Avropa ölkələri Böyük Britaniyada COVID-19 virusunun yeni ştammının yayılması ilə əlaqədar Birləşmiş Krallıqla nəqliyyat əlaqələrini məhdudlaşdırmağa başlayıb.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, dekabrın 21-də bu barədə Avropa İttifaqı səviyyəsində qərarın qəbul ediləcəyi gözlənilir.
Dekabrın 14-də Böyük Britaniyada koronavirusun yeni ştammının yayıldığı məlum olub. Baş nazir Boris Conson dekabrın 20-dən başlayaraq London, Şərqi və Cənub-Şərqi İngiltərə ərazisində sərt karantin rejimi tətbiq edib. Məhdudlaşdırma tədbirləri, həmçinin Uelsdə də elan olunub.
Almaniya dekabrın 21-dən etibarən Böyük Britaniya ilə aviasiya əlaqəsini kəsib. Fransa Birləşmiş Krallıqla sərnişin və yük daşımalarını dayandırıb. Niderland, Belçika, İtaliya, Litva, Estoniya da Böyük Britaniya ilə nəqliyyat əlaqəsini məhdudlaşdırıb. Ümumilikdə 20-dən çox Avropa ölkəsi analoji qərar qəbul edib. Həmçinin Türkiyə, İsrail, İran, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Salvador, Kolumbiya Britaniyaya uçuşları dayandırıb və bu siyahının genişlənəcəyi gözlənilir.
İtaliyanın Səhiyyə Nazirliyinin mütəxəssisləri koronavirusun yeni ştammının çox güman ki, “klassik” COVID-19 infeksiyasından ölümcül olmadığını, lakin yoluxuculuq qabiliyyətinin daha yüksək olduğunu deyiblər.
Qeyd edək ki, mart ayının 11-də Dünya Səhiyyə Təşkilatı yeni koronavirusun yayılmasını pandemiya elan edib. Pandemiyanın statistikasını aparan Worldometer saytının son məlumatına əsasən, ötən sutka ərzində Böyük Britaniyada koronavirusa yoluxanların sayı 35 min 928 nəfər artaraq 2 milyon 40 min 147 nəfərə çatıb. Həmçinin ölkədə indiyədək 67 min 401 nəfər COVID-19 infeksiyası səbəbindən həyatını itirib.
- Oxunub: 2160 |
- Tarix: 21-12-2020 |
-
Çap et |