Qazaxıstanın Almatı şəhərində Azərbaycanın bu ölkədəki səfirliyinin təşkilatçılığı ilə Zəfər günü və Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunan tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə səfir Rəşad Məmmədov, böyük yazıçı, dövlət Oljas Süleymenov, Türkiyə, Pakistan və Əfqanıstanın Almatı şəhərindəki baş konsulları, tanınmış politoloqlar, ictimai xadimlər, jurnalistlər, sosial media fəalları və Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.
Tədbir çərçivəsində qazaxıstanlı jurnalist Almas Altayın çəkdiyi, 44 günlük Vətən müharibəsinə həsr olunan "Qarabağ - geri dönən xoşbəxtlik" sənədli filminin təqdimatı olub.
Film qazaxıstanlı politoloqlar, jurnalist və bloqqerlərdən ibarət 10 nəfərlik heyətin Azərbaycana səfəri, Bakı, Bərdə, Gəncə və Şamaxı şəhərlərini ziyarətləri zamanı çəkilən, müharibənin müxtəlif məqamlarını əks etdirən kadrlar, habelə tarixi videogörüntülər əsasında lentə alınıb.
Tədbirdə 44 günlük müharibə dövründə Qazaxıstanda və dünyada Azərbaycanın haqq səsinin yayılmasına dəstək göstərən ictimai xadimlər, bloqqer və jurnalistlər mükafatlandırılıb.
Qarabağ münaqişəsi barədə dəqiq və dolğun məlumatların ictimaiyyətə çatdırılması, iki xalq arasında dostluq, qardaşlıq münasibətlərinin və həmrəyliyin gücləndirilməsindəki xidmətlərinə, habelə Azərbaycanın haqq-ədalətin bərpası uğrunda mücadiləsinə verdiyi töhfəyə görə onlara səfir R.Məmmədov tərəfindən fəxri fərman və təşəkkür məktubu təqdim edilib.
Oljas Süleymenov, Qazaxıstan Yazıçılar Birliyinin sədri Uluqbek Esdaulet, politoloqlar Aydos Sarım, Muxtar Taycan və digərləri tarixi Zəfər münasibətilə Azərbaycan xalqına təbriklərinin çatdırıb və bu hadisənin bütün türk dünyasının tarixinə ən böyük qələbələrdən biri kimi yazıldığını bildiriblər.
Qeyd edək ki, tədbir çərçivəsində premyerası keçirilən "Qarabağ - geri dönən xoşbəxtlik" filmi münaqişənin səbəbləri, gedişi və nəticələri barədə qazax və rus dillərində qazaxıstanlı rejissorlar tərəfindən Qazaxıstanda çəkilən ilk belə əhatəli sənədli filmdir.
Ekran işinin süjet xətti öz ardıcıllığı və dinamikası ilə seçilir, münaqişə barədə Azərbaycanın haqlı mövqeyini geniş ictimaiyyətə çatdıra biləcək dəqiq və dolğun məlumatlarla zəngindir.
Almatı şəhərindəki Azərbaycan icmasının dəstəyi ilə ərsəyə gələn filmin paytaxt Nur-Sultan və digər şəhərlərdə də nümayişi nəzərdə tutulub.
- Oxunub: 2010 |
- Tarix: 21-12-2020 |
-
Çap et |