2021-ci ildə dövlət büdcəsinin yerli xərcləri 859,6 milyon manat məbləğində proqnozlaşdırılır ki, bu da 2020-ci illə müqayisədə 44,8 milyon manat və ya 5,5 faiz çoxdur.
AZƏRTAC xəbər verir ki, bu barədə "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında" Qanun layihəsində deyilir.
Bildirilir ki, yerli xərclərin 322,5 milyon manatı və ya 37,5 faizi təhsil xərclərinə (məktəbəqədər uşaq müəssisələrinin maliyyələşdirilməsi xərcləri), 174,7 milyon manatı və ya 20,3 faizi ətraf mühitin mühafizəsi xərclərinə (abadlaşdırma xidmətləri haqqının ödənilməsi və təmir işləri ilə bağlı xərclər), 160,1 milyon manatı və ya 18,6 faizi icra hakimiyyəti orqanlarının saxlanılması xərclərinə, 116,5 milyon manatı və ya 13,6 faizi mənzil və kommunal təsərrüfatı xərclərinə, 43,6 milyon manatı və ya 5,1 faizi nəqliyyat və rabitə xərclərinə, 13,1 milyon manatı və ya 1,5 faizi mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərclərinə və 29,1 milyon manatı və ya 3,4 faizi digər xərclərə yönəldiləcək.
İqtisadi təsnifata uyğun olaraq 2021-ci il dövlət büdcəsinin yerli xərclərin tərkibində əməyin ödənişi xərcləri 38,2 faiz olmaqla 328,5 milyon manat, iş və xidmətlərin alınması xərcləri 34,4 faiz olmaqla 295,6 milyon manat, malların satınalınması ilə bağlı xərclər 13,7 faiz olmaqla 118 milyon manat, qeyri-maliyyə aktivlərinə aid olan xərclər 9,7 faiz olmaqla 82,9 milyon manat, subsidiyalar 3,7 faiz olmaqla 32 milyon manat və sosial ödənişlər xərcləri 0,3 faiz olmaqla 2,6 milyon manat təşkil edəcək.
- Oxunub: 2430 |
- Tarix: 21-12-2020 |
-
Çap et |