Prezident İlham Əliyev: Biz bir neçə rayonu döyüş meydanında düşməndən azad etdik, üç rayonu düşməni məcbur edərək qaytardıq və beləliklə, Dağlıq Qarabağ münaqişəsini həll etdik
Dünya tarixinə nəzər saldıqda görürük ki, ölkələrin, xalqların apardıqları ədalətli müharibələr, adətən, qalibiyyətlə yekunlaşıb. Əlbəttə, bunu şərtləndirən obyektiv amillər var. Ədalətli müharibələr, bir qayda olaraq, Vətən sərhədlərinin qorunması, təcavüz faktının aradan qaldırılması məqsədilə aparılır. Bu da istilaçılara qarşı vuruşan xalqların, orduların döyüş ruhunu birə beş qat artırır və nəticədə, qələbə təmin olunur. Bu həqiqət Azərbaycanın sentyabrın 27-dən noyabrın 10-dək apardığı Vətən müharibəsində bir daha təsdiqləndi. Azərbaycan müharibəyə Ermənistanın hərbi birləşmələrinin növbəti təxribatına cavab olaraq vətəndaşların təhlükəsizliyini təmin etmək, düşmənin işğalçılıq siyasətinə son qoymaq və üç onillik ərzində işğal altında qalan torpaqlarını geri qaytarmaq məqsədilə başladı. Vətən müharibəsində döyüşlər Azərbaycan ərazisində gedirdi, əsgər və zabitlərimizin qanı doğma torpaqlara axırdı. Bütün bunlar isə müzəffər Ordumuzun şəxsi heyətinə əlavə güc verirdi. Nəticədə, 44 günlük Vətən müharibəsində şanlı qələbəmiz təmin olundu. Bu qələbə sayəsində üç onillik ərzində davam edən Dağlıq Qarabağ münaqişəsinin həllində yeni reallıqlar yarandı. Azərbaycan işğal faktına son qoymaqla, torpaqlarını geri qaytarmaqla tarixi ədaləti və beynəlxalq hüququ təmin etdi. Prezident İlham Əliyev son günlərdə keçirilən müxtəlif tədbirlərdə etdiyi çıxışlarda Vətən müharibəsində qazanılan parlaq qələbə sayəsində ölkəmizin ərazi bütövlüyünün təmin olunmasını tarixi uğurumuz kimi səciyyələndirib. Dövlətimizin başçısı dekabrın 12-də ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, ABŞ-dan olan həmsədri Endrü Şoferi, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovu və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiki qəbul edərkən Vətən müharibəsinin nəticələrinin Dağlıq Qarabağ münaqişəsinin həllində yeni reallıqlar yaratdığına diqqət çəkərək vurğulayıb: “Xalqımız, ölkəmiz qələbə qazandı, çünki həqiqət və beynəlxalq hüquq bizim tərəfimizdə idi”.
Xalqımızın birliyi Vətən müharibəsində qələbənin təmin olunmasında mühüm rol oynadı
Vətənə, torpağa, milli dəyərlərə, adət-ənənələrə, əcdadlarımızın mirasına münasibətdə biz mühafizəkar xalqıq və bu, bizim başucalığımızdır. Xalqımız və dövlətimiz ötən əsrin doxsanıncı illərinin əvvəllərində bir sıra səbəblər üzündən torpaqlarımızın işğal altına düşməsi faktı ilə heç vaxt barışmayıb. Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Zəngilan, Cəbrayıl, Füzuli, Qubadlı həsrəti həmişə qəlbimizi göynədib. Biz ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağına və doğma yurd yerlərimizə qayıdacağımıza böyük inam bəsləmişik. Xoşbəxtliyimiz onda olub ki, önümüzdə İlham Əliyev kimi milli ruhlu, təəssübkeş, xalqın arzularını həyata keçirməyi Özü üçün ən ümdə vəzifə, məqsəd sayan Prezidentimiz, Ali Baş Komandanımız olub. Bütün ümummilli məsələlərdə olduğu kimi, Dağlıq Qarabağ probleminin həllinə münasibətdə də cəmiyyətimiz dövlətlə sıx həmrəylik göstərib, necə deyərlər, çəkici həmişə bir zindana vurub. Bu da ümumi qələbəmizi təmin edib. Vətən müharibəsində qələbə çalmaq, özünün ərazi bütövlüyünü təmin etmək Azərbaycanın haqqı idi və respublikamız buna nail oldu. Üç onillik ərzində Ermənistanın işğalçılıq siyasəti ucbatından yaranan Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycanın gündəliyində bir nömrəli məsələ kimi dayandı. Prezident İlham Əliyev müxtəlif beynəlxalq təşkilatların ali kürsülərindən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı əsl həqiqətləri Özünəxas diplomatik məharətlə dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Dövlət başçımız daim tarixi faktlara və sənədlərə istinad etməklə əsaslandırırdı ki, Qarabağ dağlıq və aran hissələrdən ibarət olmaqla bütövlük təşkil edir və bu coğrafi ərazilərin Ermənistanla hər hansı tarixi, iqtisadi bağlılığı yoxdur. Azərbaycan Prezidentinin “Valday” Diskussiya Klubunda, Münxen Təhlükəsizlik Konfransında və digər beynəlxalq tədbirlərdə işğalçı Ermənistanın baş naziri Nikol Paşinyana keçdiyi tarix dərsləri hər kəsin yadındadır. Dövlət başçımızın gətirdiyi arqumentlər hər dəfə N.Paşinyanı dərsini yaxşı bilməyən uşaq durumuna salırdı.
