“Sentyabrın 27-də başlayan və noyabrın 10-da qələbəmizlə bitən Vətən müharibəsi bir çox tarixi məqamları ilə yadda qaldı. Bu müddət ərzində torpaqlarımız işğaldan azad edildi, ölkəmizin ərazi bütövlüyü bərpa olundu, həmçinin güclü milli həmrəyliyin şahidi olduq. Əks-hücum əməliyyatlarına başlanılmasından sonra ölkəmizdə fəaliyyət göstərən 50 siyasi partiya birmənalı şəkildə ölkə Prezidentinin atacağı bütün addımları dəstəkləyəcəyi haqda birgə bəyanat imzaladı. Bu bəyanat onu göstərdi ki, ümummilli məsələlərdə Azərbaycan xalqı bir yumruq kimi birləşməyi bacarır. Bütövlükdə, milli birlik ölkəmizin inkişafına təkan verən mühüm amildir”. Bunu qəzetimizə açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə deyib.
Onun sözlərinə görə, döyüş əməliyyatlarının davam etdiyi dövrdə ölkəmizdə müşahidə olunan bu milli həmrəylik qələbədən sonra da qorunub saxlanılır. Son günlərdə Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə iş şöbəsinin müxalifət partiyalarının sədrləri ilə keçirdiyi görüşlərin mühüm əhəmiyyətə malik olduğunu deyən A.Əlizadə bildirib ki, siyasi münasibətlərin dialoq mühitində davam etdirilməsi siyasi palitranı zənginləşdirib. “Milli həmrəyliyimiz, dialoq mühitinin davamlılığı və inkişafı bizim gələcək siyasi fəaliyyətimizdə dinamizmi daha da artıracaq. Siyasi plüralizmin daha da inkişaf etdirilməsi ölkəmizə yalnız xeyir gətirəcək. Bu gün siyasi dünyagörüşündən asılı olmayaraq, hər bir vətəndaş Azərbaycan dövlətinin inkişafı uğrunda mübarizə aparmalıdır”, - deyə A.Əlizadə əlavə edib.
PƏRVİZ
- Oxunub: 1860 |
- Tarix: 22-12-2020 |
-
Çap et |