Prezident İlham Əliyev: Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss etmişəm və hiss edirəm
Hər kəsin əməli, gördüyü işlərin nəticələri onun barəsində konkret təsəvvür yaradır. Bu mənada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi xüsusi təqdim etməyə ehtiyac yoxdur. Son 17 ildə Azərbaycanın keçdiyi yol, daxili və xarici siyasətdə qazandığı uğurlar Prezident İlham Əliyevin şəxsiyyəti, xarizması, liderlik keyfiyyətləri barədə konkret təsəvvür yaradır.
Bu gün istisnasız olaraq Azərbaycan cəmiyyətinin müxtəlif təbəqələrinin nümayəndələrinə belə bir qətiləşmiş fikir hakimdir: Azərbaycanın Lideri İlham Əliyev ölkə qarşısında duran bütün vəzifələri, ümummilli səciyyə daşıyan məsələləri yüksək səviyyədə həll etmək qabiliyyətinə malikdir. Son olaraq bu qənaəti Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə döyüş tapşırıqlarını yüksək səviyyədə yerinə yetirən Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində şanlı qələbə qazanması bir daha möhkəmlətdi. Bir daha yəqinləşdirdik ki, bizim Liderimiz zamanın nəbzini tutur, nəyi necə və nə vaxt etməyi hamıdan yaxşı bilir.
Beləliklə, istərdik ki, müstəqil Azərbaycanın son 17 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə keçdiyi yola qısa nəzər salaq. Hansı uğurları qazanmışıq? Gələcəyə doğru hansı təməllər üzərində addımlayırıq? Suallar və onlara cavablar kifayət qədər çoxdur.
Sabitlik, xalq-iqtidar birliyi Azərbaycanın uğurlarının əsas şərtidir
Son 17 ildə Azərbaycanın keçdiyi yola nəzər saldıqda biz Prezident İlham Əliyevin daim xalqın arzu və istəkləri ilə üst-üstə düşən və reallıqla səsləşən təşəbbüslərlə çıxış etdiyinin şahidi oluruq. Ölkədə aparılan praqmatik siyasət, ilk növbədə, xəlqi mahiyyəti ilə fərqlənir. Dövlət başçısı mütəmadi qaydada ictimaiyyətin nümayəndələri ilə görüşür, tez-tez bölgələrə səfərlərə gedir. Bu görüşlər və səfərlər isə izsiz ötüşmür. Dövlət başçısı insanları narahat edən məsələlərlə yerindəcə tanış olur, həmçinin verilən tapşırıqların müvafiq qurumlar tərəfindən necə icra edildiyi ilə maraqlanır. Beləliklə, bir tərəfdən nəzarət möhkəmlənir, məmurların məsuliyyəti artır, digər tərəfdən isə dövlət siyasətinin prioritetləri müəyyənləşdirilərkən yerlərdə insanların qaldırdıqları məsələlər mütləq nəzərə alınır.
Ümumiyyətlə, Prezident İlham Əliyev qurucu, birləşdirici Lider kimi qətiyyətlə reallaşdırdığı siyasətdə həmişə dövlətinin və xalqının maraqlarını ən ali məqsəd kimi görüb və bütün qüvvəsini bu istiqamətdə səfərbər edib. Dövlətimizin başçısı Özünün “güclü dövlət” konsepsiyasını həyata keçirmək üçün, bir qayda olaraq, xalqa arxalanıb, xalqdan güc alıb və xalqına güc verib.
