“Ölkəmizdə siyasi partiyaların yeni ofislərlə təmin olunması çox təqdirəlayiq haldır. Milli Cəbhə Partiyası olaraq dövlətin bu istiqamətdə addımlarını çox yüksək qiymətləndiririk”. Bu fikirləri qəzetimizə açıqlamasında Milli Cəbhə Partiyasının (MCP) sədri, millət vəkili Razi Nurullayev deyib.
Razi Nurullayev bildirib ki, belə bir mütərəqqi addım ölkəmizdə siyasi dialoqun və siyasi münasibətlərin inkişafının əyani göstəricisidir. Onun sözlərinə görə, ölkəmizdə yeni siyasi konfiqurasiyanın formalaşmasında əksər siyasi partiyalar yaxından iştirak edirlər. Bütün bunlar bilavasitə demokratik münasibətlərin təzahürüdür.
Partiya sədri qeyd edib ki, siyasi partiyaların ofislərlə təmin olunması onların iş prosesinin daha əlverişli şəraitdə yerinə yetirilməsi baxımından əhəmiyyətlidir: “Ümumiyyətlə, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin mütəmadi şəkildə partiya rəhbərləri və ictimai fəallarla görüşləri təşkil olunur. Görüşlərdə Vətən müharibəsində qazanılmış böyük qələbə, ordumuzun şücaəti, Azərbaycanın keyfiyyət etibarilə yeni inkişaf mərhələsinə keçməsi, siyasi həmrəylik istiqamətində əldə olunmuş uğurların qorunması, COVID-19 pandemiyası ilə mübarizədə vətəndaşların fəallığı və bir sıra digər önəmli mövzular müzakirə edilir”.
“Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu, əslində, dünyaya yeni hərbi strategiya nümayiş etdirib. Azərbaycanın sözügedən təcrübəsi bir çox ölkələr tərəfindən öyrəniləcək. Düşünürəm ki, müharibədən sonrakı dövrdə aparılan informasiya müharibəsində də siyasi həmrəyliyin nümayişi olduqca vacibdir. Eyni zamanda, siyasi partiyaların əməkdaşlığının və qarşılıqlı münasibətlərinin inkişaf etdirilməsi önəmli məsələdir”.
NARDAR
- Oxunub: 1860 |
- Tarix: 19-12-2020 |
-
Çap et |