Rayonlarda bu gəlirli sahənin inkişaf etdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir, yeni tut bağları salınır, ipəkqurdunun bəslənməsi üçün tikililər inşa olunur
Ötən 17 ildə ölkəmiz bütün sahələrdə uğurlar əldə edib ki, bu uğurlardan regionlara da pay düşüb. Bu mənada, 2004-cü ildən icrasına başlanılan Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramlarını xüsusilə qeyd etmək yerinə düşər. Belə ki, həmin proqramların uğurlu icrası nəticəsində hazırda bütün şəhər və rayonlarımızda müasir standartlara cavab verən güclü infrastruktur formalaşdırılıb, əhalinin sosial müdafiəsinin təşkili üçün effektiv tədbirlər görülüb. Təbii ki, regionların inkişafından bəhs edərkən aqrar sahədə əldə edilən nailiyyələri qeyd etməmək mümkün deyil. Bu mənada, aqrar sahənin strateji və gəlirli sahələrindən olan baramaçılığın inkişafı istiqamətində atılan mühüm addımları da vurğulamaq yerinə düşər.
Xatırladaq ki, hələ 2017-ci ildə keçirilən “Barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsi”ndə çıxışında Prezident İlham Əliyev bu sahələr üçün dövlətin öz dəstəyini əsirgəmədiyini bildirməklə yanaşı, qarşıya konkret məqsədlər qoymuşdu. Beləliklə, ötən üç ildə dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq regionlarda baramaçılığın inkişafı istiqamətində mühüm addımlar atılıb. Bunun nəticəsidir ki, rayonlarda barama istehsalı ildən-ilə artır. Eləcə də, dövlət başçısının müvafiq Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı” çərçivəsində görülən işlər bu sahəyə dövlət dəstəyinin gücləndirilməsinə, ixrac potensialının artırılmasına və kənd yerlərində məşğulluğun təmin edilməsinə yönəldilib. Eyni zamanda, baramaçılığın inkişaf etdirilməsi üçün xarici ölkələrdən, xüsusilə Çindən tut tingləri gətirilir və kümçülərə paylanır. Göstərilən dövlət dəstəyi isə bölgələrdə baramaçılığa marağın daha da artmasını təmin edir. Artıq bu gəlirli sahə ilə məşğul olanların sayı artır, hətta bir sıra rayonlar üçün ənənəvi olmayan bu sahənin inkişafı üçün praktiki addımlar atılır. Yeri gəlmişkən, baramaçılığın inkişafına dəstək vermək məqsədilə Zərdab rayonunda da yeni tut bağları salınır. Bu barədə verilən məlumatda deyilir ki, ümumiyyətlə, son illər ənənəvi sahə olan baramaçılığın inkişafı istiqamətində rayonda ardıcıl tədbirlər görülür. Bu məqsədlə möhkəm yem bazasının yaradılması da xüsusi diqqət mərkəzindədir. Rayonda 28 inzibati ərazi dairəsinin hər birində 2 hektar yeni tut bağının salınması istiqamətində işlər aparılıb. Dekabrın 10-na olan məlumata görə, rayon ərazisində 13 min ədəd ting əkilib və daha 37 min ədəd ting də əkiləcək. Qeyd edək ki, tinglər Zərdab rayonuna Bərdə və Ağcabədi regional meşə müəssisələrindən gətirilir.
Mərkəzi Aran regionunda yerləşən Sabirabad rayonunda da baramaçılığın əvvəlki şöhrətinin qaytarılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bu məqsədlə rayonda yeni tut bağları salınır, ipəkqurdunun bəslənməsi üçün tikililər inşa olunur. Qeyd edək ki, son 4 ildə rayonun ayrı-ayrı yaşayış məntəqələrində 133 min ədəd tut tingi əkilib. Tinglərdən 60 min ədədi 2016-cı, 8 min ədədi 2017-ci, 11 min ədədi 2018-ci, 54 min ədədi isə 2019-cu ildə əkilib. Bu il isə rayonda 9 min ədəd tut tingi əkilməsi nəzərdə tutulub və dekabrın 10-na kimi tinglərdən 7900 ədədi rayona gətirilib. Tinglərin rayonun Güdəcühür, Qasımlı, Qaralar və digər kəndlərində əkilməsi nəzərdə tutulub. Yeni tinglərin əkini ilə yanaşı, mövcud tut bağlarına da qulluq göstərilir, suvarılır, mühafizəsi üçün qoruyucu zolaqlar çəkilir. Vurğulamaq lazımdır ki, ötən il sabirabadlı kümçülər 10 min tondan çox barama istehsal ediblər.