Öz növbəsində, müdrik Azərbaycan xalqı da həmişə dövlət başçımıza güvənib və bütün məsələlərdə Ona dəstək verib. Prezident İlham Əliyev xalqın, birmənalı şəkildə, dəstəklədiyi, etimad göstərdiyi və etibar etdiyi Liderdir. Azərbaycan xalqı dövlət başçımıza böyük inamını 2018-ci il 11 aprel tarixində keçirilən son prezident seçkilərində növbəti dəfə ortaya qoydu və Azərbaycanı inamla idarə edən, ölkəmizin ünvanına çoxsaylı uğurlar qazandıran cənab İlham Əliyevə səs verərək Onu növbəti 7 il üçün Azərbaycanın dövlət başçısı seçdi. Bu seçim xalqın öz Liderinə sonsuz inamının ifadəsi idi. Bu o anlama gəlir ki, Azərbaycan vətəndaşları öz talelərinə biganə deyillər, istəyirlər ki, şəhidlərimizin qanı hesabına qurulan müstəqil dövlətimizin sükanı həmişə etibarlı əllərdə olsun. Bu istək həm cəmiyyətin bütün təbəqələrinin, həm də ölkəmizdə yaşayan bütün xalqların arzusudur. Prezident İlham Əliyevin son 17 ildə apardığı siyasət müxtəlif milli, dini mənsubiyyətə malik insanları ayıran yox, birləşdirən bir siyasət olub. Bu gün dünyanın ayrı-ayrı ölkələrindəki mənzərələrdən fərqli olaraq respublikamızda multikulturalizm kifayət qədər yüksək səviyyədədir, dövlət milli birliyin daha güclü şəkildə təmin olunmasına böyük önəm verir. Prezident İlham Əliyev 18 aprel 2018-ci il tarixində Milli Məclisdə keçirilən andiçmə mərasimindəki nitqində bildirib ki, azərbaycançılıq məfkurəsi Azərbaycanda tam bərqərar olub, Azərbaycan xalqı vahid milli ideya ətrafında birləşib və ölkəmiz çox uğurla inkişaf edir. Dövlətimizin başçısı apardığı siyasətdə həmişə xalqa arxalandığını növbəti dəfə vurğulayaraq “Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss etmişəm və hiss edirəm. Bu dəstək mənə güc verir. Mən bu dəstəyə arxalanıram və xalqı bir daha əmin etmək istəyirəm ki, bundan sonra da xalqa və Vətənə ləyaqətlə xidmət edəcəyəm”, - deyə bildirib.
Son 17 il bütün dünyada təhlükəsizlik baxımından çox gərgin keçib. Azərbaycanda isə xalqımız təhlükəsizlik, sabitlik şəraitində yaşayıb. Prezident İlham Əliyevin bildirdiyi kimi, biz daxili risklərin hamısını aradan qaldırdıq, xarici risklərdən isə özümüzü qoruya bilmişik, bu gün də qoruyuruq, əminəm ki, bundan sonra da qoruyacağıq. “Azərbaycanda sabitliyin təminatçısı Azərbaycan xalqıdır və bizim siyasətimizdir. Ona görə xalq-iqtidar birliyi bizim uğurlarımızın əsas şərtidir”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Son 17 ildə Azərbaycanın qüdrətinin artması ölkəmizin Vətən müharibəsində parlaq qələbəsini təmin etdi
Prezident İlham Əliyevin praqmatik, uzaqgörən, ümummilli məsələlərə kifayət qədər həssas münasibət bəsləyən Lider olduğunu Onun son 17 ildə Dağlıq Qarabağ münaqişəsinin həllinə yanaşması əyani şəkildə təsdiqləyir. Əsas məqamlardan bir ondan ibarətdir ki, dövlətimizin başçısı bəhs olunan dövrdə Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranan Dağlıq Qarabağ münaqişəsinin həllini ölkəmizin gündəliyinin mərkəzində saxlamağa nail oldu. Prezident İlham Əliyev həm ölkə daxilində müxtəlif tədbirlərdə, həm də bütün beynəlxalq platformalarda, transmilli KİV-lərə verdiyi müsahibələrdə qətiyyətlə, Özünəməxsus diplomatik məharətlə əsaslandırırdı ki, Qarabağ coğrafi məkan olaraq dağlıq və aran hissələrə ayrılır. Tarixi faktlar və sənədlər bu ərazilərin məhz Azərbaycana məxsus olduğunu təsdiqləyir. Qarabağın Ermənistanla nə tarixi, nə də iqtisadi baxımdan heç bir bağlılığı yoxdur, ermənilər bu yerlərə sonralar siyasi məqsədlərlə köçürülüblər.
Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin həllinin yalnız Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həllinin mümkün olduğunu əsaslandırarkən istinad etdiyi digər mühüm amil beynəlxalq hüquq idi. Prezident İlham Əliyev BMT-nin Nizamnaməsinə və bu qurumun erməni hərbi birləşmələrinin respublikamızın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılmasına dair 4 qətnaməsinə istinad edərək əsaslandırırdı ki, Azərbaycanın Dağlıq Qarabağ da daxil olmaqla beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyünün pozulması yolverilməzdir. Beləliklə, Prezident İlham Əliyev 17 il ərzində apardığı məqsədyönlü siyasət sayəsində Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə hüquqi zəmin yaratmağa nail oldu. Təsadüfi deyildir ki, Azərbaycanın özünün ərazi bütövlüyünün təmin olunması uğrunda apardığı Vətən müharibəsi beynəlxalq səviyyədə böyük həssaslıqla izlənildi və xaricdəki erməni lobbisinin təsiri altında olan bəzi dövlətlərin təzyiq cəhdlərinə rəğmən, ölkəmiz 44 günlük müharibəni qələbə ilə başa vurmağa nail oldu. Nüfuzlu beynəlxalq təşkilatların və ayrı-ayrı dövlətlərin yüksəksəviyyəli rəsmilərinin Dağlıq Qarabağın və ətraf 7 rayonun Azərbaycanın ayrılmaz tərkib hissəsi olması barədə bəyanatlar vermələri ölkəmizin mövqeyini gücləndirən amil qismində çıxış edir.
Praqmatik və uzaqgörən siyasətçi olan Prezident İlham Əliyev, həmçinin Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həllini istisna etmirdi. Düzdür, müəyyən dairələrdə iddia olunurdu ki, münaqişə yalnız danışıqlar yolu ilə həll olunmalıdır, müharibə variantı istisnadır. Zaman isə Azərbaycanın dövlət başçısının haqlı olduğunu təsdiqlədi. Son 17 ildə Prezident İlham Əliyev davamlı şəkildə ölkəmizin hər cəhətdən güclənməsinə, Silahlı Qüvvələrimizin maddi-texniki təchizatının möhkəmləndirilməsinə çağırışlar edirdi və bu məqsədlə praktiki müstəvidə zəruri tədbirlərin görülməsini bilavasitə şəxsi nəzarəti altında saxlayırdı. Bəhs olunan dövrdə ölkəmizdə dövlət başçımızın siyasi iradəsi sayəsində davamlı iqtisadi inkişaf üçün zəruri olan bütün şərtlər təmin edilib. O cümlədən aparılan kompleks islahatlar, yaradılan müasir infrastruktur respublikamızda iqtisadi fəallığın artmasını şərtləndirib. 2004-cü ildən bəri bütün dünya üzrə ÜDM istehsalının artımında ən yaxşı göstəricilərdən biri 3,4 dəfə olmaqla məhz Azərbaycanda qeydə alınıb. Respublikamız son 17 ildə geniş iqtisadi-maliyyə imkanlarından bəhrələnməklə Silahlı Qüvvələrinin maddi-texniki təchizatını möhkəmlətməyə, döyüş hazırlığını yüksəltməyə nail olub. Azərbaycan Vətən müharibəsində şanlı qələbəni məhz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əks-hücum əməliyyatlarını yüksək peşəkarlıqla həyata keçirən güclü Ordusunun sayəsində qazandı və özünün ərazi bütövlüyünü tam təmin etdi. Prezident İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasındakı çıxışında Vətən müharibəsində qazanılan şanlı qələbəmizi dəyərləndirərək vurğulayıb: “Müharibənin nəticələri məlumdur. Azərbaycan uzun illər ərzində ölkəmizin xeyli ərazisini, beynəlxalq miqyasda tanınmış ərazilərini işğal altında saxlayan işğalçı ölkə üzərində qələbə qazandı. Bizim məlumatımıza görə, müharibə nəticəsində Ermənistan silahlı qüvvələrinin potensialının 80 faizindən çoxu məhv edilib”.
Qələbəmizin memarı isə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevdir. Dövlətimizin başçısı Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini yaratdı. O, diplomatik müstəvidə ölkəmizin maraqlarını yüksək səviyyədə qorumaqla, Azərbaycanı gücləndirməklə, döyüş meydanında düşmənə dərs verməklə, zamanında xalqımızın hisləri ilə oynayan N.Paşinyanı cəzalandırmaqla, bütövlükdə son 30 ildə işğalçı dövlətin dırnaqarası qəhrəmanları S.Sarkisyanın və R.Köçəryanın qurduqları ordunu diz üstə çökdürməklə xalqımıza sonsuz qürur və sevinc hissi yaşatdı.
Mübariz ABDULLAYEV
- Oxunub: 3630 |
- Tarix: 23-12-2020 |
-
Çap et |