Marginal qruplaşmanın işğalçı Ermənistanın dağıdıcı maraqlarını müdafiə etməsi onların “beşinci kolon” funksiyası yerinə yetirdiyini göstərir
Sentyabrın 27-dən başlanan və noyabrın 10-da Azərbaycanın parlaq qələbəsi ilə yekunlaşan Vətən müharibəsinin regionda yeni siyasi-iqtisadi reallıqlar yaratması heç kimə sirr deyil. Eyni zamanda, biz bu müddət ərzində ölkə daxilində sarsılmaz birlik və həmrəyliyin də şahidi olduq. Ölkə Prezidentinin siyasi kursunu və qətiyyətli mövqeyini birmənalı şəkildə dəstəklədikləri ilə bağlı bəyanat verən siyasi partiyalar ümummilli mübarizədə vahid mövqedən çıxış etdiklərini ortaya qoydular. Özünü milli həmrəylikdən kənarda saxlayan xəyanətkar radikal müxalifət isə bir daha xarici ermənipərəst dairələrin təsirində olduğunu əməlləri ilə sübuta yetirdi.
Görünən budur ki, Azərbaycan xalqının bir yumruq kimi birləşərək düşməni məğlub etməsi ölkəmizin milli maraqlarına düşmən kəsilən anti-azərbaycançı qüvvələri, eləcə də onların əlaltılarını narahat etməkdədir. Bunun nəticəsidir ki, bu “sapı özümüzdən olan balta”lar çirkin təbliğatları ilə düşmən dəyirmanına su tökməkdədirlər. Daha doğrusu, hər zaman antimilli mövqeyi ilə seçilən, milli maraqları heçə sayan ünsürlər ermənipərəst dairələrin tezislərini əsas götürərək sosial şəbəkələrdə yalanlar tirajlayır və bununla da işğalçı, separatçı qüvvələrlə eyni mövqedən çıxış etdiklərini bir daha ortaya qoyurlar. Radikal ünsürlərin xarici ölkələrdə “siyasi mühacir” adı altında məskunlaşdırılmış uzantısı isə həm sosial şəbəkələrdə, həm də əllərində olan internet resurslarında erməni maraqlarını müdafiə etməklə məşğuldurlar. Ermənilərin 44 günlük müharibə və onun nəticələri ilə bağlı sosial şəbəkələrdə yaymağa çalışdıqları dezinformasiyaları tirajlayan bu antimilli şəbəkə bir daha düşmənin təbliğat maşınının “ayrılmaz hissəsi” olduğunu əməli ilə ortaya qoyur, ölkəmizə qarşı aparılan yalan, böhtan kampaniyalarında yer alır. Amma onlar unudurlar ki, öz xalqına, Vətəninə xəyanət edənlərin bir adı var - xain. Və xalqımız da bu xainləri heç zaman unutmayacaq.
Pərviz SADAYOĞLU
- Oxunub: 1860 |
- Tarix: 22-12-2020 |
-
Çap et |