Saatlı rayonu da baramaçılığın inkişafında xüsusi yeri olan rayonlardan sayılır. Rayonda baramaçılığın əvvəlki şöhrətini qaytarmaq istiqamətində mühüm tədbirlər həyata keçirilir, yem bazasını möhkəmləndirmək məqsədilə yeni-yeni tut bağları salınaraq kümçülərə təhkim olunur. Bildirmək yerinə düşər ki, bu il Saatlıda 7 min ədəd tut tingi əkilməsi nəzərdə tutulub və artıq tinglərin əkininə başlanılıb. Əkin Mil-Muğan Meşə Meliorasiya İdarəsi tərəfindən aparılır. Tinglərin hamısının rayonun Şirinbəyli kəndi ərazisində əkilməsi nəzərdə tutulub və dekabrın 12-nə kimi 1600 ədəd ting əkilib. Ting əkini sonrakı günlərdə də uğurla davam etdirilib. Onu da qeyd edək ki, ting əkiləcək sahələrə əvvəlcədən aqrotexniki qulluq göstərilib, malalama aparılıb, gübrə verilib. Tinglərin əkinində mütəxəssislər yaxından iştirak edib. Tut bağlarının uzunmüddətli yetişdirilməsi üçün dayanıqlı su təminatı nəzərdə tutulub. Yüksək məhsuldarlığa malik olan bu ağac növünün gələcəkdə artırılması üçün ağacın özünün tinglərindən istifadə edilməsi də mümkün olacaq. Vurğlayaq ki, rayonda 2016-cı ildə 60 min ədəd, 2017-ci ildə 4 min ədəd, 2018-ci ildə 15 min ədəd və 2019-cu ildə isə 15 min ədəd tut tingi əkilib.
Hacıqabul rayonu üçün isə baramaçılıq yeni təsərrüfat sahəsidir. Artıq 4 ildir ki, rayonda ipəkqurdu bəslənilir və yaxşı nəticə əldə olunur. Təkcə bu il rayonda 52 kümçü ipəkqurdu bəsləyib və 4 ton 50 kiloqram barama tədarük olunub. Bildirilməlidir ki, rayonda bu gəlirli sahənin inkişaf etdirilməsi istiqamətində hazırda da mühüm tədbirlər həyata keçirilir, yeni-yeni tut bağları salınır, ipəkqurdunun bəslənməsi üçün tikililər inşa olunur. Baramaçılığın inkişaf etdirilməsində əsas amil olan yem bazasının möhkəmləndirilməsi üçün ötən il rayonun ayrı-ayrı kəndlərində 20 min 580 ədəd tut tingi əkilərək becərilməsi üçün kümçülərə paylanılıb. Bu istiqamətdə işlər bu il də davam etdirilir. Artıq Ekologiya və Təbii Sərvətlər Nazirliyindən alınan 1900 ədəd ting rayona gətirilərək Dövlət Torpaq Fondunda əkilib. Tinglərin əkilməsində mütəxəssislər yaxından iştirak ediblər. Yeni tinglərin əkilməsi ilə yanaşı, mövcud tut bağlarına da aqrotexniki qaydada qulluq göstərilir, suvarılır və mühafizə olunur.
İmişli rayonunda da tut tinglərinin əkilməsi diqqət mərkəzində saxlanılır. Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yetişdirilən tut tinglərindən 11 min ədədi İmişlidə əkilib ki, bu da rayonda baramaçılığın inkişafına mühüm töhfə verəcək. Ting əkiləcək sahələrə əvvəlcədən aqrotexniki qulluq göstərilib, şumlanıb, malalama aparılıb, gübrə verilib. Tinglərin əkinində mütəxəssislər yaxından iştirak ediblər. Tinglər İmişli Şəhər Bələdiyyəsi tərəfindən “ASAN xidmət” mərkəzinin ərazisində əkilib. Yeni əkilən tinglərin becərilməsi və mühafizəsi üçün rayonda xüsusi komissiya yaradılıb. Qeyd edək ki, son 5 ildə İmişlidə 109 min ədəd tut tingi əkilib.
