“ATƏT-in Minsk qrupunun 28 il ərzində fəaliyyəti heç bir konkret nəticə verməyib. Azərbaycan münaqişəni öz gücünə həll edib”. Bu fikri qəzetimizə açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev deyib.
Təmraz Tağıyev bildirib ki, Azərbaycan 30 ilə yaxın bir müddətdə münaqişənin dinc yolla həlli üçün bütün imkanlardan istifadə etməyə çalışsa da, məhz Minsk qrupunun səmərəsiz fəaliyyəti, Ermənistanın qeyri-konstruktiv mövqeyi uğur əldə olunmasına imkan vermədi. Onun sözlərinə görə, əgər həmsədrlər, həqiqətən də, münaqişənin ədalətli, beynəlxalq hüququn normaları çərçivəsində həllində maraqlı olsaydılar, işğalçı ölkəyə qarşı təzyiqlər göstərilməsi, sanksiyalar tətbiq olunması istiqamətində konkret təkliflərlə çıxış edə bilərdilər. Lakin biz bu müddətdə həmsədrlərin təcavüzkara qarşı tamamilə loyal münasibətini müşahidə etdik. Azərbaycan torpaqlarının işğalı faktına qarşı heç bir etiraz bildirilmədi. Təəssüf ki, bu da Ermənistanı işğalı davam etdirməyə həvəsləndirən əsas amillərdən biri oldu.
Rayon təşkilatının sədri qeyd edib ki, 44 günlük Vətən müharibəsinin nəticələri regionda tamamilə yeni reallıqlar yaradıb. Bu müharibə yalnız hərbi-siyasi baxımdan deyil, geosiyasi və iqtisadi kontekstdə də yeni situasiya formalaşdırıb. Azərbaycan müharibədə qalib gəlməklə, cənab Prezidentin də qeyd etdiyi kimi, regionda yeni təhlükəsizlik formatı yaradılmasına nail olub. Eyni zamanda, yeni iqtisadi əməkdaşlıq perspektivləri yaranıb. Kommunikasiyaların açılması, çoxtərəfli iqtisadi əlaqələrin qurulması regionun həyatında yeni bir mərhələnin başlaması demək olacaq.
T.Tağıyev söyləyib ki, yeni reallıqlar bölgədə yaşayan bütün xalqların həyatında ciddi dəyişikliklərə səbəb ola bilər: “Həyata keçiriləcək layihələr region ölkələrinin və xalqlarının rifahına əhəmiyyətli töhfələr verəcək. İndi ən əsas məsələlərdən biri bütün ölkələrin, o cümlədən Ermənistanın və erməni xalqının yeni reallığın çağırışlarını düzgün qiymətləndirməsidir”.
- Oxunub: 2160 |
- Tarix: 18-12-2020 |
-
Çap et |