Ulu Öndər Heydər Əliyevin siyasi məktəbinin layiqli davamçısı, görkəmli diplomat, böyük strateq İlham Əliyev öz düşünülmüş islahatları və müdrik qərarları ilə son 17 il ərzində dövlətimizi daha da gücləndirmişdir. Bu günlər biz hamımız Şanlı Qələbəmizi qeyd edirik. Biz bu qələbəyə başda Ali Baş Komandan, Prezident İlham Əliyev olmaqla rəşadətli ordumuzun, xalqımızın sarsılmaz birliyi nəticəsində nail olmuşuq. Bir daha şəhidlərimizə Allahdan rəhmət diləyir, yaralı əsgərlərimizə can sağlığı arzulayırıq. Noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi ilə bağlı xalqa müraciət edən zaman Prezident dedi ki, “xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim”. Cənab İlham Əliyev təkcə Prezident kimi deyil, həm də bir oğul kimi Öz üzərinə böyük məsuliyyət götürmüşdü. O, həm ata vəsiyyətini, həm də Prezident andını yerinə yetirdi.
Ölkə başçısı bu böyük Qələbəni təmin etmək üçün mühüm addımlar atdı. İlk növbədə, stabil və güclü iqtisadi inkişafa nail olmaq lazım idi. Azərbaycan öz iqtisadi imkanlarını artırmaqla, ölkə, region üçün çox əhəmiyyətli layihələri reallaşdırdı. Cənab İlham Əliyev işğaldan azad edilmiş Ağdam şəhərinə səfəri zamanı da bu məsələni xüsusi vurğuladı ki, “biz iqtisadi cəhətdən heç kimdən asılı deyilik”. Bu gün Azərbaycan dünyanın nüfuzlu lider ölkələri sırasında olmaqla bərabər, əksər regional və ya beynəlxalq layihələrin əsas tərəfdaşı və təşəbbüskarıdır. Azərbaycanın iqtisadiyyatı, insanların rifahı əhəmiyyətli dərəcədə yüksəlib, ölkənin hərbi qüdrəti müqayisəedilməz dərəcədə güclənib. Azərbaycanın müasirləşməsi, yeniləşməsi baş verib, şəhər və kəndlərin siması kökündən dəyişib. Bu gün Azərbaycan dünyanın ən uğurlu gənc dövləti kimi qəbul olunur, onun parlaq gələcəyinə hamı inanır. Ölkəmizin beynəlxalq nüfuzunun artması, mövqeyinin güclənməsi, bir çox beynəlxalq reytinqlərdə ən mötəbər yerlərdə qərar tutması insanların qürur mənbəyinə çevrilib. İlham Əliyev təkcə Azərbaycan üçün deyil, həm region üçün, həm də dünya üçün əhəmiyyətli siyasi proqnozlar verir, layihələri reallaşdırır.
İqtisadi imkanların artması imkan verdi ki, digər sahələrdə, xüsusilə ordu quruculuğu istiqamətində islahatlar aparılsın. Bu gün Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Təkcə müasir silahlarla, texniki təminatla deyil, peşəkar, savadlı, klassifikasiyalı əsgər və zabitlərlə də ordumuz seçilir. Artıq bir çox ölkələr Azərbaycanın apardığı döyüş əməliyyatlarını öyrənirlər.
Ölkədə cənab İlham Əliyev tərəfindən aparılan islahatlar və quruculuq işləri, xüsusilə də son 17 ildə həyata keçirilən güclü dövlət, güclü ordu strategiyası, çoxvektorlu siyasi münasibətlər, regional və beynəlxalq əhəmiyyətli layihələr torpaqlarımızın işğaldan azad olunmasını şərtləndirib. Bu münaqişənin həlli üçün mühüm amillərdən biri də beynəlxalq hüquqi bazanın yaradılması idi. Cənab İlham Əliyev bütün beynəlxalq təşkilatlarda ədaləti, beynəlxalq hüququ tanıyan, əks etdirən qərar və qətnamələrin qəbul edilməsinə nail oldu. BMT Təhlükəsizlik Şurasının, BMT Baş Assambleyasının, İslam Əməkdaşlıq Təşkilatının, Qoşulmama Hərəkatının, Avropa Parlamentinin, Avropa Şurası Parlament Assambleyasının qərar və qətnamələrinin qəbul edilməsi münaqişənin həlli üçün çox möhkəm hüquqi baza yaratdı.
