“ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi və funksional olmaması, real olaraq problemin həllində heç bir müsbət irəliləyişə yol açmadığı Azərbaycan cəmiyyətinə yaxşı bəllidir. Əslində, bunu beynəlxalq aləm də bilir. Sadəcə olaraq, ATƏT-in Minsk qrupunun həmsədrlik institutu illərdir ki, status-kvonun saxlanılmasına xidmət edir. Bununla yanaşı, ermənilərin ölkəmizə qarşı yeni təxribatları və iddiaları da bu təşkilat tərəfindən sükutla qarşılanırdı. Nəticə etibarilə, bu gün Azərbaycan hərbi yoldan istifadə etməklə torpaqlarını işğaldan azad etdi. Bununla da hərb yolunun olduğu hər kəs üçün də bəlli oldu”.
Bu fikirləri qəzetimizə açıqlamasında Ağ Partiyasının sədri Tural Abbaslı deyib.
Onun sözlərinə görə, hazırda ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfəri, müxtəlif mövzularla bağlı bəyanatlar vermələri dolayısı ilə prosesdən kənarda qalmış qurumun növbəti faydasız addımıdır: “Müharibə bitdikdən sonra onlar anlamağa başladılar ki, artıq regiona təsir imkanlarını tam itiriblər. Hazırkı dövrdə isə onlar yalnız acizanə şəkildə prosesə yenidən daxil olmaq istəyirlər. Prezident İlham Əliyev Azərbaycanın reallığa əsaslanan haqlı və ədalətli mövqeyini qəti, birmənalı şəkildə ifadə etdi. ATƏT-in Minsk qrupu da anlamalıdır ki, artıq regionda yeni siyasi reallıqlar yaranıb”.
PƏRVİZ
- Oxunub: 2250 |
- Tarix: 18-12-2020 |
-
Çap et |