Prezident İlham Əliyev: Biz o bölgələri, bütün rayonları bərpa edəcəyik, vətəndaşlarımızın normal həyatı üçün bütün addımları atacağıq
Azərbaycan sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində şanlı qələbə qazanaraq ərazi bütövlüyünü tam təmin etdi. 44 günlük Vətən müharibəsində qazanılan qələbədən sonra bölgədə yeni reallıqlar yaranıb. Bu reallıqlardan biri işğaldan təmizlənən ərazilərin dirçəldilməsi ilə bağlıdır. Prezident İlham Əliyev Laçın rayonunun işğaldan azad edilməsi münasibətilə xalqa müraciətində bu barədə fikirlərini diqqətə çatdıraraq bildirib ki, bizim ölkəmiz üçün yeni dövr başlayır. Yeni quruculuq dövrü, inkişaf dövrü, azad edilmiş ərazilərimizin bərpası dövrü. “Hazırda o yerlərdə yaşamaq üçün şərait yoxdur. Ancaq biz o bölgələri, bütün rayonları bərpa edəcəyik, vətəndaşlarımızın normal həyatı üçün bütün addımları atacağıq”, - deyə dövlətimizin başçısı inamla bildirib.
Ermənistanın ölkəmizə vurduğu ziyan sənədləşdiriləcək və bu istiqamətdə müvafiq tədbirlər görüləcək
Vətən müharibəsində işğaldan azad edilən ərazilərdən çəkilən foto və video materiallar kədərli təəssürat oyadır. Düşmən üç onillik ərzində işğal altında saxladığı torpaqlarda, sözün əsl mənasında, talançılıq siyasəti aparıb. Sanki bu ərazilərdən sivilizasiyadan uzaq olan vəhşi bir tayfa keçib. Hər şey dağıdılıb, hətta evlərin qapı-pəncərələri, döşəmələri, dam örtükləri, unitazları belə sökülərək Ermənistana daşınıb. Prezident İlham Əliyev dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilən Zəfər paradındakı çıxışında işğalçı Ermənistanın torpaqlarımızda törətdiyi talanlara diqqət çəkərək “Mənfur düşmən işğal edilmiş bütün torpaqları yerlə-yeksan edib. Bu məlumat artıq hər kəsdə var, videogörüntülər var. Azad edilmiş ərazilərə mənim səfərlərim bunu göstərir. Bütün binalar, bütün tarixi abidələr, məscidlər, qəbirlər, məzarlıqlar mənfur düşmən tərəfindən dağıdılıb”, - deyə bildirib.
Düşmən dövlət 30 ilə yaxın bir dövrdə işğal altında saxladığı ərazilərimizdə qeyri-qanuni iqtisadi fəaliyyətlə məşğul olub. Belə ki, bəhs olunan ərazilərimizdəki qızıl, üzlük daş yataqları xarici investorların cəlb edilməsi yolu ilə uzun müddət istismar olunub. Meşələrin qiymətli ağacları kəsilərək Ermənistana daşınıb və burada mebel sənayesində istifadə olunub. Verilən məlumatlara görə, Ermənistan işğal altında saxladığı ərazilərdən hər il 90 min ton taxıl götürüb. Bu, işğalçı dövlətin taxıla olan ehtiyacının təxminən yarısına bərabərdir. Başqa bir fakta diqqət çəkək. İşğalçı Ermənistan Dağlıq Qarabağın zəngin su ehtiyatlarından respublikamıza qarşı açıq-aşkar təzyiq vasitəsi kimi istifadə edib. Belə ki, düşmən isti aylarda çayların qarşısını kəsərək onların axınının istiqamətini dəyişirdi və bu səbəbdən də Azərbaycanın işğal altında olmayan bölgələrində də əkin-biçin aparmaq mümkün olmurdu. Qış aylarında isə əksinə, bəndlər açılırdı və qeyd olunan ərazilərimizi su basırdı.
