Qarabağda 44 gün davam edən və Azərbaycan Ordusunun Qələbəsi ilə nəticələnən müharibə zamanı və ondan sonrakı dövrdə Cənubi Qafqaz regionunda yeni fenomen – Türkiyə-Azərbaycan ittifaqı yaranıb və hər kəs bununla hesablaşmalı olacaq.
AZƏRTAC xəbər verir ki, bu fikir Səudiyyə Ərəbistanının “Arabnews” nəşrində dərc olunmuş məqalədə yer alıb.
Məqalənin müəllifi, Türkiyənin sabiq Xarici İşlər naziri Yaşar Yakış yazır ki, bəzi Qərb ölkələrinin Bakı ilə Ankara arasında hərbi əməkdaşlığa qarşı olmaları fonunda iki qardaş dövlətin bu sahədə müttəfiqliyi daha da möhkəmlənəcək. Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış Bəyanatdan sonra Qarabağın Azərbaycan ərazisi olduğunu bəyan edən Moskva da atəşkəs rejiminə əməl edilməsi istiqamətində səylərini davam etdirir. Həmçinin Türkiyə Azərbaycanın nəzarəti altında olacaq və ölkəni Naxçıvanla birləşdirəcək nəqliyyat dəhlizinin açılmasında maraqlıdır. Çünki bu yol sayəsində Ankara Mərkəzi Asiya ölkələri ilə də birbaşa nəqliyyat əlaqəsini təmin edə biləcək.
Məqalədə qeyd edilir ki, Türkiyə ilə Azərbaycan arasında vətəndaşların şəxsiyyət vəsiqəsi ilə səyahət etməsi qərarı da iki qardaş ölkənin əlaqələrinin daha da möhkəmlənməsi istiqamətində atılmış mühüm addımdır. Bu, ötən ilin sentyabrından qüvvəyə minən vizasız gediş-gəlişdən sonra daha bir müsbət yenilikdir. Bundan başqa, Türkiyə şirkətlərinin işğaldan azad edilmiş ərazilərdə bərpa işlərində iştirak edəcəyi ikitərəfli iqtisadi əlaqələrin inkişafına töhfə olacaq, Azərbaycan Prezidenti İlham Əliyevin söylədiyi kimi, on milyardlar dollar məbləğində tikinti işlərinin həyata keçirilməsi yeni iş yerlərinin açılmasına şərait yaradacaq.
Sonda müəllif yazır ki, müharibədə məğlub edilmiş və hazırda ağır vəziyyətdə olan Ermənistanın qonşuları ilə normal əlaqələr qurmaqdan başqa çarəsi yoxdur. Cənubi Qafqaz regionunda sülhün qorunması bütün xalqların mənafeyinə uyğundur.
- Oxunub: 2160 |
- Tarix: 21-12-2020 |
-
Çap et |