Dünya təcrübəsinə nəzər salsaq, görərik ki, test nəticəsi pozitiv çıxan bütün koronavirus xəstələrinin heç də hamısı xəstəxanalara yerləşdirilmir. Əgər ev şəraitində izlənib nəzarətdə saxlanılmasına qərar verilibsə, o zaman həmin şəxs təcrid şəraitində, evdə qalmalıdır. Həmin xəstənin həkim tərəfindən müayinəsi, müalicəsi aparılmalı və o nəzarətdə saxlanılmalıdır.
Bəzi hallarda insanların həkim göstərişi və təyinatı olmadan dərman preparatlarından istifadə etmələrinə də rast gəlinir. Mərkəzi Neftçilər Xəstəxanasının həkim-infeksionisti Fərrux Sədirov qəzetimizə açıqlamasında bildirib ki, bu, qətiyyən yolverilməzdir: “Ağızdan və ya damar yolu ilə qəbul edilən dərman vasitəsi kimyəvi preparatdır. Bunun yan təsirləri var və fəsadları ölümə qədər gətirib çıxara bilər. Ona görə də həkim müayinə və müalicəsi olmadan kimdənsə eşidilən metod tətbiq olunmamalıdır. Evdə müalicə xəstəliyin klinik gedişatını və şəklini dəyişir. Bu, həkim üçün xəstəliyin müalicəsində ciddi problemlər yaratmış olur. Xəstə xəstəxanaya yerləşdirilməzdən öncə bir sıra dərman vasitəsindən sınaq məqsədilə istifadə edir. Bu da klinik gedişatı həm gizlədə, həm də dəyişdirə bilir. Nəticədə xəstəliyin diaqnozu və gedişatı ilə bağlı müəyyən çətinliklər yaranır. Evdə həkim nəzarəti olmadan, özbaşına dərmanlardan istifadə, genişspektrli və damardaxili antibakterial preparatların, immunmodulyatorların, digər mənşəyi məlum olmayan dərman vasitələrinin istifadəsi ilə ağırlaşmış xəstələr var. Ona görə də bu məsələyə çox ciddi yanaşmaq lazımdır. Dərman vasitəsi həkim tərəfindən uyğun dozada yazıldığı zaman faydalı ola bilər”.
Onun sözlərinə görə, son zamanlar aparılan müşahidələr göstərir ki, xəstələrdə ikincili bakterial infeksiya faizləri də artıb: “Nəzarətsiz antibiotik istifadəsi daha davamlı bakterial infeksiyaların yaranması riskini artırır. Nəzarətsiz dərman qəbulu deyərkən buna bioloji aktiv əlavələr, vitaminlər, bitki mənşəli preparatlar daxildir. Koronavirusun profilaktikası yoxdur. Profilaktikada təsdiqlənmiş bir dərman mövcud deyil. Lakin biz özümüzü qoruya bilərik. Mexaniki qorunma vasitələri - sosial məsafə saxlamaq, tibbi maskadan istifadə etmək, əl gigiyenası, fizioloji müdafiə - yaxşı bəslənmə, idmanla məşğul olmaq, gecə ən azı 8 saat yuxu yatmaq virusa yoluxma riskini azaldır”.
MÜŞFİQƏ
- Oxunub: 2730 |
- Tarix: 19-12-2020 |
-
Çap et |