Üçtərəfli birgə Bəyanatın imzalanması ilə yaranmış yeni şərait Cənubi Qafqazda geniş regional əməkdaşlığın qurulması baxımından imkanlar yaradıb
Azərbaycan Respublikasının Britaniyadakı səfirliyinin Ermənistan və Azərbaycan arasında ən son hərbi əməliyyatlar və üçtərəfli birgə Bəyanatın imzalanmasına dair geniş siyasi-ictimai dairələrin məlumatlandırılması istiqamətində addımları çərçivəsində London şəhərində fəaliyyət göstərən “Global Diplomatic Forum” adlı təşkilat Səfir Tağızadənin iştirakı ilə vebinar təşkil edib. Qeyd olunan təşkilat diplomatiya sahəsində fəaliyyət göstərən peşəkar şəxslər və bu sahəyə maraq göstərənlər arasında bilik və təcrübə mübadiləsini təmin edən platforma kimi fəaliyyət göstərir.
“Dağlıq Qarabağda sülh razılaşması” adlanan vebinarda adıçəkilən təşkilatın Britaniyadan və dünyanın digər yerlərindən olan üzvləri iştirak ediblər.
Səfir Tağızadə çıxışında əsasən 10 noyabr tarixli birgə Bəyanatın əhəmiyyəti, bərpa və yenidənqurma sahəsində qarşıda duran məsələlər və regional əməkdaşlıq perspektivləri barədə danışıb. T.Tağızadə birgə Bəyanatın Azərbaycanın işğal edilmiş ərazilərinin geri qaytarılması və bu ərazilər üzərində suverenliyin bərpa edilməsi zəminində regionda yeni şərait yaratdığını qeyd edib. O, həmçinin humanitar xarakterli məsələlərin həlli, xüsusilə də hərbi əsirlərin mübadiləsi, mədəni mirasın qorunub saxlanılması çərçivəsində artıq vacib addımların atıldığını ifadə edib. O, yeni şəraitin, həmçinin Cənubi Qafqaz regionunda geniş regional əməkdaşlığın təsis olunması baxımından imkanlar yaratdığını əlavə edib. Səfir vurğulayıb ki, işğala son verilməsi Avropa, xüsusən də Britaniya üçün vacib əhəmiyyəti olan bu regionda hərbi gərginliyi azaltmaqla regionla daha sıx əməkdaşlığa şərait yarada bilər.
Səfir, həmçinin vebinar iştirakçılarının mövzu üzrə müxtəlif suallarını cavablandırıb.
- Oxunub: 2250 |
- Tarix: 18-12-2020 |
-
Çap et |