Prezident İlham Əliyev müxtəlif beynəlxalq tədbirlərdə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin yeganə düzgün variant olduğunu əsaslandırarkən həm də beynəlxalq hüquqa istinad edirdi. Beynəlxalq birlik Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Vətən müharibəsi başlayanadək BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa İttifaqı, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar, eləcə də dünyanın əksər dövlətləri Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə dəstəklərini ifadə etmişdilər. Azərbaycan dövləti də məhz tarixi faktlardan və beynəlxalq hüquq normalarından çıxış edərək ölkənin ərazi bütövlüyünün təmin olunmasında prinsipiallıq göstərirdi.
Vətən müharibəsinin davam etdiyi günlərdə xalqımızın Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməsi, Ona qətiyyətli dəstək verməsi bütün dünyaya göstərdi ki, ölkənin ərazi bütövlüyünün təmin olunmasında Azərbaycan dövləti və cəmiyyəti israrlıdır və bu məsələdə hansısa bir fikir ayrılığından söhbət belə gedə bilməz. Vətən müharibəsinin elə ilk günlərindən respublikamızda fəaliyyət göstərən əksər partiyalar və vətəndaş təsisatları fərqli siyasi baxışlarını kənara qoyaraq Prezident, Ali Baş Komandan İlham Əliyevə dəstək verdiklərini bildirdilər. Bax, xalqımızın belə möhkəm birliyi Vətən müharibəsində qələbənin təmin olunmasında mühüm rol oynadı. Dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilən Zəfər paradındakı çıxışında bu amilə diqqət çəkən Prezident İlham Əliyev vurğulayıb: “Həyat göstərdi ki, vaxtında addımlar atdıq, bütün gücümüzü səfərbər edərək bir dəmir yumruq yaradıb düşmənin başını əzdik. Müharibə dövründə Mən deyirdim ki, bizim dəmir yumruğumuz həm birliyimizi, həm də gücümüzü təcəssüm etdirir. Bu dəmir yumruq düşmənin belini qırdı, düşmənin başını əzdi”.
Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində nümayiş etdirdiyi prinsipial və praqmatik yanaşma ilə müqayisədə işğalçı Ermənistanın mövqeyi qeyri-ardıcıllığı, heç bir arqumentə əsaslanmaması ilə diqqəti cəlb edirdi. Prezident İlham Əliyevin dəfələrlə bildirdiyi kimi, Ermənistan rəhbərliyinin münaqişə ilə bağlı heç bir baxışı yox idi. Onlar özləri bilmirdilər nə istəyirlər. Gah deyirdilər ki, Dağlıq Qarabağ “müstəqil dövlət”dir. Bu təzadlı fikirlər bir-biri ilə necə uzlaşa bilər? Əgər Dağlıq Qarabağ müstəqil dövlətdirsə, onda Ermənistanın ordusu orada nə iş görürdü? Və yaxud Dağlıq Qarabağ “müstəqil dövlət”dirsə, onda işğalçı dövlətin baş naziri hansı məntiqlə “Dağlıq Qarabağ Ermənistandır və nöqtə” deyirdi? Ümumiyyətlə, işğalçı Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həllinə yanaşmasında sağlam məntiqdən, ədalətdən, beynəlxalq hüquq normalarından uzaq idi və özünün üç onillik davam edən işğalçılıq siyasətində sırf separatizmə əsaslanırdı.
