İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Əvvəlki dövrlərdə həyata keçirilən enerji layihələri, o cümlədən Azərbaycan neftinin İtaliyaya nəql edilməsi və artıq reallaşmaqda olanda Cənub Qaz Dəhlizi vasitəsilə təbii qazın da bu ölkənin bazarına çıxarılacağı ondan xəbər verir ki, iki ölkə arasında strateji münasibətlər uzun müddətdir formalaşıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
"44 günlük Vətən müharibəsi dövründə Azərbaycanın haqq işinə dəstək olan ölkələrdən biri də məhz İtaliya oldu. İtaliya bu dəstəyi müharibədən sonra da nümayiş etdirdi. İtaliya nümayəndə heyətinin ölkəmizə gəlməsi və işğaldan azad olunmuş ərazilərimizə səfər etməsi ondan xəbər verir ki, İtaliya strateji müttəfiq olan Azərbaycanla münasibətlərinə xüsusi önəm verir. Azərbaycan da özünün strateji və iqtisadi tərəfdaşı olan İtaliya ilə əməkdaşlığından məmnundur. “Azərenerji” ASC ilə İtaliyanın "Ansaldo Energia" şirkəti arasında qarşılıqlı əməkdaşlıq sahəsində təchizat müqaviləsi bir daha təsdiq edir ki, Azərbaycan savaş müddətində onun haqq işinə dəstək olan və ona dost münasibət göstərən ölkələrin şirkətləri ilə işğaldan azad olunmuş ərazilərimizin bərpası prosesində yaxından əməkdaşlıq edəcək. Gözlənilir ki, növbəti mərhələlərdə də İtaliya daxil olmaqla Azərbaycanla strateji tərəfdaş olan dövlətlərlə iqtisadi əməkdaşlığımız güclənəcək", - deyə deputat qeyd edib.
- Oxunub: 1920 |
- Tarix: 21-12-2020 |
-
Çap et |