Bütövlükdə, düşmənin işğalçılıq siyasəti nəticəsində Azərbaycana dəyən ziyanın statistikası kifayət qədər böyükdür. Aparılan hesablamalara əsasən, ümumilikdə 900 yaşayış məntəqəsi, 150 min ev və mənzil, 6 minədək sənaye, kənd təsərrüfatı və digər müəssisə tam şəkildə sıradan çıxarılıb, 7 min ictimai bina, 693 məktəb, 855 uşaq bağçası, 798 səhiyyə obyekti, 927 kitabxana, 44 məbəd, 9 məscid, 473 tarixi abidə, saray və muzey, 40 min muzey eksponatı, 160 körpü və digər infrastruktur obyekti dağıdılıb, soyğunçuluğa məruz qalıb. Bütün bunlar Ermənistan dövlətinin məqsədyönlü şəkildə apardığı işğalçılıq siyasətinin Azərbaycana vurduğu ziyanın yalnız bir hissəsidir. 2017-ci ilə olan məlumatlara əsasən, silahlı təcavüz nəticəsində respublikamızın məruz qaldığı itki və tələfatların ümumi dəyəri 820 milyard dollar səviyyəsində olub.
Təbii ki, bütün bu dağıntıları məqsədyönlü şəkildə törədən Ermənistan yol verdiyi bütün müharibə cinayətlərinə görə cəzalandırılmalıdır. Bunu həm də beynəlxalq hüquq tələb edir. Azərbaycan artıq işğalçı dövlətin hüquq müstəvisində cəzalandırılmasına nail olmaq üçün fəaliyyətə başlayıb. Prezident İlham Əliyev dekabrın 12-də ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, ABŞ-dan olan həmsədri Endrü Şoferi, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovu və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiki qəbul edərkən bu barədə məlumat verərək deyib: “Bu hərbi cinayətlər hazırda sənədləşdirilir. Biz artıq şəhərlərimizə qarşı törədilən əməllərlə bağlı hüquqi prosedurlara başlamışıq. Biz beynəlxalq tərəfdaşlarımızı dəvət etmişik ki, mülki əhalimiz, infrastrukturumuz, dini və mədəni abidələrimizə dəymiş ziyanın müvafiq təhlili aparılsın. Hər bir şey sənədləşdiriləcək və biz bu cür şəraitə uyğun olaraq zəruri addımlarımızı atacağıq”.
İşğaldan azad olunan ərazilərdə ilk bərpa layihələrinin icrasına başlanılıb
İşğaldan azad olunan ərazilərin iqtisadi resursları kifayət qədər böyükdür. Azərbaycanın meşə örtüyünün 25 faizi, su ehtiyatlarının təxminən yarısı bu ərazilərin payına düşür. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlının məlumatına əsasən, Qarabağda turizm, dağ-mədən, metallurgiya, emal sənayesi, elektrik enerjisi istehsalı, meşə sənayesi və kreativ sənayenin geniş inkişaf imkanları mövcuddur. V.Qasımlı bildirib ki, vaxtilə Ermənistanın işğalına məruz qalan ərazilərdə 155 müxtəlif növ faydalı qazıntı, o cümlədən 5 qızıl, 6 civə, 2 mis, bir qurğuşun və sink, 19 üzlük daşı yatağı və sair var. Təkcə sənaye ehtiyatları təsdiq edilmiş 132,6 ton qızılın dünya bazarında qiyməti 8 milyard ABŞ dolları ətrafındadır.
Regionda, həmçinin turizm və yaradıcı sənayenin, xalçaçılığın da geniş inkişaf perspektivləri var. Buradakı əkinə yararlı torpaqlardan səmərəli istifadə etməklə kənd təsərrüfatının əmək tutumu və gəlir imkanları böyük olan sahələrini inkişaf etdirmək mümkündür. İİTKM-in hesablamalarına görə, üç onillik ərzində işğal altında qalan 250 min hektar, keçmiş təmas xəttinə yaxınlıqda olan istifadəsiz 120 min hektar ərazinin postkonflikt dövründə əkin dövriyyəsinə cəlbi imkanları var. Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, bəhs olunan ərazilərdə kənd təsərrüfatının işğaldan əvvəl populyar olan sahələri inkişaf etdiriləcək. Prezident İlham Əliyev yuxarıda bəhs olunan xalqa müraciətində işğaldan təmizlənən ərazilərimizin gələcək inkişafı ilə bağlı möhkəm inamını ifadə edərək vurğulayıb: “Bütövlükdə azad edilmiş bölgələrin iqtisadi potensialı, kənd təsərrüfatı, turizm potensialı çox böyükdür. Biz bu potensialdan məharətlə istifadə edərək Qarabağ bölgəsini nəinki Azərbaycanın, dünyanın ən gözəl bölgələrindən birinə çevirməliyik və əminəm ki, buna nail olacağıq”.