Baramaçılıq Masallı rayonunda da ənənəvi təsərrüfat sahələrindən biridir. Uzun illər rayonda tənəzzül dövrünü yaşayan kənd təsərrüfatının bu gəlirli sahəsi dövlət dəstəyi ilə yenidən inkişaf etdirilir. Sevindirici haldır ki, Masallı rayonunda baramaçılığın yem bazasını möhkəmləndirmək məqsədilə yeni tut bağları salınır. Dekabrın 16-na olan məlumata görə, rayona 9070 ədəd tut tingi gətirilərək ərazilər üzrə əkilib. Tinglərin əkinində mütəxəssislər yaxından iştirak ediblər.Yeni tinglərin əkilməsi ilə yanaşı, mövcud tut bağlarına da aqrotexniki qaydada qulluq göstərilib.
Oğuz rayonunda da baramaçılığın yem bazasının möhkəmləndirilməsi istiqamətində tədbirlər davam etdirilir. Yeni tut bağlarının salınması məqsədilə baramaçılıqla məşğul olan kümçülərə 9 min 400 ədəd yerli tut tingi paylanılıb. Dekabrın 16-na olan məlumata görə, 6 min ədəd tingin əkilməsi təmin olunub və əkin sonrakı günlərdə davam etdirilib. Oğuz Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini Akif Adıgözəlovun məlumatına görə, yeni tut bağlarının salınması məqsədilə son illər Oğuz rayonunda da zəruri işlər görülür. Belə ki, 2016-2019-cu illərdə rayon ərazisində 135 mindən çox tut tingi əkilib. Bunun 83,5 min ədədi Çin Xalq Respublikasından ölkəmizə gətirilən calaq olunmuş, 51,5 min ədədi isə yerli tut tingləridir.
Ağcabədi rayonunda isə payız-qış mövsümündə 64 min 250 ədəd yerli tut tinginin əkilməsi nəzərdə tutulub. Ting əkilən sahələrə əvvəlcədən aqrotexniki qulluq göstərilib, şumlanıb, malalama aparılıb, gübrə verilib. Dekabrın 17-nə olan məlumata görə, 55 min 650 ədəd tingin əkilməsi təmin edilib, əkin davam etdirilir. Tinglərin əkinində mütəxəssislər yaxından iştirak edirlər. Əkilən ağaclara aqrotexniki qulluq göstərilir, mühafizəsi təşkil edilir.
Məlumat üçün bildirək ki, Ağcabədi rayonunda baramaçılıq 1990-cı illərin əvvəllərində tənəzzülə uğrasa da, 2016-cı ildə yenidən bərpa edilməyə başlanılıb. Həmin il rayonda 3675 kiloqram, 2017-ci ildə 16 min 761 kiloqram, 2018-ci ildə 37 min 146 kiloqram, 2019-cu ildə 54 min 466 kiloqram, 2020-ci ildə 55 min 528 kiloqram barama istehsal olunub. İpəkqurdunun yem bazasının bərpası məqsədilə 2016-2019-cu illərdə rayon ərazisində 400 min ədədə yaxın tut tingi əkilib.
Payız mövsümündə Füzuli rayonunun kəndlərində 7100 ədəd tut tingi əkilib. Ting əkilən sahələrə əvvəcədən aqrotexniki qulluq göstərilib, şumlanıb, malalama aparılıb, gübrə verilib. Tinglərin əkinində mütəxəssislər yaxından iştirak ediblər. Qeyd edək ki, baramaçılıq 1970-1980-ci illərdə Füzuli rayonunda ən inkişaf etmiş və gəlirli sahələrdən olub. 1990-cı illərin əvvəllərində tənəzzülə uğrayan baramaçılıq 2016-cı ildə yenidən bərpa edilməyə başlanılıb. Həmin il rayonda 3070 kiloqram, 2017-ci ildə 24 ton 320 kiloqram, 2018-ci ildə 38 ton, 2019-cu ildə isə 49,5 ton, 2020-ci ildə 46 ton 310 kiloqram barama istehsal olunub. İpəkqurdunun yem bazasının bərpası məqsədilə 2016-2019-cu illərdə rayon ərazisində 200 min ədədə qədər tut tingi əkilib.
Bir sözlə, yuxarıda sadalanlar da Azərbaycanda qədim ənənələrə malik baramaçılığın inkişaf etdirilməsinin dövlətin diqqət mərkəzində olduğunu və bu istiqamətdə görülən işlərin davamlı xarakter daşıdığını bir daha təsdiqləyir.
Pərviz SADAYOĞLU
- Oxunub: 2010 |
- Tarix: 24-12-2020 |
-
Çap et |