“Şanlı qələbəmizdən bir ay sonra paytaxt Bakıda Zəfər paradının keçirilməsi tarixi hadisə idi. Qalib Azərbaycan dövlətinin, onun dövlət başçısının və ordusunun belə bir şanlı parad keçirməyə mənəvi haqqı çatırdı. Bu parad Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasət nəticəsində əldə edilmiş böyük uğurun növbəti təcəssümü idi”. Bu fikirləri qəzetimizə açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov deyib.
Vüqar Seyidovun sözlərinə görə, Zəfər paradı zamanı tribunanı Azərbaycan dövlət bayrağı ilə yanaşı, Türkiyənin də dövlət bayrağının bəzəməsi bu paradın xüsusi cəhətlərindən biri idi: “İstər paradda, istərsə də paraddan sonra keçirilən tədbirlərdə iki ölkə arasında dostluq və qardaşlıq əlaqələrinin sarsılmazlığının bir daha nümayiş olunması düşmənə növbəti mesaj idi”.
Rayon təşkilatının sədri deyib ki, Azərbaycan Prezidenti tərəfindən müharibədə fərqlənən hərbçilərə ali hərbi rütbələrin verilməsi, onların orden və medallarla təltif edilməsi, şəhid ailələrinin və qazilərin sosial problemlərinin dövlət tərəfindən təminatı ilə yanaşı, ictimai və milli birliyi təmin etmək üçün “YAŞAT” fondunun yaradılması Vətən müharibəsi iştirakçılarına dövlət dəstəyinin və qayğısının bariz nümunəsidir.
“Paraddan dərhal sonra Bakıya gələn ATƏT-in Minsk qrupunun ABŞ və Fransadan olan həmsədrlərini qəbul edərkən dövlət başçısı qəti şəkildə bildirdi ki, Azərbaycan öz qüdrəti sayəsində münaqişəni hərbi-siyasi yolla həll edib. Düşmənin son təxribatlarına toxunan dövlət başçısı qeyd edib ki, işğalçı Ermənistan tərəfindən belə cəhdlər olarsa, Azərbaycanın dəmir yumruğu onların başını əzəcək. Hesab edirəm ki, düşmən təxribat cəhdləri əvəzinə Azərbaycan və Türkiyə ilə əməkdaşlıq haqqında düşünməlidir. Bu onların bir dövlət və millət kimi bundan sonrakı inkişafları üçün yeganə fürsətdir”, - deyə V.Seyidov bildirib.
- Oxunub: 4140 |
- Tarix: 18-12-2020 |
-
Çap et |