Uzun illər Qarabağla bağlı, bu münaqişənin başlanmasının əsl səbəb və həqiqətlərilə bağlı aparılan təbliğat və təşviqat işləri münaqişənin mahiyyəti dünya ictimaiyyətinə çatdırıldı. Bu işdə respublikanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın və Fondun vitse-prezidenti Leyla Əliyevanın rolunu xüsusi qeyd etmək lazımdır. Ümumiyyətlə, hər bir vətəndaşımız öz üzərinə düşən məsuliyyəti anlayır, bu məlumatlandırma kampaniyalarında fəal iştirak edirdilər. Ölkə başçısı dəfələrlə deyirdi ki, “hər gün hər bir Azərbaycan vətəndaşı bu müqəddəs günü, bu zəfər gününü öz əməyi, zəhməti, Vətənə olan sədaqəti ilə yaxınlaşdırmalıdır”. Və bu baş verdi. 44 günlük Vətən müharibəsində əldə olunan qələbədə hər kəsin öz payı var. 17 il aparılan bütün hüquqi, sosial, siyasi, iqtisadi, diplomatik islahatların və həyata keçirilən siyasətin məntiqi nəticəsi 44 günlük Vətən müharibəsi və Qələbəmizdir. Onun bu günlərdə hər bir çıxışı, müsahibəsi, xalqımıza etdiyi müraciətlər sanki insanları daha da ruhlandırırdı, bizi vahid, dəmir yumruğa çevirirdi. Heç kim inanmırdı ki, bu baş verəcək və biz 30 ilə yaxın həsrətdən sonra doğma torpaqlarımıza qayıdacağıq. Müharibə çox ağır bir prosesdir. Bütün dünya bilir ki, biz haqlıyıq. Amma bununla belə, bizi yox işğalçını müdafiə edirdilər, biz indi də bu cəhdləri müşahidə edirik. Cənab İlham Əliyev edilən təzyiqlərə böyük səbr və təmkin göstərirdi. Öz siyasi savadı, diplomatik təcrübəsi ilə bu təzyiqlərə cavab verirdi. Lakin, bütün bu çətinliklərə baxmayaraq İlham Əliyev belə bir məsuliyyəti Öz üzərinə götürdü.
Azərbaycan sübut etdi ki, öz ərazi bütövlüyünü qorumağı bacarır və 44 günlük Vətən müharibəsi bunun bariz nümunəsidir. Döyüş meydanında, diplomatik müstəvidə, informasiya məkanında, daxili siyasi müstəvidə aparılan ardıcıl, sistemli tədbirlər nəticəsində elə bir qələbə qazandıq ki, bu gün bütün dünya ölkələri, siyasi mərkəzlər bu barədə müzakirələr edir, təhlillər verirlər. Əlbəttə ki, dost və qardaş Türkiyənin siyasi və mənəvi dəstəyini də xüsusi qeyd etmək lazımdır.
Hər dəfə işğaldan azad edilmiş ərazilərimizə baxanda düşmənin bu gözəl yerləri necə xarabaya çevirdiklərini gördük. Mədəni, tarixi, dini abidələr, qəbiristanlıqlar məhv edilib, təhqir olunub. Biz vandal qonşulardan fərqli olaraq, qurub-yaradan xalqıq. Artıq bərpa və quruculuq işlərinə başlanılmışdır. Ölkə başçısının sərəncamları ilə işğaldan azad olunmuş ərazilərdə artıq müvafiq işlər görülür. Bütün bunlar bir daha göstərir ki, biz vaxt itirmədən kəndlərimizin, şəhərlərimizin yenidən qurulmasına çalışırıq. Cənab Prezident İlham Əliyevin Füzuli, Cəbrayıl və Ağdama səfəri zamanı dediyi kimi, “onlar hesab edirdilər ki, bu dağıntılardan sonra Azərbaycan əhalisi heç vaxt buraya qayıtmayacaq. O məqsədlə buranı dağıdıblar. Amma səhv ediblər. Biz qayıtmışıq. Bütün buraları bərpa edəcəyik”. Quruculuq planları hazırlanır, yerli və beynəlxalq investorların cəlb edilməsilə Qarabağ cənnətə çevriləcəkdir. Artıq Respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən həmin ərazilərdə tarixi-dini və mədəni abidələrimizin bərpası istiqamətində işlər aparılır.
Cənab Prezident həmişə deyir ki, mən xalqdan güc alıram, amma bu da bir həqiqətdir ki, xalq da İlham Əliyevdən güc alır. Hər bir vətəndaş Ona inanır, Ona arxayındır. Bu gün Azərbaycan müstəqil, regionda və dünyada nüfuz sahibi olan, torpaqlarını işğalçı düşməndən azad edən qalib xalqdır. Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün xalqımız Qarabağ həsrətinə son qoyaraq, yeni quruculuq işlərinə başlayır və biz bu işdə Ona dəstək olmalıyıq, kömək olmalıyıq. 44 günlük Vətən Müharibəsinin yenilməz sərkərdəsi, cənab İlham Əliyevi bir daha təbrik edir, Azərbaycanın tərəqqisi naminə yorulmaz və şərəfli fəaliyyətində yeni-yeni uğurlar arzulayıram.
Hicran Hüseynova
Milli Məclisin Ailə, qadın
və uşaq məsələləri
komitəsinin sədri, professor
- Oxunub: 1680 |
- Tarix: 24-12-2020 |
-
Çap et |