünün geniş ifadəsini tapmışdır. Vətən müharibəsində şər üzərində qələbə Azərbaycan xalqının ədalətli mübarizəsinin beynəlxalq əhəmiyyətindən xəbər verir. Xeyirlə şərin mübarizəsi qədim əsatirlərin mövzusu olsa da, etiraf etmək lazım gəlir ki, şər qüvvələr müasir dünyada da mövcuddur və ona qarşı mübarizə aparılması qlobal həyatın aktual problemi olaraq qalmaqdadır. Azərbaycan regionumuza və dünyaya təhdid olan şər qüvvələri məğlub etməklə əslində dünya miqyasında sülhə və təhlükəsizliyə özünün əhəmiyyətli töhfəsini vermişdir.
Azərbaycan xalqı ölkəmizə möhtəşəm zəfər sevincini bəxş etdiyinə, erməni işğalına son qoyduğuna, Qarabağı azad etdiyinə görə dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı Prezident İlham Əliyevə dərin hörmət və ehtiramını ifadə edir. Şuşanın azad edilməsi şərəfinə, Zəfər günündə Bakının, digər şəhərlərimizin küçələrini dolduran izdiham, sevinc və bəxtiyarlıq hisləri bu hörmət və ehtiramın aydın ifadəsi idi.
Bir ölkənin Prezidenti, bir xalqın Lideri olmaq böyük şərəfdir. Lakin xalqın sevimlisi olmaq, onun hörmət və ehtiramını qazanmaq daha böyük şərəf, daha böyük bəxtəvərlikdir. İlham Əliyev, Özünün qeyd etdiyi kimi, xoşbəxt insandır. Xoşbəxtdir ki, həm Prezident, həm siyasi varis, həm də oğul kimi Öz üzərinə düşən bütün vəzifələri layiqincə yerinə yetirdi. Azərbaycanın yeni, şanlı tarixinin müəllifi, xalqımızın bitib tükənmək bilməyən sevinc, qürur və bəxtiyarlığının ilham mənbəyi oldu. Bu, elə bir zirvədir ki, ondan yüksəyini təsəvvür etmək mümkün deyil.
Öz ölkəsinə şanlı Zəfər bayramını və bəxtiyarlığını bəxş edən Prezident İlham Əliyevə xalqımızın sevgisinin, vurğunluğunun, hörmət və ehtiramının miqyasını təsəvvür etmək çətindir. Xalqın gözündə, qəlbində və düşüncələrində İlham Əliyev Qalibdir. Çoxdan gözlədiyimiz Qalib.
İndi hamının ürəyində bir istək, dilində bir söz var: Allah İlham Əliyevin və Azərbaycanın yar və yardımcısı olsun!
Əli Əhmədov
Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi
- Oxunub: 1950 |
- Tarix: 24-12-2020 |
-
Çap et |