Güclü dövlət olan Azərbaycan Ermənistanın separatizmə əsaslanan işğalçılıq siyasətini puç etdi. Artıq Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşub. Prezident İlham Əliyev dekabrın 1-də Laçın rayonunun işğaldan azad edilməsi ilə əlaqədar xalqa müraciətində qürur hissi ilə bildirib ki, daha belə bir münaqişə yoxdur “Biz bir neçə rayonu döyüş meydanında düşməndən azad etdik, üç rayonu düşməni məcbur edərək qaytardıq və beləliklə, Dağlıq Qarabağ münaqişəsini həll etdik. İndi artıq Dağlıq Qarabağ münaqişəsi yoxdur. Əgər kimsə hesab edir ki, bu münaqişə hələ də davam edir, səhv edir”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Bu gün bölgədə təhlükəsizliyin qarantı Azərbaycan Ordusudur
Müharibə şəraitində yaşayan Azərbaycan son üç onillik ərzində ölkənin ərazi bütövlüyünün təmin olunması üçün diplomatik müstəvidə fəal iş aparmaqla paralel şəkildə, özünün Silahlı Qüvvələrinin möhkəmləndirilməsini də davamlı şəkildə diqqət mərkəzində saxlayıb. Hər il respublikamızın dövlət büdcəsindən Ordunun maddi-texniki təchizatını möhkəmlətmək, şəxsi heyətin döyüş hazırlığını artırmaq məqsədilə işğalçı Ermənistanın ümumi büdcəsindən çox həcmdə maliyyə vəsaitləri ayrılıb. Bu gün Ordumuzun arsenalında dünyanın ən qabaqcıl şirkətlərinin istehsalı olan döyüş texnikaları var. Təsadüfi deyildir ki, beynəlxalq reytinq agentlikləri yaydıqları hesabatlarda Azərbaycanın Silahlı Qüvvələrini dünyanın 50 ən güclü ordusu siyahısına daxil ediblər. Ordu quruculuğu ilə bağlı digər bir mühüm məqam ondan ibarətdir ki, respublikamızda qısa müddətdə güclü müdafiə sənayesi qurulub. Hazırda Ordumuzun silah-sursatla təchizatının müəyyən hissəsi daxili istehsal hesabına qarşılanır. Prezident İlham Əliyev məhz Silahlı Qüvvələrimizin gücünə istinad edərək həmişə deyirdi ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli var. Düzdür, Azərbaycan Prezidentinin bu yanaşmasına etiraz edənlər də tapılırdı, bildirilirdi ki, münaqişə ancaq danışıqlar prosesi ilə nizamlanmalıdır. Zaman göstərdi ki, Azərbaycan Prezidentinin yanaşmasının alternativi yoxdur. Ölkəmiz üç onillik ərzində davam edən münaqişənin həllinə məhz öz Ordusunun gücü ilə nail oldu. Azərbaycanın Silahlı Qüvvələri 44 gün ərzində düşmənə layiqli dərs verdi və onun hərbi birləşmələrini darmadağın etdi. Düşmən noyabrın 8-də Şuşada sarsıdıcı məğlubiyyətə uğradıqdan, ertəsi gün isə daha 70-dən çox yaşayış məntəqəsində mövqelərini itirdikdən sonra dərk etdi ki, daha müharibəni davam etdirməyin heç bir mənası yoxdur və noyabrın 10-da kapitulyasiya aktına imza atmaq məcburiyyətində qaldı.
Ermənistanın işğalçılıq siyasəti bölgədə təhlükəsizliyə ciddi təhdidlər yaradırdı. Respublikamızın Vətən müharibəsində qazandığı parlaq qələbə sayəsində bu təhlükə aradan qaldırılıb. Prezident İlham Əliyevin təbirincə desək, bölgədə təhlükəsizliyin qarantı Azərbaycan Ordusudur. Dövlət başçımız bəhs olunan müraciətində çağırış edərək “Bizim vəzifəmiz ondan ibarətdir ki, erməni faşizmi bir daha bu bölgədə baş qaldırmasın”, - deyə vurğulayıb.
İnnovativ vasitələrdən səmərəli istifadə edilməsi Vətən müharibəsində müzəffər Ordumuzun üstünlüyünü şərtləndirən əsas amillərdən idi. Ermənistan ordusunun sağ qalan əsgər və zabitləri etiraf edirlər ki, Dağlıq Qarabağın səmasında havaya qaldırılan pilotsuz döyüş aparatları, kamikadze dronlar, o cümlədən də yerli istehsal olan “Zəfər”, “İti qovan” PUA-ları onlar üçün, sözün əsl mənasında, ölüm kabusuna çevrilmişdi və bu texnikaların səsi gələndə hər kəs başını gizlətməyə yer axtarırdı. Ermənistan ordusunun hava hücumundan müdafiə qüvvələri belə müasir döyüş aparatlarını zərərsizləşdirməkdə aciz idilər.
Mübariz ABDULLAYEV
- Oxunub: 3570 |
- Tarix: 18-12-2020 |
-
Çap et |