Artıq işğaldan təmizlənən ərazilərimizdə bərpa işlərinə, dövlət idarəçiliyinin formalaşdırılmasına başlanılıb ki, bu da böyük məmnunluq doğurur. Xəbər verildiyi kimi, Prezident İlham Əliyev 29 oktyabr 2020-ci il tarixində “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Fərman imzalayıb. Bəhs olunan sənədə əsasən, Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində, Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə müvafiq olaraq, hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqlar yaradılır. Dövlət başçısının 24 noyabr 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı yaradılıb.
Qeyd olunduğu kimi, işğaldan azad edilən ərazilərdə genişmiqyaslı bərpa işlərinin aparılması nəzərdə tutulur. “Azəriqaz”, “Azərsu”, “Azərişıq”, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və digər qurumlar həmin ərazilərdə mövcud vəziyyətin dəyərləndirilməsini həyata keçirirlər. Eyni zamanda, bərpa işləri ilə bağlı ilk layihələrin icrası uğurla davam etdirilir. Qısa müddətdə “Azərsu” tərəfindən Şuşa şəhərinə suyun verilməsi təmin olunub. Hazırda “Azərişıq” ASC Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Fərmanına uyğun olaraq işğaldan azad edilmiş ərazilərdə xüsusi dövlət əhəmiyyətli binaların elektrik enerjisi ilə təchizatının təcili təmin olunması üçün “Azərişıq Qarabağda” layihəsi çərçivəsində təxirəsalınmaz tədbirlər həyata keçirir. Həmçinin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi işğaldan azad olunan ərazilərimizdə yol layihələrinin icrasını davam etdirir. Qeyd edək ki, Prezident İlham Əliyev 17 noyabr 2020-ci il tarixində “Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sənədə əsasən, Ümumi uzunluğu 101,5 kilometr olan Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 50 (əlli) milyon manat ayrılıb. Bu yolun inşası yerli və xarici şirkətlər cəlb olunmaqla həyata keçiriləcək. Prezident İlham Əliyev həmçinin 24 noyabr 2020-ci il tarixində “Bərdə-Ağdam dəmir yolu xəttinin layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Bəhs olunan Sərəncamla ümumi uzunluğu 45 kilometr olan Bərdə-Ağdam dəmir yolu xəttinin layihələndirilməsi və tikintisi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə ilkin olaraq 5 (beş) milyon manat ayrılıb.
Bundan sonra bizim hər birimiz üçün əziz olan Şuşa şəhərinin yeni növrağı başlayır. Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma tədbirləri ilə əlaqədar Şuşa şəhərində qiymətləndirmə və inventarlaşdırma işlərinə başlanılıb. Bütün işləri planlı şəkildə və yüksək səviyyədə həyata keçirmək üçün müxtəlif qurumların təmsilçilərindən ibarət işçi qrup yaradılıb. İşçi qrup 6 əsas istiqamət üzrə fəaliyyət göstərəcək.
İşğaldan azad olunan ərazilərimizdə aparılan bərpa işlərinə, həmçinin xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adını daşıyan Fond da qoşulub. Belə ki, qurum Fondun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Qarabağ ərazisində Azərbaycan xalqının milli sərvəti olan dini abidələrin, məscidlərin bərpası üzrə layihəyə başlayıb. Layihə çərçivəsində yerli və xarici mütəxəssislərin iştirakı ilə bölgədəki ziyarətgahlarımızın bərpası, konservasiyası və yenidən qurulması həyata keçiriləcək.
Mübariz ABDULLAYEV
- Oxunub: 3660 |
- Tarix: 22-12-2020 |
-
Çap et |