“Türkiyənin regionda baş verən proseslərdə iştirakı önəmlidir. Əvvəla, Türkiyə Azərbaycanla sərhəd dövlətdir, eyni zamanda bu dövlətlər qardaşdırlar. Azərbaycan Türkiyə, Türkiyə isə Azərbaycan deməkdir. Əlbəttə ki, Cənubi Qafqazda Türkiyəni sıxışdırmaq mümkün deyil”. Bu fikirləri qəzetimizə açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev deyib.
Razılaşmalara nəzarət etmək üçün Türkiyə və Rusiya tərəfindən birgə Monitorinq Mərkəzinin yaradılacağını deyən Qüdrət Həsənquliyev xatırladıb ki, Monitorinq Mərkəzi Ağdamda yerləşəcək. Amma ermənilər Ağdamda bir salamat bina qoymayıb ki, həmin binanı təmir edəsən və prosesə başlanılsın. Məlumat verilib ki, mərkəzin fəaliyyəti üçün Ağdamda bina inşa edilir. Yəqin ki, tikinti başa çatdıqdan və iş şəraiti yaradıldıqdan sonra mərkəz işinə başlayacaq.
“Monitorinq Mərkəzində türk mütəxəssislərin iştirakı sözsüz ki, müsbət hadisə olacaq. Ərazidə baş verənlər ciddi nəzarət altında saxlanılacaq, əgər ermənilərin təxribat xarakterli hərəkətləri üçün hazırlıq işləri görüləcəksə, biz bundan xəbərdar olacağıq. Odur ki, türklərin orada olması lazımdır. Xüsusi məqam isə ondan ibarətdir ki, biz dost və qardaş ölkələrik. İkinci Qarabağ müharibəsinin gedişində Türkiyə Azərbaycanın ədalətli mövqeyini qətiyyətlə dəstəklədi. Düşünürəm ki, bu dəstək bundan sonra da davam edəcək. Bu baxımdan, qardaş ölkənin mövcud proseslərdə iştirakı böyük əhəmiyyət kəsb edir”, - deyə partiya sədri vurğulayıb.
NARDAR
- Oxunub: 2130 |
- Tarix: 22-12-2020 |
-
Çap et |