2020-ci il Azərbaycan tarixinə Zəfər ili, topraqlarımızın işğaldan azad olunduğu il kimi düşdü. Sentyabrın 27-də işğalçı Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi növbəti hərbi təxribata cavab olaraq Ordumuzun başladığı 44 günlük Vətən müharibəsi düşmənin sarsıdıcı məğlubiyyəti ilə nəticələndi. Azərbaycan xalqı bu müharibədən alnıaçıq, üzüağ çıxdı, böyük zəfər, şanlı qələbə qazandı. Döyüş meydanında qazandığımız qələbəyə görə xalqımız Müzəffər Ali Baş Komandanımız başda olmaqla Ordumuza, igid zabit və əsgərlərimizə, qazilərimizə və canını Vətən yolunda fəda edən şəhidlərimizə minnətdardır. “Yeni Azərbaycan” qəzeti olaraq Vətən müharibəsi zamanı döyüş meydanında əsl qəhrəmanlıq göstərib, tarix yazan şəhid və qazilərimiz haqqında oxucularımıza ətraflı məlumat verməyə davam edirik.
Nurlan Aprel döyüşlərində şəhid olub
Növbəti yazımız torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşlərdə şücaət göstərərək qəhrəmancasına şəhid olmuş Nurlan və İntiqam qardaşları haqqındadır. Qeyd edək ki, Nurlan və İntiqam qardaşları Masallı rayonunun Viləş kəndində doğulub boya-başa çatıblar. Hər ikisi hərb sənətini seçib. Onlar təkcə qardaş yox, həm də döyüş yoldaşı olublar. Heç vaxt bir-birilərindən ayrılmayan qardaşların hər ikisi Xüsusi Təyinatlı Qüvvələrin kəşfiyyat bölüyundə xidmət edib. Nurlan Əsgərov Azərbaycanda, qardaşı İntiqam Əsgərov isə Türkiyədə kəşfiyyat kursunu bitirib. Nurlan Aprel döyüşlərində, İntiqam isə Vətən müharibəsində - Şuşa uğrundakı döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. Dörd il əvvəl - Aprel döyüşlərində Nurlan Əsgərov Talış kəndi istiqamətindəki döyüşlərdə düşmənin xeyli canlı qüvvəsini məhv edib. 21 yaşlı döyüşçü qardaşı İntiqamın gözləri önündə şəhid olub.
Nurlanla döyüşçü yoldaşlarının yanında mərmi partlayıb, üç nəfər həlak olub, iki nəfər isə ağır yaralanıb. Yaşca özündən kiçik qardaşının cansız bədənini döyüş meydanından da elə İntiqam özü çıxarıb.
İntiqam Şuşanın azad olunması uğrunda qəhrəmanlıq göstərib
İgid döyüşçülərin anası Ziba Əsgərova oğlanları ilə fəxr etdiyini bildirib: “Mən övladlarımla fəxr edirəm. Vətənimə, xalqıma layiqli övlad böyütmüşəm. Düşmən bizim ağladığımızı, sarsıldığımızı görməməlidir. Biz onlara göstərməliyik ki, igidlərin arxasında igid durur. Balam İntiqam qardaşı Nurlanın intiqamını, dostlarının qisasını aldı, axıracan getdi, Şuşaya qədər döyüşdü. Orada da şəhid oldu. İntiqam şəhidlik yolunda da qardaşını tək buraxmadı”.
“Övladlarım həmişə Vətəni düşünərdilər”
İki şəhid atası Bayram Əsgərov isə deyir ki, böyük oğlu İntiqama həm Vətəninin, həm qardaşı Nurlanın, həm də döyüşçü yoldaşlarının intiqamını almaq nəsib oldu: “Övladlarım həmişə Vətəni düşünərdilər. İstəmirdilər ki, torpaqlarımız düşmən tapdağı altında qalsın. Qardaşı şəhid olandan sonra İntiqam gözləyirdi ki, nə vaxtsa hücum əmri veriləcək və o torpaqlar düşmən tapdağından birdəfəlik azad olacaq. İntiqam Vətəninin, qardaşının, döyüş yoldaşlarının qisasını aldı. Amma öz ömrünə də şəhidlik yazıldı. Oğlum Şuşada şəhid oldu. Şuşada qazanılan Zəfərdə İntiqamın da payı var”.
Yeri gəlmişkən, hazırda Əsgərovlar ailəsində İntiqamın Nur adlı balaca qızı böyüməkdədir. Aprel şəhidi olan əmisi Nurlanın şərəfinə onun adını Nur qoyublar. Ailənin gəlini isə bətnində İntiqamın varisini daşıyır. Ziba nənə nəvəsinə indidən atasının adını qoyacağını deyib.
Vurğulayaq ki, Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamı ilə şəhid gizir Əsgərov İntiqam Bayram oğlu ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb.
Nardar BAYRAMLI
- Oxunub: 3690 |
- Tarix: 22-12-2020 |
-
Çap et |